Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:51

Kreml və dronlar: Hücum, provokasiya, yoxsa...


"Reuters"in əldə etdiyi videodan görüntü
"Reuters"in əldə etdiyi videodan görüntü

Kreml sonuncu dəfə 1942-ci ildə hücuma məruz qalmışdı. O zaman nasist qüvvələri Moskvaya yaxınlaşırdı. Ondan əvvəl isə Napoleonun vaxtında Fransa qüvvələri böyük döyüş baş verməndən Kremlə girib.

Mayın 3-də Kreml binası gecə vaxtı iki dronla vurulur, damı qismən alışır. Bu hadisədən bir neçə gün sonra Prezident Vladimir Putin ölkənin ən böyük illik tamaşasına ev sahibliyi edəcək, Qırmızı Meydanda 2-ci Dünya müharibəsində Almaniya üzərində qələbənin ildönümü paradı keçiriləcək.

AzadlıqRadiosunun müxbiri Mayk Ekel (Mike Eckel) müşahidə kameralarına düşmüş bu insidentlə, onun arxasında kimin durması, məqsədin nə olmasıyla bağlı sualların olduğunu yazır.

Kreml Ukraynanı Putinə sui-qəsd cəhdində ittiham edib. Həmin vaxt Putinin binada olmadığı açıqlanıb. Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski isə Kiyevin hücumda əli olmadığını, Rusiyanın özünün insidenti təşkil edə biləcəyini söyləyib. Yəni, bununla Ukraynada müharibəni qızışdırmaq üçün bəhanə yaradıla bilərdi.

Əgər bu işin içindən gerçəkdən də Ukrayna çıxsa, Rusiya ordusu və havadan müdafiə qüvvələri üçün böyük pərtlik olar. Özəlliklə də Kremlin yaxınlığında Qələbə Paradına bir həftədən də az qaldığı bir vaxtda.

İki variant

Londonda yerləşən “Chatham House”da Rusiya və Avrasiya Proqramının başçısı Ceyms Niksi (James Nixey) əvvəla bunun Putinə qarşı sui-qəsd cəhdi olmadığını deyir, yəni məsələ heç də Kremlin dediyi kimi deyil.

“İki variant var. Birincisi, Kiyev xəbərdarlıq edir ki, ‘görün neyləyə bilərik’. Yaxud da Moskva Ukraynaya daha intensiv hücumları, yaxud əlavə səfərbərliyi əsaslandırmaq üçün ‘saxta bayraq’ əməliyyatı aparıb”, – o, AzadlıqRadiosuna deyib.

Kreml insident zamanı xəsarət alanın olmadığını? binaya minimum ziyan dəydiyini bildirib.

Ukrayna indiyədək dəfələrlə Rusiya ərazisinə hücum etmədiyini bildirib. Zelenski mayın 4-də Helsinkiyə səfəri zamanı bunu bir daha vurğulayıb.

Ancaq Ukrayna aylardır Rusiya daxilində gizli, aşağı səviyyəli kampaniya aparan kimi görünür, yanacaq depolarını, kəmərləri dronlar, ola bilsin, xüsusi qüvvələrin köməyilə vurur.

“Rusiya daxilində nəsə baş verir”

Zelenskinin müşaviri Mixaylo Podolyak mayın 3-də deyib ki, dron insidenti Rusiyaya Ukrayna ərazisində mülki hədəflərin vurulmasını əsaslandırmağa kömək edə bilər. O həmçinin iddia edib ki, Rusiya daxilində uçan dronlara görə “yerli müqavimət qüvvələrinin partizan fəaliyyəti” məsuliyyət daşıya bilərdi.

“Rusiya daxilində nəsə baş verir, ancaq Ukrayna dronları Kreml üzərində uçmadan”, – Podolyak Twitter-də yazıb.

Bir çox ekspertlər bu insidentin Putinə sui-qəsd cəhdi olmadığı qənaətinə gəliblər. Belə ki, Rusiya lideri az hallarda gecəni Kremldə keçirir.

