Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 15:47

COVID-19-dan sağalandan sonra nə olur?


Yeni elmi araşdırmadan məlum olub ki, koronavirusa yoluxarkən iy və dadbilmə hissiyatını itirənlərin 90 faizində bu hissiyyatlar təxminən bir aydan sonra bərpa olunur.

Lakin İtaliya həkimlərinin apardığı tədqiqat göstərib ki, COVID-19-dan sağalanların 49 faizində bu hisslər tam, 40 faizində isə qismən qayıdır.

Bununla belə, xəstəlikdən sağalanların 10 faizində simptomlar qalır və hətta daha da pisləşir.

Hazırkı pandemiyanın miqyasını nəzərə alan alimlər bildirirlər ki, yüz minlərlə insan koronavirusun simptomlarından daha uzun müddətdə əzab çəkməli olacaq.

BBC yazır ki, dadbilmə və iybilmənin dəyişməsi və yaxud tamamilə itməsi koronavirusa yoluxmanın əsas simptomlarından biri kimi qəbul edilib.

Britaniya Milli Səhiyyə Sisteminin tövsiyələrinə görə bu simptomları özlərində hiss edənlər və onların ailə üzvləri dərhal təcrid olunmalı və test verməlidirlər.

Simptomlar xəstəliyin ağırlıq dərəcəsi ilə bağlıdır

Beynəlxalq həkimlər qrupu koronavirusa yoluxmanı nisbətən yüngül keçirən və xəstəxanaya getməyən 187 italiyalı pasient üzərində müşahidə aparıblar.

Onlardan COVID-19 diaqnozu qoyulduqdan dərhal sonra və bir ay sonra öz iybilmə qabiliyyətlərini yoxlamaq rica olunmuşdu.

Pasientlərdən 113-ü özlərində iy və dadbilmə qabiliyyətinin dəyişməsini müşahidə etmişdilər.

Onlardan:

55-i hisslərin tam qayıtdığını;

46-sı nəzərçarpacaq dərəcədə yaxşılaşdığını;

12 – si isə simptomların qaldığını, yəni iy və dadbilmənin bərpa olunmadığını bildirmişdilər.

Alimlər buna da fikir veriblər ki, xəstəliyi aşkar simptomlarla keçirənlərin sağalmasına daha çox vaxt lazım gəlir.

Mümkün elmi izah

Bu tədqiqat qrupunun üzvlərindən biri – Britaniya Rinoloqlar Cəmiyyətinin prezidenti, doktor Claire Hopkins deyib ki, alimlər komandası bu istiqamətdə araşdırmalarını davam etdirir:

"Başqa viruslu xəstəliklərə yoluxmaların müşahidəsi göstərir ki, adamların əksəriyyəti kifayət qədər tez sağalır, amma onların kiçik bir qismində bu proses bir xeyli uzana bilər”.

Doktor Hopkins ehtimal edir ki, koronavirusdan tez sağalanlarda virus yalnız burunun selikli qişasının hüceyrələrini zədələmiş olur:

“Amma daha gec sağalananlarda virusun iybilmədə iştirak edən sinir uclarını zədələdiyini düşünmək olar. Sinir hüceyrələrinin isə daha gec bərpa və regenerasiya olunduğu məlumdur”.

Sözü gedən tədqiqatın nəticələri Amerikanın otolarinqologiya profilli “JAMA Otolaryngology - Head and Neck Surgery” jurnalında dərc olunub.

Elə həmin jurnalda ABŞ-ın Emori Universiteti Tibb Məktəbinin professoru Joshua Levy yazır ki, adamların böyük əksəriyyətinin koronavirusdan tam sağalmasının faizi yüksək olsa da, sağalmış xəstələrin hələ uzun müddət simptomlarla bağlı həkimlərə müraciət edəcəklərini gözləmək olar”.

Doktor təəssüflə bildirir ki, bu halda həkimlərin görə biləcəyi çox az tədbir var.

Onun fikrincə, belə hallarda təyin edilən terapiyalar çox uzun müddət tələb edə bilər.

XS
SM
MD
LG