Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:25

'Moskva televiziyası bizi 'narkoman', 'quldur' adlandırdı'


Asən Həşimli
Asən Həşimli

Azərbaycanın əyalətlərində də 1990-cı il yanvar hadisələri xatırlanır. Yerli sakinlərin bildirməsinə görə, həmin vaxt respublikanın cənub bölgəsində də diqqəti çəkən hadisələr baş vermişdi.

“Gördük ki, dəmir darvaza sındırılıb”

Onlardan Astara şəhər sakini, ictimai fəal Asən Həşimlinin deməsinə görə, onda SSRİ (Azərbaycan onun tərkibində olub) sərhədini onlar da aşıblar: "Xəbər aldıq ki, Naxçıvanda sərhədləri dağıdıblar. 1990-cı il yanvarın 19-da qonşu rayonlardan gələn fəallarla birlikdə Astaranın Azadlıq meydanında mitinq keçirildi. Astaranın İranla sərhəd-keçid məntəqəsinin önünə getmək barədə qərar oldu. Yüzlərlə etirazçı ora üz tutdu. Əllərdə üçrəngli bayraqlar da var idi. Ora çatanda gördük ki, dəmir darvaza sındırılıb, yerə atılıb, İrana yol açıqdır".

Onun deməsinə görə, məqsəd İranda yaşayan azərbaycanlılarla təmas qurmaq olub.

"Moskva televiziyası bizi "narkoman", "quldur" adlandırdı"

Hadisə iştirakçısının deməsinə görə, darvazanın sındırılması təxribat idi: "Sonradan Moskva televiziyası sındırılmış darvazanı göstərdi. Bizi "narkoman", "quldur" adlandırdı. Onda bildik ki, bu işi özləri görüblər. Məqsəd günahı boynumuza atmaq idi. Maneələrə baxmayaraq, İranla sərhədi ayıran Astaraçayın üzərindəki körpüyə çıxdıq. Körpünün üstündəki dəmir darvaza bağlı idi. İran tərəfi ilə danışıqlardan sonra darvazanı açdı. İran Astarasında toplaşdıq. Orda da çıxışlar oldu. Üç gün heç bir sənəd tələb etmədən İrana gediş-gəliş oldu".

"Bu, Azərbaycan tarixində yeganə hadisə idi"

Onun fikrincə, İrana yolların maneəsiz açılması Bakıda qırğına zəmin yaratmaq olub: "Yanvarın 20-də İran Astarasında idik. Orada eşitdik ki, Bakıda qırğın olub. Geri qayıtdıq. Məyus idik, nə edəcəyimizi bilmirdik".

A.Həşimlinin sözlərinə görə, onda bölgədə önəmli hadisələrdən biri də Lənkəranda sovet hökumətinin devrilməsi idi: "Bu, Azərbaycan tarixində yeganə hadisə idi. Bakı qırğınından sonra sovet qoşunlarını Lənkərana yeritdilər, burada da ölənlər oldu. Çox təəssüf ki, 33 il keçməsinə baxmayaraq, bu hadisələrin heç birisi Azərbaycan tarixində öz əksini tapmayıb. Vaxt olacaq bu hadisələrin canlı şahidləri həyatda olmayacaqlar, gələcək nəsillər xəbərsiz olacaqlar. Biz ölkəmizin azadlığı uğrunda mübarizə aparmışıq".

Xatırlatma

33 il öncə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələri Bakıda qırğın törədib. Bu hadisələr nəticəsində 130-dan çox şəxsin həlak olduğu, 700-dən çoxunun yaralandığı, mindən çox insanın isə həbs edildiyi bildirilir.

Sonradan faciəvi hadisələr Azərbaycanın Neftçala (25 yanvar), Lənkəran (26 yanvar) kimi rayonlarında da kiçik miqyaslarda təkrarlanıb. Həmin hadisələr zamanı isə ümumilikdə 8 hərəkat fəalının qətlə yetirildiyi bildirilir.

XS
SM
MD
LG