Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:49

'Lüt' və dikbaş: İranlı etirazçının gündəliyi


Hicabsız İran tələbələri
Hicabsız İran tələbələri

AzadlıqRadiosunun fars xidməti - Radio Fərda bir iranlı qadından üç ay ərzində gündəlik yazmasını xahiş edib. Nesa (ad dəyişdirilib) 22-yaşlı Məhsa Əmininin ölümünün birinci ildönümündə öz qorxularını və qəzəbini təsvir edir. Əmini hicab qanununu pozduğu iddiası ilə həbs edilmiş, 2022-ci il sentyabrın 16-da polis nəzarətində ikən həyatını itirmişdi. Onun ölümü İranda görünməmiş hökumət əleyhinə etiraz dalğasına səbəb olmuşdu. Bu etirazlarda beş yüzdən artıq insan həyatını itirib. Klerikal hökumət özünün islama baxış bucağını sorğulamağa imkan verməyəcəyini açıq bəyan edib.

AzadlıqRadiosu Nesanın gündəliyindən parçaları dərc edib.

Nesa, İran rəsmilərinin təbirincə desək, "lüt"lərdən biridir. Molla hökuməti ictimaiyyət arasına hicabsız çıxan qadınları belə adlandırır.

Nesa nümayişlər yenidən başlasa, yenidən qan töküləcəyindən qorxur. O, insanları küçələrə tökən Aşura mərasimini həm də etirazın bir üsulu kimi görür.

Nesa son bir ildə öldürülən etirazçıları xatırlayır və onların qatillərini Həzrət Hüseyni öldürənlərə bənzədir.

Tehranda 22-yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsinə etiraz edən bir qadın baş yaylığını yuxarı qaldırır.
Tehranda 22-yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsinə etiraz edən bir qadın baş yaylığını yuxarı qaldırır.
"28 iyul

Mərasim yenə küçədədir.

Adamlarda üz var!

Onlar Hüseynin ölümünə görə ağlayıb yas saxlayırlar, ancaq özləri onu öldürənlərdən yüz qat betərdirlər.

Xodanur məsum deyildi?

Kian təmiz deyildi?

Nika ləyaqətli deyildi?

Doğrudan, adamın ürəyi bulanır. Bir neçə il əvvəl bunu bu qədər ciddi qəbul etmirdim, ancaq bu il çox qəzəblənirəm. Onlarda hörmət, həya yoxdur və bu onları bu qədər təhlükəli edir".

"Əxlaq polisi"nin ləğv edildiyi haqda şayiələr gözsə də, 2023-cü ilin yayında onlar artıq yenidən iş başında idilər. Üstəlik, parlament üzvləri qaydaları pozanlara qarşı daha sərt cəzaları nəzərdən keçirir. İsmət və hicab qanununda yüksək cərimələr, mobil telefon və internet xidmətlərindən məhrum olma və uzunmüddətli həbs kimi ağır cəzalar nəzərdə tutulur.

İran məhkəmələri hicab qanununu pozduğu üçün saxlanan bəzi qadınlara ruhi xəstəlik diaqnozu qoyaraq onları dövlətin psixiatrik mərkəzlərində müalicəyə məhkum edib.

Tehran küçələrində İran polisi
Tehran küçələrində İran polisi
"4 avqust

"Əxlaq polisi" küçələrə qayıdıb.

Ancaq bu dəfə onlar topa halında gəzir, üzlərini isə qalın günəş gözlükləri və maskaların arxasında gizlədirlər.

Əgər etdiklərinizin doğru olduğuna bu qədər inanırsınızsa, onda niyə gizlənirsiniz?

Oxuduğum şeylər qorxuncdur. Hökumətin onların bu səfeh məcburi hicabına təslim olmayanlara verdiyi həbs cəzaları... Ancaq onların istədiyi də budur. Bizi qorxutmaq və məhəlləni nəzarətdə saxlamaq.

Mənə elə gəlir, bu işləyir.

Baş örtüyünü yüngül şəkildə bağlayan qadınların sayı iki dəfə artıb. Yayın bu istisində manto geyinən qadınların çoxaldığını görürəm".

Nesa …iranlılardan get-gedə daha çox qopduğunu hiss edir və partnyoru ilə birlikdə İranı tərk edib-etməmək barədə düşünür.

Qadın Tehran kafesində məcburi islami baş örtüyü taxmadan oturur.
Qadın Tehran kafesində məcburi islami baş örtüyü taxmadan oturur.
"11 avqust

Küçələrdə özümü elə tək hiss edirəm ki...

Özün kimi birini tapıb, bəlkə, təbəssümünü paylaşmaq istəyirsən, ancaq bu, get-gedə çətinləşir.

Yaxın çevrəmizdə eyniyik. Ancaq bunun nə qədər davam edəcəyini bilmirəm və çevrəmiz get-gedə kiçilir. Elə keçən gecə daha bir cütlük başqa bir həyat üçün İranın xaricinə köçdü və biz bilmirik, növbəti kim olacaq. Bəlkə, biz özümüz?!".

XS
SM
MD
LG