Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:33

Leyla və Arif Yunus beynəlxalq axtarışa verilə bilərmi


Leyla Yunus və Arif Yunus
Leyla Yunus və Arif Yunus

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus haqqında 2014-cü ildə başlanmış, yekun vurulmamış cinayət işi üzrə icraat bu gün dayandırılıb.

İlyarıma yaxın həbsdə qalan və apellyasiya məhkəməsinin qərarı ilə həbsdən buraxılan Yunuslar mühacirətə gedəndən sonra Ali Məhkəmə onların cəzasının şərti hesab olunması haqda qərarı ləğv edib. Onların işi yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılıb.

Bakı Apellyasiya Məhkəməsində 2017-ci ildə bir neçə dəfə bu iş üzrə məhkəmə iclası təyin olunsa da, Yunusların özü iştirak etmədiyinə görə yekun qərar verilmirdi. O vaxtdan da məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınmışdı.

Vəkil etiraz etsə də...

Oktyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində Yunusların işi üzrə məhkəmə iclası keçirilib. Məhkəmədə təqsirləndirilən şəxslərin yayınması əsası ilə icraatın dayandırılması məsələsi müzakirəyə çıxarılıb.

Vəkil Elçin Sadıqov bu əsasla icraatın dayandırılmasına etiraz edərək bildirib ki, buna əsas yoxdur. Müdafiəçi vəsatət qaldırıb ki, Leyla və Arif Yunusların iştirakı elektron qaydada təmin oluna bilər. Onlar "Skype" və s. üsullarla məhkəmə iclasına qatılıb ifadə verə bilərlər. Lakin hakimlər vəsatəti təmin etməyib və Yunusların işi üzrə icraatın dayandırılmasına qərar verilib. Belə olan halda, Leyla Yunus və həyat yoldaşının beynəlxalq axtarışa verilməsi də istisna olunmur.

Xatırlatma

Hüquq müdafiəçisi Leyla Yunis və həyat yoldaşı, tarixçi Arif Yunus 2014-cü ilin avqustunda dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanaraq həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. Onlar 2015-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb. 2016-cı ilin aprelində isə Niderlanda mühacirət ediblər. Bundan sonra Ali Məhkəmə onlar haqqındakı şərti cəza ilə bağlı qərarı ləğv edib və təkrar araşdırma üçün iş apellyasiya instansiyasına qaytarılıb.

Yunuslar özlərini təqsirli bilmir, ölkədə insan haqlarının müdafiəsi sahəsində gördükləri işlərə görə siyasi sifarişlə cəzalandırıldıqlarını deyirlər.

2014-cü ilin avqustunda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə bir neçə hüquq müdafiəçisi (İntiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli və s.) həbs olunmuşdu. Sonradan onların işlərinə baxan Avropa İnsan Haqları Məhkəməsi bu şəxslərə münasibətdə Avropa Konvensiyasının 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılması) maddəsinin pozuntusunu tanımışdı. Başqa sözlə, Avropa Məhkəməsi bu şəxslərin konkret cinayət əməlinə görə yox, siyasi motivlərlə cəzalandırıldığı qənaətinə gəlmişdi.

Avropa Şurası Nazirlər Komitəsi qətnamə çıxararaq Azərbaycan hökumətinin bu şəxslərlə bağlı işlərə Avropa Məhkəməsinin qərarları əsasında yenidən baxılmasını istəyib.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi baxışlarına və ya insan haqlarının müdafiəsi sahəsində fəaliyyətinə görə təqib olunmadığını, həbs olunanların konkret cinayət əməlinə görə cəzalandırıldığını iddia edir.

XS
SM
MD
LG