Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:42

Makron Qarabağ məsələsində sərt xəttə tərəfdar olmadığını deyib


Emmanuel Makron
Emmanuel Makron

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Fransanın Yerevandakı səfirliyi Le Figaro qəzetinin guya Parisin Qarabağda yaranmış vəziyyətə görə BMT Təhlükəsizlik Şurasına Azərbaycana qarşı qətnamə təqdim etməyə hazırlaşdığına dair xəbərini nə təsdiq, nə də təkzib edib.

Əvəzində səfirlik Azatutyuna Fransa prezidenti Emmanuel Makronun avqustun 24-də Le Point qəzetinə müsahibəsi ilə tanış olmağı məsləhət görüb.

Makron həmin müsahibədə Qarabağda yaranmış vəziyyəti şərh edərkən deyib ki, “hazırda diplomatiya zamanı deyil və Paris humanitar yüklərin Qarabağa çatdırılması üçün səylərini davam etdirməlidir”.

Azatutyun və Ermənistanın mediaları yazırlar ki, Le Point qəzeti müxbirinin israrlarına baxmayaraq Makron Qarabağdakı vəziyyət barəsində “soyqırım” sözünü işlətməyib:

“Mən bu termindən belə tələsik istifadə etməzdim. Laçın dəhlizinin bağlanması ilə əlaqədar qeyri-məqbul humanitar situasiya yaranıb... Biz həmişə bunu demişik və xalqların suverenliyinə tərəfdarıq. Dağlıq Qarabağ məsələsi, həm də xalqların bərabərliyi baxımından mürəkkəb məsələdir. Mən bu məsələdə sərt xətt təklif edənlərin əksəriyyəti ilə razı deyiləm. Bugün biz hər şeyi edirik ki, Ermənistan və Azərbaycan arasında möhkəm sülhə imkan verəcək, habelə xalqları və mədəniyyətləri müdafiə edəcək razılaşma tapılsın. Belə bir sülh müqaviləsi zəruridir, lakin o beynəlxalq hüquqa əsaslanmalıdır”.

Azatutyun yazır ki, Le Figaro belə bir qətnamə layihəsinin nə vaxt təqdim olunacağını yazmayıb.

Xəbərdə deyilir ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın təşəbbüsü ilə çağırılmış son fövqəladə iclasında, nəinki heç bir qətnamə, heç bir bəyanat da qəbul edilməyib.

Ermənistanın Xarici İşlər Nazirliyi bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib.

Azərbaycan XİN sözü gedən BMT TŞ iclasından sonra bəyanatla çıxış etmişdi.

Bəyanatda deyilirdi ki, “Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu”.

Bundan əvvəl

İstər Ermənistan, istərsə də Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycanın 2022-ci ilin dekabrından Dağlıq Qarabağı blokadaya aldığını və bunun ərzaq, dərman və enerji çatışmazlığı ilə nəticələndiyini bildirir.

Rəsmi Bakı Qarabağın blokadada olması iddialarını qətiyyətlə rədd edir.

Azərbaycan tərəfi bildirir ki, Ermənistanla sərhəddəki Həkəri çayı üzərində sərhəd yoxlama-buraxılış məntəqəsinin qurulması onun suveren haqqıdır və beynəlxalq normalara uyğundur.

Rəsmilər deyirlər ki, bu postdan əsas məqsəd Qarabağa silah-sursat və başqa qanunsuz yüklərin gətirilməsinin qarşısını almaqdır.

Bu da bildirilir ki, Qarabağın erməni əhalisi Ermənistana gedib-gəlmək üçün bu postdan istifadə edir.

Azərbaycan Qarabağa humanitar yüklərin gətirilməsi üçün Ağdam, habelə Füzuli-Şuşa yolundan istifadə edilməsini təklif edib. Avropa rəsmiləri Azərbaycanın bu təklifini alternativ variant kimi dəstəkləyiblər.

Lakin Qarabağdakı separatçı rejimin rəhbərləri Ağdamdan humanitar yardım gətirilməsi təklifini rədd ediblər və Əsgəran ərazisində Ağdama gedən yolu beton bloklarla bağlayıblar.

'Sərhəddə Azərbaycan ordusunun bizi hədəfə aldığını hiss etmədik'
Gözlə

No media source currently available

0:00 0:19:19 0:00

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Atəşkəsin pozulması ilə də bağlı vaxtaşırı məlumatlar yayılır. Tərəflər buna görə də, bir qayda olaraq, bir-birlərini günahlandırırlar.

XS
SM
MD
LG