Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:50

İqtisadiyyatın üzərindən 'kölgəni' götürmənin yolları


arxiv foto
arxiv foto

Azərbaycan Vergilər Nazirliyi ölkədə " kölgə iqtisadiyyatı" ilə mübarizənin gücləndirildiyini açıqlayıb.

Bəs görəsən indi Azərbaycanda " kölgə iqtisadiyyatı"nın həcmi nə qədərdir, doğurudandamı onunla mübarizə gücləndirilib və ekspertlər bu sahədə vəziyyəti necə deyərləndirirlər?

“Fərqli rəqəmlər var...”

Vüqar Bayramov
Vüqar Bayramov

İqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov “kölgə iqtisadiyyatı”nın həcmi barədə müxtəlif rəqəmlərin olduğunu söyləyib:

“Nəzərə alsaq ki, beynəlxalq təşkilatların, Azərbaycan hökumətinin Dövlət Statistika Komitəsinin (DSK) elan etdikləri rəqəmlər arasında fərq var. Rəsmi məlumatlarda “kölgə iqtisadiyyatı”nın payı 7 faiz civarında göstərilir. Beynəlxalq qurumların hesabatlarında fərqli rəqəmlər var, son məlumatlarda rəqəm 25 faiz ətrafındadır. Xüsusən də nəzərə alsaq ki, “kölgə iqtisadiyyatı”nın ümumi daxili məhsulda (ÜDM) da payı fərqli qurumlar tərəfindən araşdırılır, metodologiyalar fərqlidir. Beynəlxalq qurumlar araşdırmalarını yalnız rəsmi statistika vasitəsilə hazırlamırlar, həm də müstəqil mənbələrdən də istifadə edirlər”.

​Gürcüstan təcrübəsi

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Amma iqtisadçı-professor Nazim Bəydəmirli düşünür ki, “kölgə iqtisadiyyatı”nın payı 80 faizə yaxındır:

Gürcüstanda islahatlar başlayan zaman “kölkə iqtisadiyyatı”nın həcminə görə ilk 3 ölkə sırasında idi, indi isə ən şəffaf 10 ölkə sırasındadır. Buna Dövlət Sosial Müdafiə Fondunu, Dövlət Gömrük Komitəsini ləğv etməklə və 20 faiz "sosial vergi" tətbiq olunmaqla nail olundu. Təbii ki, əsas da inhisarçılığa, məmur sahibkarlığına son qoyulmaqla”.

“Gəlir vergisinin növbəti 7 ildə praktik olaraq ləğv olunması...”

Vüqar Bayramov-un qənaətincə, Vergilər Nazirliyinin həyata keçirdiyi islahatlar, xüsusən Vergi Məcəlləsinə edilən dəyişikliklər daha çox qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına yönəlib:

“ Etiraf edilməlidir ki, gəlir vergisinin növbəti 7 ildə praktik olaraq ləğv olunması qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına xidmət edir. Çünki əvvəlki dövrlərdə əmək müqavilələri ona görə bağlanmırdı ki, gəlir vergisi yüksək idi və işə götürənlər də müqavilə bağlamaqda maraqlı deyildilər”

Manat və dollar
Manat və dollar

​“Bu qədər məmur sahibkarlığının və inhisarçılığın olduğu dövrdə...”

Nazim Bəydəmirli-nin fikrincə, Vergilər Nazirliyinin rəhbərliyi dəyişdikdən sonra vergi ödəyiciləri ilə bağlı həm maarifləndirici, həm də vergi inzibatçılığı müasirləşib. O, hesab edir ki, məsələyə Azərbaycan reallığından yanaşılmalıdır:

“Bu qədər məmur sahibkarlığının və inhisarçılığın olduğu dövrdə “kölgə iqtisadiyyatı”nın qısa müddətdə aradan qaldırılması qeyri-mümkündür. Bunun üçün çox ciddi struktur islahatlarına ehtiyac var”

“Qısa zamanda “kölgə iqtisadiyyatı”nın aradan qaldırıması mümkün deyil”​

Vüqar Bayramov da “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasının zaman tələb etdiyini bildirir:

