Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:53

İnspektor prezidentə narkotik şikayətinə görə cəzalandırıldı


Lənkəran hava limanı
Lənkəran hava limanı

Hava limanının Aviasiya Təhlükəsizliyi Xidmətinin inspektoru korrupsiya, qohumbazlıq və narkotiklə bağlı şikayətlərinə görə məhkum edilib. Aslan Abdullayev öncə prezidentə məktubunda bu barədə yazıb, sonra iş yerində keçirilən iclasda da həmin fikirlərini təsdiqləyib. Bundan sonra məhkəmə vasitəsi ilə cəzalandırılıb.

39-yaşlı Abdullayev Lənkəran hava limanında çalışır. O, prezidentə məktubunda yazıb ki, rəhbərliyi altında çalışdığı hava limanının Aviasiya Təhlükəsizliyi Xidmətinin rəisi Füzuli Ağayev ayrılan vəsaitlərdən səmərəsiz istifadə edir. Onun sözlərinə görə, Ağayev tabeliyindəki əməkdaşları evinə aparıb fəhlə kimi işlədir. İddia edir ki, işə gəlməyən bir sıra şəxslərin aylıq maaşlarını razılaşma əsasında Ağayev alır: "İşdən kənar biznes fəaliyyəti ilə məşğul olur. Öz qohumlarını işlə təmin edir. Hava limanı ərazisində narkotik tərkibli bitkilər əkilir...".

2022-ci il dekabrın 8-də Aviasiya Təhlükəsizliyi Xidməti əməkdaşlarının ümumi yığıncağında da Abdullayev şikayətində yazdıqlarının üzərində dayanıb. O, işlədiyi qurumda korrupsiya, qohumbazlıq hallarının hökm sürdüyünü iddia edib.

Rəisin böhtan, təhqir ittihamları

Xidmətin rəisi Füzuli Ağayev onun cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb. O, tabeliyində olan inspektorun CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edib.

Ağayev iddia edir ki, işçisi prezidentə onun haqqında böhtan xarakterli ərizələr göndərib, ümumi yığıncaqda barəsində təhqir xarakterli ifadələr səsləndirib və s.

Abdullayev isə özünü təqsirli bilməyib, məhkəmədən də bəraət istəyib.

Lakin Lənkəran Rayon Məhkəməsinin hakimi Muradağa Qasımov onu təqsirli hesab edib və haqqında ittiham hökmü çıxarıb. Abdullayev hər ay qazancının 15 faizi dövlət nəfinə tutulmaqla, 2 il islah işləri cəzasına məhkum edilib.

XS
SM
MD
LG