Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:28

Lukaşenka Ukrayna ilə sərhədi bağladığını deyir


Alyaksandr Lukaşenka
Alyaksandr Lukaşenka

Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenka iyulun 2-də Ukrayna ilə sərhədin tam bağlanmasına göstəriş verdiyni deyib.

Onun iddiasında görə, qonşu ölkədən Belarusa “nəhəng həcmlərdə silah” gətirilir.

Lukaşenka bu iddiasını əsaslandıran heç bir dəlil göstərməyib.

O 2020-ci ilin prezident seçkisindən sonra müxalifətə və etirazlara divan tutduğuna görə beynəlxalq təzyiq altındadır.

Avropa İttifaqı, Birləşmiş Ştatlar və bir sıra başqa Qərb ölkələri Belarus rejiminə xarici valyuta gətirən sənaye sahələri üzərinə və şəxsən Lukaşenkanın yaxın çevrəsinə sanksiyalar elan ediblər.

"Gizli terror özəkləri"

Belarus müxalifəti seçkinin Lukaşenkanın xeyrinə saxtalaşdırıldığını, onun əslində 3 faiz səs qazandığını iddia edir.

Qərb də bu seçkinin nəticələrini və Lukaşenkanın prezident kimi legitimliyini tanımadığını bildirib.

Belarus Qərblə münasibətlərinin gərgin olduğu bir vaxtda, ötən ay Ryanair aviaşirkətinin sərnişin təyyarəsini məcburən Minskə endirib və təyyarədəki müxalifət jurnalisti Raman Prataseviçi və onun sevgilisini həbs edib.

Qərb ölkələri bu hərəkəti “dövlət səviyyəsində təyyarəqaçırma” adlandırıblar.

Lukaşenka iyulun 2-də habelə iddia edib ki, Belarusda Almaniya, Litva, Birləşmiş Ştatlar, Polşa və Ukraynaya bağlı “gizli terror özəkləri” ifşa olunub.

Lukaşenkanın adlarını çəkdiyi ölkələrdən hələki heç bir reaksiya olmayıb.

Lukaşenka rejimi qanunsuz miqrantların Litvaya keçməsinə rəvac verir

Bundan az əvvəl Litva bildirmişdi ki, Belarus sərhədi üzərindən ölkəyə miqrant axını davam edir.

Vilnüs buna Lukaşenka rejimi tərəfindən Qərb sanksiyalarına cavab olaraq bilərəkdən imkan yaradıldığını iddia edir.

Litva Sərhəd Təhlükəsizliyi Xidməti bildirib ki, son 24 saat ərzində Belarusdan ölkəyə daxil olan 150 miqrant saxlanıb. Xidmətin məlumatına görə bu, bütün 2020-ci il ərzində olduğundan iki dəfə çoxdur.

Bu da bildirlir ki, yanvar ayından bəri saxlanan qanunsuz miqrantların sayı, əksəriyyəti İraqdan olmaqla 822 nəfərdir.

Litvada saxlanmış miqrantların bir qrupu
Litvada saxlanmış miqrantların bir qrupu

Vilnüs bəyan edir ki, miqrantlar Litva ilə sərhədə doğru hərəkət etdirilir, burda isə Belarus sərhədçiləri sərhədin keçilməsinə bilərəkdən göz yumur.

Litva indiyədək Lukaşenka rejiminin ən sərt tənqidçisi olub. 66 yaşlı avtokrat Lukaşenka 6-cı dəfə seçki qalibi elan edildikdən sonra təqib olunan müxalifətçilərin böyük bir hissəsi bu ölkəyə pənah gətirib.

Belarus müxalifətinin lideri və tərəfdarlarının Belarus seçkisinin qalibi hesab etdikləri Svyatlana Tsixanovskaya da bu ölkədə mühacirətdədir.

Litva və Belarus qarşılıqlı olaraq bir-birlərinin diplomatlarını “persona non grata” elan ediblər.

Vilnüs Belarusla sərhədin möhkəmləndirilməsi üçün Avropa İttifaqının sərhəd mühafizəsi xidməti -Frontex təşkilatına müraciət edib.

XS
SM
MD
LG