Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:58

Maliyyə nazirliyi Beynəlxalq bankın bütün səhmlərini alıb


Maliyyə nazirliyi
Maliyyə nazirliyi

Azərbaycan Beynəlxalq Bankı (ABB) ASC-nin 600 milyon manat həcmində yeni səhm buraxılışının birjada yerləşdirməsinə bircə gün yetib. Bütün səhmləri Maliyyə Nazirliyi alıb.

Bakı Fond Birjasının (BFB-nin) açıqlamasına görə, yanvarın 19-da ABB səhmləri yerləşdirilərkən, alıcının adı qeyd edilməyib. Səhmlərin yerləşdirilmə ardıcıllığından görünür ki, Maliyyə Nazirliyi əvvəlcə nizamnamə kapitalındakı payına uyğun miqdarda – kapitalın 54,96 faizi qədər səhm alıb, ardınca yerdə qalanları da götürüb.

Buna da bax:​ 'Belə hökumətlə böhranı durdurmaq mümkün deyil'

Dövlətin payı 91 faizi aşdı

Beləcə, son səhm buraxılışından sonra Maliyyə Nazirliyinin ABB-dəki payı 76,3 faizə yüksəlib. «Aqrarkredit» Bank olmayan kredit təşkilatı QSC-nin payı da nəzərə alınmaqla, dövlət bu bankın səhmlərinin 91,29 faizinə nəzarət edir.

Ekspert: «Dövlət dəstəyi davam edəcək»

İqtisadçı Qulu İbrahimli deyir ki, dövlətin Beynəlxalq Banka 2015-ci ilin 3-cü rübündən başlanan maliyyə dəstəyi bununla bitməyəcək. Onun fikrincə, Dövlət Neft Fondundan (DHF-dən) bul il Mərkəzi Banka transfer ediləcək 7,5 milyard manatın (4,2 milyard dolların) 1,5 milyard dolları Beynəlxalq Bankın sağlamlaşdırılmasına xərclənəcək.

Buna da bax: Prezidentin dediyi kimi Azərbaycan 'öz hesabına'mı yaşayır?

Yardımın hansı təsiri var?

Hüquqşünas Əkrəm Həsənov ABB-yə pul axınlarının onun maliyyə göstəricilərinə müsbət təsir göstərmədiyindən narahatdır. «Hələ 5 il əvvəl Mərkəzi Bank ABB-yə 600 milyon manat məbləğində subordinasiya krediti ayırmışdı. Fevralda kreditin geri qaytarılması vaxtı yetişir. Güman edirəm ki, kreditin müddəti uzadılacaq, çünki bankı sağlamlaşdırmaq tədbirləri, hələlik, arzulanan nəticə verməyib».

Kapital sıfırın altında

ABB-nin son maliyyə açıqlamaları da ekspertlərin fikirlərini təsdiqləyir. Bu ilin əvvəlinə bankın kapitalı mənfi 679 milyon 635 min manat idi. Başqa sözlə, hətta Maliyyə Nazirliyinin kapitala yönəltdiyi 600 milyon manatdan sonra da, ABB-nin kapitalı sıfırın altından çıxa bilməyəcək.

Buna da bax:​ Beynəlxalq Banka ayrılacaq pulların taleyi sual altında qalır

Hökumətsə «hazırda aparılan və cari il ərzində davam edəcək sağlamlaşdırma tədbirləri nəticəsində kapitalın adekvatlıq göstəricilərinin normativlərə uyğun olacağını gözləyir». ABB-nin son emissiya prospektində belə deyilir.

Səhmdar: «Hüquqlarımız pozulub»

Bankın səhmdarı Şahin Əlizadə deyir ki, ABB-nin yeni rəhbərliyi səhmlərin yerləşdirilməsində müəyyən pozuntulara yol verib: «Abunə yazlışı haqda bildiriş səhmdarlara yanvarın 18-də - kampaniya başa çatan gün göndərilib. Məktubsa bir çox səhmdarlara yerləşdirmə başa çatandan bir gün sonra çatıb».

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Beynəlxalq Bankı ASC-nin 600 milyon manatlıq səhm buraxılışının dövlət qeydiyyatına alındığı vaxt haqqında (13 yanvar 2017-ci il) məlumatı 4 gün sonra (http://fimsa.az/articles/91) açıqlamışdı.

Buna da bax: Ekspertlərin fikirləri haçalandı. 'Gürcüstanda 'elit korrupsiya' daha yüksəkdir'

Maraqlıdır ki, ABB son səhm emissiyası barədə sənəddə səhmdarların 10 fevral 2016-cı il tarixli qərarına söykənir. Amma bankın həmin tarixdə yaydığı açıqlamadan görünür ki, səhmdarlar 600 milyon deyil, 500 milyon manat dəyərində səhm buraxılışına qərar veriblər.

Bazarda Beynəlxalq Bankın səhmi neçəyədir?

ABB-də düşünürlər ki, yeni səhm emissiyası səhmlərin gəlirlilik indikatorlarını (xalis mənfəətin mövcud səhmlərə nisbəti) azaldacağından, səhmlərin qiymətini azaldacaq.

Hazırda ABB-nin nominal qiyməti 27 qəpik olan bir ədəd səhminə bazarda 7-8 qəpik verirlər. Fond birjasında isə alqı-satqı əqdləri nominal qiymətə rəsmiləşdirilir.

XS
SM
MD
LG