Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:29

'Küləklə sovrulanlar', yaxud Hollivudda irqçilik


""Küləklə sovrulanlar" kimi filmlər çoxdan sorğulanmalı idi".
""Küləklə sovrulanlar" kimi filmlər çoxdan sorğulanmalı idi".

ABŞ-da afroamerikalı George Floyd-un qətlindən sonra baş qaldıran, struktur və institusional dəyişikliklər tələb edən etirazlar fonunda korporasiyalar, idman liqaları, mədəniyyət qurumları maraqlı bəyanatlar verməyə başlayıblar.

Atılan addımlardan biri HBO-nun məşhur "Küləklə sovrulanlar" filmini özünün yeni HBO Max striminq kanalının siyahısından çıxarması ilə bağlıdır. Bununla bağlı verilən bəyanatda isə filmdəki təsvirlərin WarnerMedia-nın dəyərlərinə zidd olduğu deyilir. Filmin müvəqqəti götürüldüyü, film və onun çəkildiyi tarixi kontekstlə bağlı xüsusi hazırlanmış materialın müşayiəti ilə geri qaytarılacağı bildirilib.

Tarixi silmək, yoxsa...

Artıq illərdir ki, ictimai fəallar Konfederasiya bayrağının ləğvini, məğlub olmuş Konfederasiya xadimlərinə qoyulmuş heykəllərin sökülməsini tələb edirlər. Bundan başqa, keçmiş qul sahibləri və ağdərili supremasistlərin adlarının məktəb və universitet binalarının üzərindən götürülməsi tələb edilir.

Cənubi Karolina Universitetinin Kino sənəti məktəbinin dekanı doktor Todd Boyd hesab edir ki, irqçiləri tərənnüm edən şeylərin yığışdırılması tarixi silmək demək deyil. "Bu, zəruri kontekst əlavə edərək, tarixi hesabatlı tutmaqdır", – o, "The Guardian"da dərc edilmiş məqaləsində yazır.

"Cənub vətəndaş müharibəsini uduzub. Əgər tarixi qalib tərəfin yazması haqda klişe doğrudursa, onda niyə Vətəndaş müharibəsinin bitməsindən bu qədər vaxt keçmiş məğlub tərəfin qalıqları hələ də cəmiyyətdə dövr edir? Məsələ burasındadır ki, "Küləklə sovrulanlar" kimi filmlər çoxdan sorğulanmalı idi. Üstəlik, bundan sonra Hollivudun bu aşağılayıcı, insanlıqdan çıxarılmış, stereotipik obrazlarına əhəmiyyət verməmək olmaz.

"Küləklə sovrulanlar" DW Griffith-in 1915-ci ildə çəkdiyi "Bir millətin doğuluşu" ("The Birth of a Nation") filminin varisidir. Bu film Amerika kinosunun fundamentini təşkil edir. Film Ağ Evdə çəkilib. Ozamankı prezident Woodrow Wilson filmi "şimşəklə yazılan tarix" adlandırıb.

Hekayənin vizual nəqlində nümayiş etdirilən məharət xüsusi qeyd edilir. Buna baxmayaraq, ssenari irqçilik təbliğatından başqa bir şey deyil. Filmin qəhrəmanları fürsət düşən kimi "köməyə gələn" Ku Kluks Klan üzvləridir. "The Birth of a Nation" [ağacın] köküdür. Əgər kök irqçilikdirsə, ondan yaranan meyvə irqçiliyin meyvəsi olacaq", – məqalədə deyilir.

"Uduzulmuş iş"

Müəllif daha sonra yazır ki, Amerika kinosu quldarlıq terrorizmini çox da real olmayan, ancaq müəyyən ağdərili auditoriyaya cəlbedici olan bir şey kimi qələmə verməyə cəhd edib. "Uduzulmuş iş" adlandırılan bu ideya ilk dəfə Vətəndaş müharibəsinin bitməsindən sonra başlamış Rekonstruksiya dövründə (1865 – 1877) meydana çıxıb. Qaradərili insanlara vətəndaşlıq və bir çox hüquqların verildiyi Rekonstruksiya dövründən sonra irqçi qanunlarla yadda qalan Cim Krou (Jim Crow) dövrü gəlir. Bu dövrdə cəmiyyətə cənub ştatlarının vətəndaş müharibəsini uduzmasına baxmayaraq, onların mübarizəsinin ali məqsədə xidmət etdiyi təlqin olunurdu. Həmin ali məqsəd quldarlıq idi.

Maraqlıdır ki, müəllif 2011-ci ildə çəkilmiş "Qulluqçu" (The Help) filmini də həmin "uduzulmuş iş" təbliğatının əks-sədası kimi görür. Bu filmdəki roluna görə Oskar mükafatına layiq görülmüş Viola Davis 2018-ci ildə bu filmə çəkildiyinə görə peşman olduğunu deyib. Müəllif bu filmdə qara rolların ağların yaxşılığını göstərmək üçün alət kimi istifadə edildiyi qənaətindədir.

"Qulluqçu" filminin Oskara namizədliyindən xeyli əvvəl Hattie McDaniel 1940-cı ildə "Küləklə sovrulanlar" filmindəki Mammy roluna görə Oskara layiq görülüb. McDaniel-in filmin 1939-cu ildə Atlantada baş tutan premyerasında iştirakına icazə verilməyib. Səbəb onun irqi mənsubiyyəti idi. 1940-cı ildə Los-Ancelesdə Oskar mükafatlarının təqdimetmə mərasimində tarix yazarkən belə o, ağlardan ayrı, seqreqasiya olunmuş "rəngli seksiya"da oturmuşdu. Bu seksiya həmin axşam xüsusi olaraq onun üçün düzəldilmişdi.

XS
SM
MD
LG