Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:51

Əli Kərimlinin müşaviri: “Zərərçəkmiş mənəm”


Məmməd İbrahim
Məmməd İbrahim

-

"Burada bir zərərçəkmiş var, o da mənəm. Bu ittiham da ictimai-siyasi fəaliyyətimə, sosial şəbəkələrdə yazdığım tənqidi statuslara görə məni həbsdə saxlamaq üçün quraşdırılıb".

Bunu AXCP sədrinin müşaviri Məmməd İbrahim deyir. O, dekabrın 18-də başlanan məhkəmə prosesində həbsinə, eləcə də iş üzrə zərərçəkmiş qismində tanınan şəxslərin məhkəməyə gəlməməsinə münasibət bildirib.

Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) maddəsilə ittiham olunan Məmməd İbrahimin işinə Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyilə baxılır.

Buna da bax: "Məlumatın prezidentə çatması blok olunur"

ZƏRƏRÇƏKMİŞLƏR NİYƏ GƏLMİR?

İlk gündən Məmməd İbrahimin hüquqlarını vəkil Yalçın İmanov müdafiə etsə də, məhkəmə ona dövlət hesabına da vəkil təyin edib. Məmməd İbrahim məhkəmənin hazırlıq iclasında Tahir Qurbanovun xidmətindən imtina etdi.

Məlum oldu ki, iş üzrə zərərçəkmiş qismində tanınmış üç nəfərin heç biri prosesdə iştirak etmir. Hakim zərərçəkmişlərin iştirakı olmadan prosesin keçirilməsilə bağlı tərəflərin fikirlərini soruşanda vəkil Yalçın İmanov bildirdi ki, Məmməd İbrahim məhz onlardan birinin - Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış iş üzrə həbs olunub, bir müddət sonra digər iki nəfər də peyda olub:

"O iki nəfərin üzünü Məmməd İbrahim ilk dəfə üzləşmədə gördü. İfadəsində də bunu dedi. Əslində, biz onların da zərərçəkmiş kimi cəlb olunmasının hüquqi əsasını bilirik. Məqsəd Məmməd İbrahimin vəziyyətini, ona veriləcək cəzanın müddətini artırmaqdır. Bir halda ki, bu üç nəfər Məmməd İbrahimin onlara fiziki güc tətbiq etdiyini, hüquqlarını pozduğunu iddia edir, bəs niyə məhkəməyə gəlib hüquqlarını müdafiə etmirlər? Yox, əgər onların hüquqları pozulmayıbsa, bəs onda Məmməd İbrahim niyə burada dəmir barmaqlıqlar arasındadır? Amma prosesin əbəs yerə uzadılmaması üçün hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsinə etiraz etmirəm".

Məmməd İbrahim də etiraz etmədi:

"Bu işdə bir zərərçəkmiş var, o da mənəm. Mən də buradayam. Onlar dırnaqarası zərərçəkmişlərdir".

Buna da bax: Səməd Seyidov: «Azərbaycanı təxribata çəkirlər»

VƏSATƏTLƏR

Yalçın İmanov
Yalçın İmanov

Hazırlıq iclasında Yalçın İmanov Məmməd İbrahimin əməlində cinayət tərkibi olmaması səbəbilə onun barəsində cinayət işinə xitam verilməsi; həbs-qətimkan tədbirinin dəyişdirilərək, ev dustaqlığı ilə əvəzlənməsi; məhkəmə iclas protokolunun təhrif olunması ehtimalını nəzərə alaraq, prosesin audio və video çəkilişinin aparılmasına icazə verilməsi; yolverilməz sübutların işdən xaric edilməsi və müvəkkilinin dəmir qəfəsdən çıxarılıb yanında əyləşməsinə icazə verilməsi haqda vəsatətlər qaldırdı.

Yalçın İmanovun yolverilməz sübutlar kimi işdən çıxarılmasını istədiyi sənədlər ekspertiza rəyləri və Məmməd İbrahimə qarşı irəli sürülmüş ittihamın CM-nin 221.1-ci maddəsindən 221.2.2-ci maddəsinə tövsifi barədə qərar idi:

"Oktyabrın 5-də tövsif qərarı qəbul olunub, oktyabrın 6-da isə müstəntiq tövsif qərarının çıxarılmasına əsas ola biləcək materialların qeydə alınması və araşdırılması ilə bağlı Hərimanov Rayon Polis İdarəsinin rəisinə raport verib. Bu necə ola bilər ki, materiallar qeydə alınmamışdan bir gün əvvəl artıq tövsif qərarı verilib? Bu cinayət işi əvvəldən axıra qədər qərəz üzərində qurulub".

Buna da bax: Oqtay Əsədov: «ABŞ səfiri açıqlama versin ki...»

“BUR DƏNƏ DƏ BUTULKA TAPARAM”

Məmməd İbrahim də vəsatətlərə münasibət bildirərkən ictimai-siyasi fəaliyyətinə, sosial şəbəkələrdə tənqidi statuslarına görə həbs olunduğunu vurğuladı:

"Bu həbs mənə qarşı qərəz və qisasdır. Mənim maddəmi ağırlaşdıranda müstəntiq gəlib dedi ki, “vəkilin 221.1-ci maddə ilə həbsdə saxlanmanın yolverilməzliyi barədə ora-bura çox şikayət elədiyinə görə maddəni dəyişməli oldum. Məcbur eləsələr, bir dənə də plastmas butulka tapıb 221.3-cü maddəni də verəcəm”".

Prokurorun vəsatətlərin hamısına "hesab edirəm ki, təmin olunmasına ehtiyac yoxdur" şəklində münasibət bildirməsi vəkilin etirazına səbəb oldu. Yalçın İmanov bildirdi ki, müdafiə tərəfi bütün vəsatətlərini əsaslandırdığı kimi, dövlət ittihamçısı da adekvat yanaşma nümayiş etdirməlidir.

Vəsatətlərdən yalnız Məmməd İbrahimin dəmir qəfəsdən çıxarılması təmin olundu.

Məhkəmə baxışı dekabrın 28-nə təyin olundu.

GÖZLƏNİLMƏZ OLMAYAN QƏRARLAR

Vəkil Yalçın İmanov AzadlıqRadiosuna açıqlamasında bildirdi ki, vəsatətlərin təmin olunmaması onun üçün gözlənilməz qərar deyil:

"Əslində, bu cür siyasi işlərdə əvvəlki praktikanı nəzərə alaraq, bu məhkəmədə də nəticənin belə olacağını bilirdik. Amma istənilən halda, bütün hüquqi müdafiə vasitələrindən istifadə etməliyik və edirik. Ən azı, ona görə ki, bu işin gələcəkdə Avropa Məhkəməsinə getmək ehtimalı böyükdür".

Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub. Əvvəlcə ona qarşı CM-nin 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Təxminən bir ay sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılıb. CM-nin 221.2.2-ci maddəsinin sanksiyasında iki ilədək islah işləri və ya beş ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG