Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:51

Krım körpüsündə partlayış olub


Krım körpüsü, partlayışdan sonra, 8 oktyabr 2022
Krım körpüsü, partlayışdan sonra, 8 oktyabr 2022

Partlayışla bağlı müxtəlif ehtimallar səsləndirilir. Krım parlamentinin rəhbəri deyir körpüyə "ukrayna vandalları" ziyan vurub. Krım dəmir yolu idarəsi isə bildirir ki, qatarın arxasındakı yanacaq çənində yanğın olub...

Şənbə günü səhər partlayış nəticəsində zədələnən Krım körpüsündə avtomobillər və avtobuslar üçün hərəkətin bərpa olunub. Bu barədə ilhaq edilmiş Krımın Rusiya rəhbəri Sergey Aksyonov məlumat verib.

Hələlik söhbət bir zolaqdan gedir. Rusiya baş nazirinin müavini Marat Xusnullinin sözlərinə görə, oktyabrın 9-dan etibarən ikinci zolaq da işə başlamalıdır.

Sergey Aksyonov bildirib ki, hələlik yük maşınları körpüyə buraxılmayacaq. Onlar Kerç bərə keçidinə göndəriləcəklər. O, şənbə günü axşam bərənin işə salındığını deyib.

Körpünün partlayışdan əvvəl və sonrakı peyk görüntüləri yayılıb.

***

İlkin məlumatlara görə, körpüdəki partlayışda azı 3 nəfər həlak olub. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

İdarənin məlumatına görə, partladılmış yük maşınının yanında olan minik avtomobilinin sərnişinləri həlak olublar. Məlumatda həlak olan iki nəfərin cəsədinin sudan çıxarıldığı vurğulanır və qeyd olunur ki, onlardan biri kişi, digəri isə qadındır.

Məlumatda körpünün partladılmasında istifadə edildiyi iddia olunan yük maşını və onun sahibinin də müəyyən edildiyi bildirilir. Qeyd olunur ki, həmin şəxs Rusiyanın Krasnodar diyarındandır. Onun yaşadığı yerdə araşdırmaların aparıldığı bildirilir. "Mash" teleqram kanalı avtomobilin Krasnodardan olan Boris Yusubov adlı bir nəfərin adına qeydiyyatda olduğunu yazır. Quhumları isə maşının başqa adama satıldığını , həmin şəxsin isə hələ maşını öz adına sənədləşdirmədiyini deyiblər.

"Qohumlarının dediyinə görə, o, avtomobili satıb, lakin yeni sahibi avtomobili hələ öz adına rəsmiləşdirməyib", - Telegram kanalında deyilir. "Mash" həmçinin Krım körpüsündə partladıldığı iddia edilən yük maşınının videosunu yayıb.

"Onu yoxlayan yol polisinin dediyinə görə, maşının sahibi çox sakit olub, şübhə yaratmayıb və bütün sənədləri göstərib. Qoşqu tam dolu olub. Amma maşın xüsusu cihazlarla yoxlanmayıb"-"Mash" teleqaram kanalı yazır.

***

Oktyabrın 8-i səhər saatlarında Kerçdə, Krım körpüsündə partlayış olub. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Bu barədə Kerch.fm portalı məlumat yayıb.

Rusiya prezidenti Vladimir Putin Krım körpüsündə “fövqəladə vəziyyət”lə bağlı hökumət komissiyasının yaradılması barədə göstəriş verib.

Partlayışın səhər saat 6-da baş verdiyi bildirilir. Kerch.fm yazır ki, yol yanır, yük qatarı alovlara bürünüb, həmçinin Krım körpüsünün iki avtomobil aşırımının qismən çökməsi baş verib.

“Krım Dəmir Yolu” Federal Dövlət Müəssisəsi iddia edir ki, “yük qatarının arxasındakı yanacaq çənində yanğın baş verib” – hadisənin səbəbləri müəyyənləşdirilir.

Milli Antiterror Komitəsindən RBC-yə deyilib ki, Krım körpüsündə yük maşını partladılıb. Nəticədə qatarın 7 yanacaq çəni yanıb. İlhaq edilmiş Krımın parlamentinin rəhbəri Vladimir Konstantinov isə deyib ki, "ukraynalı vandallar” Krım körpüsündə yol yatağına ziyan vurublar. Onun sözlərinə görə, dəymiş ziyan “ciddi xarakter daşımır” və “tez bir zamanda bərpa olunacaq”.

Yerli “hakimiyyət orqanları”nın məlumatına görə, körpüdə nəqliyyatın hərəkəti dayandırılıb, onun naviqasiya tağlarına ziyan dəyməyib.

Kerç boğazında gəmiçilik dayanmayıb, avtomobillər üçün bərə keçidi hazırlanır. İlhaq edilmiş Krımın rəhbərinin müşaviri Oleq Kryuçkov əlavə edib ki, hazırda yanğın söndürülür, sürücülər üçün körpünün yaxınlığında yemək və istilik məntəqələri yaradılır. "Səbəblər və nəticələr haqqında danışmaq hələ tezdir", - o yazıb.

Rusiya Krımı 2014-cü ildə ilhaq edib. Yarımadanın ilhaqından dərhal sonra Putin körpünün tikintisə göstəriş verib. 4 milyard dollara başa gələn Krım körpüsü 2018-ci ilin mayında açılıb. Açılış mərasiminə Rusiya prezidenti şəxsən iştirak edib, bunu Rusiya dövlət televiziya kanalları yayımlayıblar.

Rusiya növbəti dəfə fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb. Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır. Hələ də davam edən işğala görə Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq edilib.

Moskva işğal etdiyi Ukrayna torpaqlarının Rusiyaya birləşdirilməsi ilə bağlı sentyabrın sonlarında həmin ərazilərdə referendum keçirib.

Ukrayna Prezidenti Aparatının müşaviri Mixailo Podolyak Krım körpüsündə baş verən partlayışı şərh edərkən Tvitter səhifəsində yazıb:

"Krım, körpü, başlanğıc. Qanunsuz hər şey məhv edilməli, oğurlanan hər şey Ukraynaya qaytarılmalıdır...”

Əvvəllər Podolyak Krım körpüsünü “qanunsuz tikinti obyekti” adlandırıb. Ukrayna hərbçiləri isə ilk fürsətdə onun Ukrayna Silahlı Qüvvələri üçün “bir nömrəli hədəfə” çevriləcəyini bildiriblər.

"Meduza"nın xəbərinə görə, Rusiya prezident administrasiyası Krım körpüsündə baş verən partlayışın işıqlandırılması ilə bağlı Rusiya KİV-nə tövsiyələr göndərib.

Onlar “körpünün dağıdılmadığını, yalnız yol və dəmir yolu hissələrinin üzərindəki müəyyən qatın zədələndiyini vurğulamağı” təklif edirlər. "Meduza"-nın məlumatına görə, RİA Novosti, TASS və digər əksər Rusiya KİV-lərinin məlumatlarına əsasən, prezident administrasiyasının tövsiyələri yerinə yetirilir.

XS
SM
MD
LG