Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:46

Kirayə verməyə iki ev alıb aldanan futbolçu


Bina
Bina

«Tikintisi davam edən binalardan almadıq ki, bizi aldadarlar. Bu bina hazır idi, hətta aldığımız mənzildə kirayənişin də vardı. Dedik ki, oğlumun toyuna qədər təmir edəcəyik. Gəldi, bu da belə oldu. Bu hadisədən sonra uşağımın nişanını da qaytardılar», – Mətanət Həmidova məhkəmədə bunları danışa-danışa ağlayır.

O da Bakıda son illərdə mənzil dələduzluğunun qurbanı olmuş yüzlərlə zərərçəkəndən biridir. Konkret M.Həmidovanın zərərçəkən statusunda tanındığı cinayət işi üzrə onun özündən başqa daha 57 nəfər aldadılan var. Bu adamlara qarşı dələduzluğa görə isə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub – Çingiz BağırovEynur Xudiyev. CM-in 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) və 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələriylə ittiham olunan bu iki nəfərin işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Zərərçəkənlər arasında Azərbaycan milli komandasının futbolçusu Rahid Əmirquliyev də var. O, Yasamalda «Bakı» Mənzil-Tikinti Kooperativinin inşa etdiyi hazır binadan iki mənzil alıb, amma sonradan məlum olub ki, həmin evlər başqasının imiş.

3 ay kirayə pulu da ödənib

«Yasamaldakı binalarla maraqlandım. «Bakı» tikinti şirkətinin elanlarını gördüm. Gedib mənzillərə özüm də baxmışdım. Mənzillərdə kirayənişinlər var idi. Onsuz mən də evləri alıb kirayə verəcəkdim. Ona görə dedim ki, kirayə qalanları çıxarmasınlar. Eynur üç ay mənə kirayə pulu ödədi. Hər ay 550 manatdan...», – məhkəmədə zərərçəkən qismində dindirilən futbolçu belə deyib.

Hər iki mənzilin pulunu (150 min manatdan çox) tam ödədiyini deyən R.Əmirquliyev aldadılmasına görə tikinti kooperativinin rəhbəri Emil Məhərrəmovu günahlandırır. Deyir ki, mənzilləri ondan alıb, pulu da ona verib: «İndi də ondan şikayətçiyəm».

Təqsirləndirilən şəxslərdən E.Xudiyev də şirkətin rəhbərini ittiham edir. Məhkəmədə deyib ki, bu işlərin başında E.Məhərrəmov dayanır, ancaq nədənsə onu məsuliyyətə cəlb etməyiblər.

Zərərçəkən M.Həmidova da mənzilə baxmağa gələndə ona evdəki adamların kirayənişin olduğu deyilib. O mənzili almaqdan ötrü 103 min manat pul verdiyini deyən M.Həmidova da oğlu üçün evi təmir etdirənə qədər onu kirayə vermək istəyib. Ona görə mənzildən yaşayanların çıxmasını istəməyib: «Sonra məlum oldu ki, ev başqalarına da satılıb. Oğlumun 29 yaşı var. Biz çox çətin haldayıq. Nə edəcəyimizi bilmirəm. Xahiş edirəm, bizə kömək edin».

Təqsirləndirilən E.Xudiyev M.Həmidovanı aldatdığını təsdiqləyib. Bildirib ki, yalan danışıb və qadına mənzilin öz adına olduğunu deyərək onu yenidən M.Həmidovaya satıb.

Daha bir zərərçəkən Xalidə Hüseynova deyir ki, Bakı Şəhər İcra Hakimiyyətinin işçisi olub. Həmin binada aldığı mənzili kirayə vermək istəyib, şirkətin işçilərindən olan Eynurla bu barədə danışıb: «Elə Eynura kirayə verdim. Bir müddət sonra gəlib gördüm ki, evimdə başqa bir ailə yaşayır. Eynur açarı onlara veribmiş. Mənə özlərini ev sahibi kimi təqdim elədilər. Dedilər ki, Eynur bu mənzilin onun özünün olduğunu deyib və satıb. Onları çətinliklə evdən çıxartdım».

Bu iş üzrə məhkəmə araşdırmaları davam edir.

Cinayət Məcəlləsində bir qrup şəxsin əlbir olub dələduzluq etməsinə görə 4-7 min manat cərimə, 3 ilə qədər azadlığın məhdudlaşdırılması və 2 ildən 5 ilə qədər həbs nəzərdə tutulub. Bu əməl adamlara xüsusilə külli miqdarda (500 min manatdan yuxarı) ziyan vurmaqla törədildikdə isə, cəzası 10 ildən 14 ilə qədər həbsdir.

XS
SM
MD
LG