Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:48

Kürdə karxana qalmaqalı: 'Nazirliyin əməkdaşlarının məlumatı olub...'


Daş karxanaları Qubada kəndləri susuz qoyub
Gözlə

No media source currently available

0:00 0:06:06 0:00

Daş karxanaları Qubada kəndləri susuz qoyub

Mingəçevirdə Kür çayının axmazında illərdir qum-çınqıl istehsalı ilə məşğul olan karxananın orada qanunsuz fəaliyyət göstərdiyi iddia olunur. Söhbət 2018-ci ilin mayından 2022-ci ilin yanvarına qədər 9 min 400 kvadrat metrlik ərazidən gedir.

Karxananın sahibi Nəriman Zəkəriyyəyev torpaq sahəsini zəbt etməklə yanaşı, həm də ətraf mühitin qorunma qaydalarını pozmaqda, vəzifə səlahiyyətlərini aşmaqda günahlandırılaraq cinayət məsuliyyətinə cəlb olunub. O, həbs olunmasa da, uzun müddət istintaq və məhkəmə araşdırmaları gedib.

Cinayət işinin materiallarında iddia olunur ki, sahibkar torpağı da özbaşına zəbt edib, karxananın fəaliyyəti üçün lazım olan lisenziyanı da almayıb, çaya və ətraf mühitə də ziyan vurub: "Karxanada 5.5 metrdən başlayaraq 18.7 metrədək dərinlikdə faydalı qazıntı hasilatı aparılmaqla 43 ay ərzində... dövlətə və təbiətə 202 min 370 manat maddi ziyan vurulub".

Zərərçəkmiş qismində tanınan Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmədə Zəkəriyyəyevə qarşı 202 min manatlıq mülki iddia qaldırıb və təqsirləndirilən sahibkarın bu vəsaiti nazirliyin büdcəsinə ödəməsini istəyib.

"Fəaliyyətimizdən Ekologiya Nazirliyinin də məlumatı olub"

66-yaşlı sahibkar isə özünü qismən təqsirli sayır. O, məhkəmədə bildirib ki, ərazini özbaşına zəbt etməsi haqda iddialar yalandır, oranı Mingəçevir bələdiyyəsindən icarəyə götürüb, əlində sənədləri var. Zəkəriyyəyevin sözlərinə görə, karxananı tikəndə lisenziya almaqdan ötrü də müraciət edib. Orada çalışan işçilərinin hamısının rəsmi müqaviləsi var: "Fəaliyyətimizdən Ekologiya Nazirliyinin müvafiq idarəsinin də məlumatı olub. Mənə heç bir xəbərdarlıq etməyiblər. Mən torpaq sahəsini, müqavilədə də göstərildiyi kimi, qum-çınqıl istehsalı üçün icarəyə götürmüşdüm".

Bu cinayət işi üzrə araşdırmalar Şəki Ağır Cinayətlər Məhkəməsində aparılıb və mayın 15-də yekunlaşıb. Məhkəmə də belə nəticəyə gəlib ki, Zəkəriyyəyevi sözügedən ərazini özbaşına zəbt etməkdə suçlamaq əsassızdır. Ona görə də Cinayət Məcəlləsinin 188-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ona verilmiş ittihamı ləğv edib.

Prokurorluğun hesabına 53 min manat yatırıb

"Dövlət mülkiyyətində olan torpaq sahələrinin zəbt edilməsinin qarşısının alınması üçün əlaqəli şəkildə dövlət qurumları fəaliyyət göstərir. Həmin dövlət qurumları tərəfindən mütəmadi monitorinqlər keçirilir, yoxlamalar aparılır. Bu halda, həmin ərazilərə nəzarət etmək, özbaşına zəbtin qarşısını almaq vəzifəsi də müvafiq olaraq dövlət qurumlarının üzərinə düşür", – hökmdə belə yazılıb.

Məhkəmə karxana sahibini lisenziya almadan fəaliyyət göstərdiyinə görə qanunsuz sahibkarlıq, ətraf mühitin qorunması qaydalarını pozma və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilib. Ona 4 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Lakin 66 yaşı olması, ilk dəfə məhkumluğu, dəymiş ziyanın bir hissəsini ödəməsi və s. halları nəzərə alaraq ona münasibətdə CM-in 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub və o, həbs edilməyib.

Nazirliyin mülki iddiasına gəlincə, məhkəmədə məlum olub ki, təqsirləndirilən sahibkar istintaq dövründə ziyanın ödənilməsi üçün prokurorluğun depozit hesabına 53 min manat yatırıb. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi həmin məbləği 202 min manatdan çıxıb və 149 min manat qalıb. Məhkəmə isə sonda qərar verib ki, Zəkəriyyəyevin karxananın fəaliyyəti dövründə – 2018-2022-ci il ərzində nazirliyin büdcəsinə köçürdüyü 29 min 500 manat da çıxılmalıdır. Ona görə məhkəmə qərar çıxarıb ki, nazirliyə 119 min manat ödənilsin.

XS
SM
MD
LG