Əgər insidentə görə ukraynalılar məsuliyyət daşıyırsa, bu da Rusiyanın təhlükəsizliyi, havada müdafiəsi üçün böyük biabırçılıq olar. Burada 1987-ci ildə almaniyalı yeniyetmə Matias Rast idman təyyarəsini birbaşa Qırmızı Meydana yönəltmişdi.

“Bunun Ukraynanın hücumu olmasını təxmin etsək, onda zərbə endirmək qabiliyyətinin nümayişi, niyyətin bəyanı sayılmalıdır: ‘düşünməyin ki, Moskva təhlükəsizdir’”, – Rusiyanın təhlükəsizlik xidmətləri üzrə ekspert Mark Galeotti Twitter-də yazıb.

“Kiyev edibsə...”

Rusiyanın hüquq-mühafizə orqanlarına əlaqələri olduğu düşünülən Baza Telegram kanalı adını çəkmədiyi rəsmilərə istinadla yazır ki, Moskva regionunda yaşayanlar dronları görüblər, müdafiə rəsmiləri buna ciddi yanaşmayıblar. Dronlar Moskvanın hava məkanında görünəndə isə artıq reaksiya vermək üçün çox gec olub.

“Əgər bunu Kiyev edibsə, Rusiya dövləti üçün daha bir sarsıdıcı təhlükəsizlik boşluğudur”, – Niksi deyib.

Ötən avqustda Moskva yaxınlığında ifrat sağçı filosof Aleksandr Duqinin qızı Daryanın idarə etdiyi maşın partlamışdı. Moskva bu qətlə görə Ukraynanı ittiham edib. Ukrayna bunu dansa da, ABŞ kəşfiyyat rəsmiləri “The New York Times” qəzetinə deyiblər ki, Ukrayna hökumətindəki rəsmilərin məsuliyyət daşımasına inanırlar.

İndiyədək qərb mediasının sızdırdığı ABŞ kəşfiyyat məlumatlarında Ukrayna rəsmilərinin Moskvanı birbaşa hədəfə alması iddiaları yer alıb. Məlumatlara görə, Ukrayna hərbi kəşfiyyatının başçısı general mayor Kirilo Budanov 2022-ci il 24 fevralda başlamış işğalın ildönümündə Moskvada və başqa yerlərdə “kütləvi hücumlar” təşkil etmək istəyib, ABŞ rəsmiləri isə onu fikrindən daşındırıb.

ABŞ rəsmiləri isə Ukraynanı başqa ölkənin ərazisinə hücuma təşviq etmədiyini bildirir.

Kremlin təhdidedici reaksiyası və...

Kremlin insidentə ilkin reaksiyası təhdidedici olub: “Rusiya tərəfi harada və nə zaman uyğun bilirsə, cavab tədbiri hüququnu özündə saxlayır”.

Bu bəyanat Rusiyanın ölkədə müharibənin lehinə əhvalı qızışdırmaqdan ötrü “saxta bayraq” insidenti təşkil etməsilə bağlı spekulyasinanı qızışdırıb.

Bir gün sonra Rusiya Kiyevə və Odessa limanına bir sıra raket və dron hücumları endirib. Xersonda azı 23 nəfər öldürülüb, onlarla insan yaralanıb.

“Kremlə hücuma necə cavab verərdiniz?” – Kremlə bağlı siyasi təhlilçi Sergey Markov postunda yazıb, taktiki nüvə silahları ilə Pentaqona hücum, yaxud birbaşa Zelenskini hədəfə almaq versiyalarını qeyd edib.

Mayk Ekel yazır ki, sovetlər dağılıandan azı bir insident uzun müddət mümkün “saxta bayraq” əməliyyatı kimi çək-çevir edilib. 1999-cu ildə yaşayış binalarının bombalanmasından sonra İkinci Çeçen Müharibəsi başlayıb. Bir çox rusiyalı ekspert və fəalların fikrincə, bu həm də bir neçə ay sonra Putinin hakimiyyətə gəlməsinin yolunu açıb.

XS
SM
MD
LG