“Bu, yalnız gömrük və vergi islahatları ilə bağlı deyil, həm də digər sektorlarda islahatların həyata keçirilməsini tələb edir. Ona görə qısa zamanda “kölgə iqtisadiyyatı”nın aradan qaldırıması praktik olaraq mümkün deyil. “Kölgə iqtisadiyyatı”nın azaldılması istiqamətində səylərin davam etdirilməsinə ehtiyac var. Amma bütün hallarda “kölgə iqtisadiyyatı”nın payını müəyyənləşdirən zaman beynəlxalq təşkilatların rəyinə və onların qiymətləndirilməsinə daha çox diqqətin ayrılmasına ehtiyac var ”.

​ “ Borclar silinməlidir”

Nazim Bəydəmirli “kölgə iqtisadiyyatı”nı yaradan səbəblərə də toxunur:

“Ümumiyyətlə, köklü səbəb Dövlət Sosial Müdafiə Fondunun (DSMF) idarə edilməsindəki problemlərdə axtarılmalıdır. Təsəvvür edin ki, əməkhaqqından tutulan vergi və sığorta haqqı ümumilikdə 40 faiz təşkil edir. Hökumət bu problemi köklü həll etmək üçün “sosial vergi” tətbiq etməklə, onu 20 faiz edə bilərdi, yarısı işçidən, yarısı da işə götürəndən tutulmaqla. DSMF-ni tamam ləğv etməklə dövlətin idarəetmə xərclərini azaltmaq olardı, həm də maaşı kölgədən çıxartmaq mümkün idi. Düzdür, əməkhaqqından tutulan sosial sığorta haqqının toplanmasının səlahiyyətlərinin2019-cu ildən Vergilər Nazirliyinə verilməsi müsbətdir. Amma yetərli deyil, çünki köhnə strukturlar yenə də qalır. 2003-cü ildən Dövlət Sosial Müdafiə Fonduna verilən dotasiyalar artmaqda davam edir. Problem ondadır ki, pensiyaların təkmilləşdirilməsi ilə bağlı 2005 -2015-c illəri əhatə edən dövlət proqramı yerinə yetirilməmiş qaldı, özəl pensiya fondları yaradılmadı, dövlət büdcəsindən olunan transfertlər azalmadı, əksinə artı. O baxımdan 8000 manata qədər əməkhaqqdan gəlir vergisinin tutulmaması ilə bağlı qanunvericiliyin dəyişdirilməsi müsbətdir, amma bu da əsas problem aradan qaldırmır. Hesab edirəm ki, əvvəlki illərdə xroniki olaraq DSMF qarşısında yaranmış bütün borclar, yəni özəl sektorun 2019-cu il yanvarın 1-nə kimi ödənilməmiş borcları silinməlidir, belə demək mümkünsə sahibkarlıqla Vergilər Nazirliyi yeni şəffaf səhifədən başlamalıdırlar. Çünki Vergilər Nazirliyi avtomatik olaraq həmin müəssisələrin bank hesablarına əvvəlki borcları yığmaq üçün sərəncamlar göndərir. Bu da müəssisələrin yenə də kölgədə qalmağına şərait yaradır. Yəni bank hesabı bağlıdırsa, nə cür əməliyyatlar keçirmək olar? Bu problem qlobal olaraq həll olunmayıbsa, ilkin addım kimi sosial sığorta haqlarının əvvəlki illərdə yaranmış borcları barədə qərar qəbul edilməlidir”.

​İqtisadçı xatırladıb ki, Gürcüstanın “kölgə iqtisadiyyatı” nı necə aradan qaldırdığı təcrübəsi öyrənilməli və tətbiq olunmalıdır:

“Yəni Dövlət Sosial Müdafiə Fondu və Gömrük Komitəsi ləğv edilib Vergilər Nazirliyinə tabe olunmalıdır. Çünki toplanan vergilərin əhəmiyyətli hissəsi idxaldan yığılanəlavə dəyər vergisi (ƏDV) və aksiz vergilərdir. Ona görə “sosial vergi” tətbiq etməklə yanaşı həm də institusional, struktur islahatları aparılmalıdır”.

XS
SM
MD
LG