Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:43

Kissincer: Rusiyanın müdaxiləsi Ukraynanın NATO üzvlüyünə əsas verir


99 yaşlı keçmiş dövlət katibi Henri Kissinger
99 yaşlı keçmiş dövlət katibi Henri Kissinger

ABŞ-ın qocaman dövlət xadimi Henri Kissincer (Henry Kissinger) yanvarın 17-də Davos forumunda Ukrayna müharibəsi barədə danışıb.

Onun sözlərinə görə, Rusiyanın müdaxiləsi göstərdi ki, Ukraynanı NATO-dan kənarda saxlamağın artıq heç bir mənası yoxdur.

Kissincer bundan əvvəlki çıxışlarında Ukrayna məsələsində Rusiya ilə razılaşmalara, Moskvaya təhlükəsizlik qarantiyalarının verilməsinə çağırırdı.

99 yaşlı keçmiş dövlət katibi və realpolitikanın həvarilərindən biri olan Kissincer bundan əvvəl Ukrayna müharibəsində atəşkəsə çağırış etmişdi. Onun bu çağırışına əməl olunsaydı, Rusiya Ukraynada qəsb etdiyi torpaqlardan bəzilərinə sahiblənə biləcəkdi.

Lakin Davos forumunda videobağlantı ilə çıxış edən siyasətçi yanvarın 17-də deyib ki, Ukraynanın NATO üzvlüyünə qəbul edilməsi bu müharibənin tamamilə məntiqi nəticəsi sayıla bilər:

"İndiki şəraitdə Ukraynanın neytral olmasının artıq heç bir mənası yoxdur”.

Finlandiyanın baş naziri Sanna Marin də yanvarın 17-də Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib ki, əgər Ukrayna NATO üzvü olsaydı, indi heç bir müharibə olmazdı.

O əlavə edib ki, onun ölkəsi və İsveç elə bu səbəbdən NATO üzvlüyü üçün müraciət ediblər:

"Biz NATO üzvü olmaq istəyirik, çünki biz Finlandiyada bir daha müharibə olmasını istəmirik. Biz bundan əvvəl Rusiya ilə müharibədə olmuşuq”.

ABŞ və Ukrayna baş komandanları Polşada gizli görüşüblər

Ukrayna silahlı qüvvələrinin ölkənin şərqində Rusiyanın aramsız hücumlarını dəf etdiyi bir vaxtda ABŞ-ın ən yüksək rütbəli hərbçisi və Ukraynanın hərbi komandanları Polşanın cənub-şərqində məxfi bir məkanda görüşüblər.

Kiyev hazırda Rusiyanın intensiv hücumlarının qarşısının alınması üçün Qərbdən və ABŞ-dan ona daha çox silah verilməsini istəyir.

ABŞ hərbiyyəsinin sözçüsü bildirib ki, ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin başçısı, ordu generalı Mark Mili (Mark Milley) yanvarın 17-də Polşanın Ukrayna ilə həmsərhəd bölgəsindəki hərbi bazada Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə görüşüb.

İki sərkərdə göz-gözə

The Washington Post və başqa media qurumları bildirirlər ki, ABŞ-ın hərbi nümayəndə heyətinə tərcüməçi və təhlükəsizlik komandası ilə yanaşı daha 5 yüksək rütbəli zabit daxildir.

Bu da qeyd olunur ki, bu görüş barədə məlumat təhlükəsizlik mülahizələri ilə yalnız o başa çatandan sonra verilib.

ABŞ hərbiyyəsinin sözçüsü, polkovnik Deyvid Batler (David Butler) deyib:

"Onların hər ikisi düşündülər ki, bu çox vacibdir. Çox vacibdir ki, iki ən mühüm hərbi rəsmi çox mühüm məsələlərdən danışarkən göz-gözə baxa bilsinlər”.

Bu da qeyd olunur ki, Mili və Zalujnı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan bəri dəfələrlə telefonda danışıblar.

Zalujnı bu görüşün baş tutduğu barədə Twitter hesabından yazıb.

O qeyd edib ki, general Mili ilə görüşü zamanı Birləşmiş Ştatlara və başqa müttəfiqlərə dərin minnətdarlığını ifadə edib.

XS
SM
MD
LG