Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:38

Kvant kompüteri artıq bizə çox yaxındır


Kvant
Kvant

ABŞ-ın Milli Elm Fondu nəhayət kvant kompüterlərini fantastika janrından çıxararaq, elmi laboratoriyalara daxil etməyi planlaşdırır. Qurum bu işə böyük məbləğdə pul ayırmaq niyyətindədir.

Federal agentlik avqustda bununla bağlı xüsusi proqram başlayacağını elan edib. Massaçusets Texnologiya İnstitutu (MIT), Berklidəki Kaliforniya Universiteti və Dyuk Universiteti də daxil olmaqla bir neçə tanınmış təhsil ocağını təmsil edən mühəndis, fizik, kompüter mütəxəssisləri və digər alimlər 5 ilinə 15 milyon dollar ayrılmış bu layihənin gerçəkləşdirilməsi üçün birgə çalışacaqlar.

Məqsəd dünyanın ilk kvant kompüterini yaratmaqdır.

30-32 kubitə çatmaq

Qısa arayış: klassik kompüterlə kvant kompüteri arasında bir neçə əsas fərq var. Klassik kompüter 0 və ya 1 halında olan bitlərdən yararlanırsa, kvant bitləri (kubitlər) eyni zamanda həm 1, həm də 0 ola bilər. Məlumatı ötürmək, hesablama aparmaq və s. üçün bu kubitləri işlədən kvant sxemləri «kvant məntiqi qapıları» adlanır. Klassik sxem kompüterin elektrik zəncirindəki cərəyana (elektronların axınına) nəzarət etdiyi kimi, bu qapılar da fotonlar və ionlar vasitəsilə ayrı-ayrı kubitləri idarə edir.

İşə yarayan kvant kompüterləri hazırlamaq üçün alimlər həm fiziki cihazların hazırlanması üçün gərəkən qurğuları, həm də onlarda işlədilən kompüter proqramlarını təkmilləşdirməlidirlər. Məqsəd daha az səhvə yol verən, daha çox kubitə malik sistemlər yaratmaqdır.

Kanadanın baş naziri kvant kompüteri haqqında
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Proqramın rəhbəri, Dyuk Universitetinin mühəndisi Kenneth Brown «Futurism» saytına müsahibəsində deyir ki, kvant kompüterləri bir çox komponentdən ibarətdir. Onun sözlərinə görə, elə klassik kompüterlər də uzun və maraqlı inkişaf yolu keçib: «Kvant kompüterlərində də eyni şeydir. Kvant informasiyasını təmsil etməyin çoxlu yolu var. Hazırda ən faydalı tətbiqləri nümayiş etdirən iki texnologiya var: superkeçirici kubitlər və tutulmuş ion kubitləri. Onlar fərqlidir, hər ikisinin mənfi və müsbət tərəfləri var, ancaq bizim araşdırma qrupumuz tutulmuş ion kubitlərinə fokuslanıb. İon kubitlərinin yaxşı tərəfi onlarla kubitin bir-birinə birbaşa bağlı olmasıdır. …Superkeçirici sistemdə bu fərqlidir. Orada siz yaxınlıqdakı kubitlərlə ünsiyyətə girməlisiniz. Düşünürəm ki, bizim konkret planımız var – 30, 32 kubitə yetişmək. Bu məsələ aydındır. Biz onu 64-ə çatdırmaq istərdik və bunun üçün yeni tədqiqat lazım olacaq».

İnformasiya ilə işləmə tərzini dəyişəcək

K.Brown-un sözlərinə görə, IBM-in kvant cihazı mövcuddur. Ancaq o deyir ki, həmin cihazın proqramlaşmasını dəyişmək, onu optimallaşdırmaq mümkün deyil.

«Onların kompüteri internetdə tamamilə açıq və əlçatandır. Ancaq onu sabitləşdirmək üçün bəzi deskriptorları söndürməlisiniz. Məqsədimiz tədqiqatçıların bütün deskriptorlarla işləyə biləcəyi praktik məcraya gəlib çatmaqdır. Düşünürəm ki, uzunmüddətli perspektivdə kvant kompüterləri və kommunikasiyası bizim internetdəki kodlaşdırılmış informasiya ilə işləmə tərzimizi dəyişəcək. Əslində, Google Chrome-da siz artıq öz kriptoqrafiyanızı hansısa potensial post-kvant kriptoqrafiyası ilə əvəzləyə bilərsiniz. …Məncə, insanlar molekulyar quruluşun, su şüşələri kimi maraqsız şeylərdən spesifik yeni dərmanlar kimi mürəkkəb şeylərədək, materiallara təsirləri haqda düşünmürlər. Maraqlı olan odur ki, kvant kompüteri həmin molekulyar xüsusiyyətləri, vəd edildiyi kimi, səmərəli və dəqiq hesablaya bilsə, bu bizim gələcəkdə görəcəyimiz materialları və dərmanları da dəyişə bilər», – o deyir.

Ancaq Brown-un sözlərinə görə, adi insanların öz ev kompüterlərində gördüyü işlərdə - Netflix-də film izləmək, yaxud e-meyl göndərmək kimi gündəlik işlərdə kvant kompüterlərinin bir köməyi olmayacaq.

«Elə ilk kompüterlər yaradılanda da insanlarda eyni hiss var idi. Deyirdilər ki, kompüterlər sadəcə, alimlərin laboratoriya işi görməsi üçündür. Ancaq artıq belə deyil», – Brown deyir.

XS
SM
MD
LG