Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:44

Elman Rüstəmova inanmaq olar?


Karikatura
Karikatura

►MB sədri ilin sonunadək manatın məzənnəsində dəyişiklik gözlənilmədiyini deyib

Mərkəzi Bank (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov manat barədə yenə nikbin danışıb.

Niyə, yenə? Axı o, milli valyuta haqqında həmişə nikbin danışır və bu, çox vaxt özünü doğrultmur.

MB sədri bu dəfə nə deyib? Deyib ki, ilin sonunadək manatın məzənnəsi sabit qalacaq və daha sonra optimizminin qaynağını da açıqlayıb: “İqtisadi vəziyyət bunu deməyə əsas verir”.

Baş bankir ötən il yaşanan hər iki devalvasiyadan öncə manatın məzənnəcə sabit qalacağını bildirsə də, yanılmış və ictimai rəyi yanıltmışdı. Onun indiki açıqlaması da birmənalı qarşılanmır. Özəlliklə söhbət manatın sabitliyindən gedirsə. E.Rüstəmovun manat haqqındakı başqa diqqətəlayiq düşüncələrini belə özətləmək olar:

* Manat yenə də «üzən məzənnə» rejimində öz dayanıqlığını axtarır;

* Manatın taleyi həm daxili, həm də xarici amillərdən asılıdır;

* Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır.

MB sədrinin “Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır” fikri, ilk baxışda, maraqlı olduğu qədər də ziddiyyətlidir. Axı Neft Fondunun yanvar-mart aylarındakı 2 milyard 23 milyon manatlıq gəlirindən yalnız 148 milyon 800 mini vəsaitin idarə olunmasından əldə edilib. Bir sözlə, son məntiqi nəticə belə olmalıdır: Neft Fondunun özü də neftdən asılıdır.

____________________________________________________________

Bunlara da bax:
«Xəstə» Beynəlxalq Bankın uzunmüddətli müalicəsi
Robotla seks, hətta nigaha girmək mümkün olacaq

____________________________________________________________

“Manat üzmür... sürünür”

Əkrəm Həsənov
Əkrəm Həsənov

Bank məsələləri eksperti Əkrəm Həsənov, ilk olaraq, MB başçısının məzənnə rejiminə dair fikirlərini qəbul etmir:

“Əvvəla, Elman müəllim yenə də "üzən məzənnə"dən danışır. Halbuki hamır bilir ki, manat üzmür, uzaqbaşı, sürünür. MB sədri bu qədər qeyri-ciddi ola bilməz, axı. Belə qeyri-ciddi olandan və açıq-aşkar həqiqətə uyğun olmayan şeylər deyəndən sonra ona kim inansın? Hətta düz danışanda belə?!”.

Ə. Həsənov da manatın məzənnənin neft fondunun gəlirlərindən asılı olması barədə deyilənləri ciddiyyətdənkənar fikir sayır:

“Bəs fondun gəlirləri nədən asılıdır? Təbii ki, neftin qiymətindən. Mövcud ehtiyatların idarə edilməsindən gələn cüzi gəlir istisna olmaqla”.

“Devalvasiyadan sonra Elman müəllimə...”

Ekspertin baş bankirlə razılaşdığı məqam da var:

“Yeganə razılaşdığım odur ki, əlbəttə, məzənnə "həm daxili, həm də xarici amillərlə bağlıdır". Ancaq "bugünkü vəziyyət onu deməyə əsas verir ki, ilin sonuna qədər manatın məzənnəsində dəyişiklik gözlənilmir” demək yenə də həqiqətə uyğun deyil. Ölkədəki iqtisadi durum göz qabağındadır: geriləyirik! Belə vəziyyətdə manatla bağlı necə nikbin olmaq olar? Bütövlükdə isə devalvasiyadan sonra Elman müəllimə onsuz da inanan yoxdur. O, nə qədər ki MB sədridir, devalvasiya təhlükəsi sovuşmayıb”.

“Əksinə, ruh düşkünlüyü doğurur”

Ekspert Natiq Cəfərli E.Rüstəmovun manatla bağlı açıqlamalarının cəmiyyətdə birmənalı qarşılanmadığına diqqət çəkir:

“Söylədikləri, əksinə, ruh düşkünlüyü doğurur. Elman müəllimin bugünkü açıqlaması bir daha sübut edir ki, manatın müvəqqəti sabitliyinin tək səbəbi sərt monetar siyasət, manat kütləsinin dövriyyə baxımından 2 dəfəyədək azaldılmasıdır. Amma bu addım iqtisadi fəallığa ciddi ziyan vurub, ilk rübdə Ümumi Daxili Məhsul 3,5 faiz azalıb”.

XS
SM
MD
LG