Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:31

Pandemiya dövründə alkoqoldan istifadə artıb


Alkoqol
Alkoqol

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) alkoqol istifadəsi ilə bağlı OECD də daxil, Avropa Birliyi və G20 ölkələrindən ibarət toplam 52 ölkəni əhatə edən araşdırma aparıb. Araşdırmanın nəticələri dünyada normadan çox alkoqol istifadəsinin gələcək fəsadlarına diqqət çəkib. Qeyd edilir ki, qarşıdakı 30 il içində təxminən 1 milyon 100 min insan normadan artıq alkoqol qəbul etməsi ucbatından ölə bilər. Belə aşırı istifadənin həmin ölkələrdə gözlənilən orta ömür uzunluğunu təxminən 1 ilədək azaldacağı düşünülür. Almaniya və Avstriya kimi ölkələrdə bu rəqəm hətta ilyarıma bərabərdir.

Bunları nəzərə alan qurum ölkələrə normadan artıq alkoqol istifadəsinin törədəcəyi fəsadlara qarşı siyasət mexanizmləri formalaşdırmağı tövsiyə edib. Alkoqol ucbatından yaranan xəstəliklərin müalicəsinə xərclənən vəsait toplam səhiyyə xərclərinin 2.4 faizinə yaxındır. Araşdırmada hansı həddə alkoqol istifadəsinin normadan artıq kimi qəbul edildiyi bildirilib. Qadınların gündə 12 qramdan, kişilərinsə 18 qramdan çox istifadə etdiyi saf alkoqol miqdarı normadan artıq sayılır. Qurumun təsnifinə görə, həmin göstəricilər, müvafiq olaraq, 20 və 40 qrama çatdıqda belə şəxslər "içki düşkünü" kateqoriyasına aid edilir.

Alkoqoldan istifadənin ən az olduğu üç ölkədən biri Türkiyədir

Araşdırma nəticəsində müəyyənləşdirilib ki, OECD ölkələrində ildə ortalama adambaşına 10 litr saf alkoqol içilir. Daha bir diqqətçəkən rəqəm yetişkin yaşlıların 30 faizinin, ən azı, ayda bir dəfə normadan çox alkoqol qəbul etməsidir. Bütövlükdə OECD ölkələrində əhalinin 3.7 faizinin spirtli içki aludəliyi müəyyənləşdirilib. Bəzi ölkələrdə həmin rəqəm 10 faizədək yüksəlir. OECD ölkələri arasında adambaşına düşən saf alkoqol istehlakına görə ilk üç yeri Latviya, Avstriya və Çexiya tutur. Adambaşına düşən alkoqol istifadəsinin ən az olduğu üç ölkə isə İsrail, Türkiyə və İndoneziyadır.

Pandemiya və onun gətirdiyi karantin rejimi də içki istehlakına təsirsiz ötüşməyib. Araşdırma çərçivəsində 11 ölkəni əhatə edən sorğuda müəyyən olunub ki, spirtli içki içənlərin 43 faizi karantin rejimində daha çox spirtli içki qəbul etməyə başlayıb. Sorğuya qatılanların 25 faizi həmin müddətdə daha az spirtli içki içdiyini, 32 faizi isə bu baxımdan dəyişikliyin baş vermədiyini bildirib. Araşdırma nəticəsində spirtli içki istehlakı ilə gəlir səviyyəsi arasında da bağlantı gözə çarpıb. Daha yüksək gəlir qrupuna daxil olan insanların alkoqollu içki istifadəsi də nisbətən yüksəkdir.

Azərbaycanda durum necədir?

OECD-nin araşdırması Azərbaycanı əhatə etməsə də, statistik göstəricilər Azərbaycanda da alkoqollu içki istehlakının yetərincə böyük dövriyyəsini göz önünə sərir. Azərbaycanda ən çox pul xərclənən spirtli içki pivədir. 2018-ci ilin göstəricilərinə görə, ölkədə il ərzində alkoqollu içkilərə toplam 361 milyon 700 min manata yaxın pul xərclənilib. Həmin vəsaitin 165.5 milyon manatı, yəni 46 faizi pivə alışına sərf edilib. Araq almağa xərclənən vəsaitin həcmi isə 147 milyon manata, yəni alkoqollu içkilərə xərclənən xərclərin 41 faizinə bərabər olub. Daha 35 milyon manat (10 faiz) şərab məhsullarına sərf edilib.

Pivə iki dəfə bahalaşıb

Azərbaycanda spirtli içkilərlə bağlı diqqətçəkən daha bir məqam həmin məhsulların son illərdə ən çox bahalaşan məhsullar arasında olmasıdır. Sonuncu rəsmi rəqəmlərə görə, bu ilin mayında Azərbaycanda pivənin yarım litrinin orta qiyməti 2 manat 29 qəpik olub (yerli pivələrdə 1.78 manat, xarici pivələrdə isə 2.95 manat) Halbuki, beş il öncə pivənin orta qiyməti cəmi 1 manat 19 qəpik, yəni indikindən təxminən iki dəfə ucuz idi. Təkcə bu il pivənin qiymətindəki artım, az qala, 12 faizə çatır.

Eyni hal digər spirtli içki növlərində də gözə çarpır. 2016-cı ilin əvvəlində Azərbaycanda 0.5 litr arağın orta qiyməti rəsmi rəqəmlərə görə 4 manat 12 qəpik idisə, indi 8 manat 40 qəpiyə yüksəlib.

Cədvəl: 2015-2021-ci illərdə Azərbaycanda spirtli içkilərin orta qiyməti (manatla)

2015

2016

2017

2018

2019

2020

2021 (aprel)

Pivə (0.5 litr)

1,19

1,34

1,63

1,79

1,88

2,05

2.29

Araq (0.5 litr)

4,12

4,78

6,00

6,54

7,46

7,95

8,40

Süfrə şərabı (0.7 litr)

2,87

3,16

5,43

6,15

7,02

7,22

8,68

Şampan şərabı (0.75 litr)

4,21

4,72

6,18

6,13

6,83

6,94

7,85

Brendi (konyak, 0,5 litr)

5,53

7,38

9,19

9,91

13,40

14,57

14,26

Və... xoş rəqəmlər

Son illərdə ölkədə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan alkoqolizm və alkoqol psixozu ilə xəstələnənlərin sayında azalma müşahidə edilir. 2019-cu ilin məlumatına görə, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan alkoqolizm və alkoqol psixozu ilə xəstələnənlərin sayı 16 min 387 nəfər olub. Halbuki, 2018-ci ildə bu göstərici 20 min 401, 2017-ci ildə isə 21 min 364 nəfərə bərabər idi.

XS
SM
MD
LG