Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:55

Serebrennikov müharibəni pisləyir


Kiril Serebrennikov
Kiril Serebrennikov

Kannda incəsənət direktoru Tier Fremo deyib ki, “Çaykovskinin arvadı”nı festivala salıb-salmamağı çox götür-qoy ediblər

Rusiyalı rejissor Kiril Serebrennikov mayın 18-də Kann Film Festivalında Ukraynadakı müharibəni pisləyib. O, festivalda “Çaykovskinin arvadı” filminin premyerasından sonra çıxış edib.

“Müharibəyə yox deyirəm”, – Serebrennikov rusca deyib. “Çaykovskinin arvadı” festivalın “Qızıl Palma” mükafatına təqdim edilmiş 21 nominant arasında rusiyalı rejissor tərəfindən çəkilmiş yeganə filmdir.

“Hər iki tərəf üçün faciədir”

Serebrennikov Kannda mətbuat konfransına “FaceTime”ıa qoşulub, Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə edib. O daha sonra “AP”yə deyib ki, film və pyeslərin hazırlanmasına “müharibəyə qarşı böyük, nəhəng bəyanat” kimi baxır.

Martda Rusiyadan qaçmış Serebrennikov hətta fevralın 23-də, işğal başlamazdan bir gün əvvəl deyirdi ki, Ukraynada müharibənin olacağına inanmır. Amma bu baş verdi.

“Mənim vətənim başqa bir ölkəni dağıtdı. Bu çox ağrılıdır, çox kədərlidir. Bütün insanlar, Avropa, hər iki tərəf üçün faciədir”, – o deyib.

Onun sözlərinə görə, çox adam “heç nə deyə bilmir və bəzən gücsüzlük, danışa bilməmək daha ağrılıdır”.

Film festivala asanlıqla düşməyib

Kannda incəsənət direktoru Tier Fremo deyib ki, “Çaykovskinin arvadı”nı festivala salıb-salmamağı çox götür-qoy ediblər. Bu filmi qismən sanksiyalar altında olan rusiyalı oliqarx Roman Abramoviç maliyyələşdirib.

Təşkilatçıların filmin Rusiya dövlətinin dediyinin əksini göstərdiyini, müharibədən və sanksiyalardan əvvəl çəkildiyini nəzərə alaraq onu müsabiqəyə buraxıb.

Filmdə rusiyalı bəstəkar Pyort Çaykovskinin gənc qadınla nikahının məhvindən söz açılır.

19-cu əsrdə yaşamış Çaykovski narahat, xarizmatik dahi olub, kişilərin kampaniyasına üstünlük verib. Bu isə məşhur bəstəkarın homoseksuallığını gizlətməyə çalışan Rusiya təbliğatına ziddir.



Məhkəmə Serebrennikovun üç illik şərti cəzasını ləğv edəndən sonra o ölkədən gedib. Kinorejissor siyasi motivli hesab olunan mənimsəmə ittihamları ilə təqsirli bilinmişdi.

Bu iş beynəlxalq diqqət çəkib, Rusiya hakimiyyəti Prezident Vladimir Putin və hökumətindən fərqli düşünən incəsənət adamlarını hədəfə almaqda suçlanıb.

Serebrennikov Rusiya hökumətinə qarşı etirazlara çıxır, Pravoslav Kilsəsinin artan nüfuzundan narahatlıq bildirirdi.

Müharibə mövzusu

Müharibə festivalın əsas mövzusudur. Ukrayna Prezidenti Volodimir Zelenski mayın 17-də açılış mərasiminə Kiyevdən videobağlantı ilə qatılıb.

Münaqişə haqda ötən ay Ukraynada öldürülmüş litvalı rejissor Mantas Kvedaravicius-un çəkdiyi “Mariupolis 2” sənədli filmi xüsusi nümayişi keçirilib.

Festivalda ukraynalı rejissorlara xüsusi bir gün ayrılıb. Ölkənin ən perspektivli rejissorlarından olan Sergey Loznitsanın 2-ci Dünya müharibəsində Almaniyanın şəhərlərinin bombalanması haqda “Dağıntının təbii tarixi” (The Natural History of Destruction) adlı filmi nümayiş olunacaq.

XS
SM
MD
LG