Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:55

Xaricdəkilər onları ‘çöllərə salan' hökumətin istefasını tələb edirlər


10 avqust. Buxarestdə antihökumət aksiyası
10 avqust. Buxarestdə antihökumət aksiyası

Polis Rumıniya paytaxtı Buxarestdə keçirilən antikorrupsiya aksiyasının iştirakçılarına qarşı gözyaşardıcı qazlardan istifadə edib. Üç təhlükəslik əməkdaşı da daxil 34 nəfərin xəsarət aldığı xəbər verilir.

Əksəriyyəti xaricdə yaşayanlardan və mitinqə qoşulmaq üçün məxsusi olaraq ölkəyə gələnlərdən ibarət aksiya iştirakçıları avqustun 10-da hökumətin istefasını və erkən seçki keçirilməsini tələb ediblər.

Buxarestin Victoriei (Qələbə) meydanına toplaşan etirazçılar Rumıniya və Avropa İttifaqının bayraqlarını dalğalandırır, “Korrupsiya yox, ədalət!” şüarını səsləndirirdilər.

Ölkənin Kluj, Braşov, Sibyu, Timişoara və Qalati şəhərlərində də etiraz aksiyaları keçirilib.

Xaricdə yaşayan təxminən 3 milyonadək rumın vətəni - korrupsiya, maaşın azlığı və imkansızlıq ucbatından tərk etdiyini bildirir. Etiraz mitinqi Facebook vasitəsilə təşkil edilib.

2016-cı ildə hakimiyyətə gələn Sosial Demokrat (PSD) partiyası əvvəlcə bir neçə növ korrupsiya əməlini kriminalsızlaşdırmaq istəyib, lakin küçələrə çıxan minlərlə rumının qəzəbindən qorxaraq geri çəkilib.

Prezident Klaus Iohannis, Avropa Komissiyası və Birləşmiş Ştatların Dövlət Departamenti korrupsiyanın cinayətsizləşdirilməsi təkliflərini tənqid edib. Onlar bildiriblər ki, bu qanun dəyişikliyi qanunun aliliyi prinsipini heçə endirə bilər.

Iohannis korrupsiyaya qarşı mübarizəni zəiflətməyə çalışan PSD hökuməti ilə qarşıdurmadadır.

O iyul ayında ölkənin populyar antikorrupsiya prokurorunu vəzifəsindən kənarlaşdıran fərman imzalayıb.

Iohannis baş prokuror Laura Codruta Kovesinin korrupsiya ilə mübarizə cəhdlərini alqışlayıb və bildirib ki, onu istefa fərmanını imzalamağa Konstitusiya Məhkəməsi məcbur edib.

Kovesinin liderliyi altında Rumıniyada korrupsiya ilə əlaqədar ittihamların sayı kəskin artıb.

Onun vəzifəsindən kənarlaşdırılması Avropa Komissiyası və Avropa Şurası tərəfindən kəskin tənqid olunub.

XS
SM
MD
LG