Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:54

Masallıda «sənaye məhəlləsi» yaradılır, amma...


Alıcı olmadığından ağacların altına tökülən feyxoa, Azərbaycanın Cənub regionu
Alıcı olmadığından ağacların altına tökülən feyxoa, Azərbaycanın Cənub regionu

Ötən ay ölkə başçısı Masallı rayonunda sənaye məhəlləsi yaradılması haqqında sərəncam verib. Artıq, Masallı şəhərində bundan ötrü 10 hektar yer ayrılıb.

Masallı rayon İcra Hakimiyyətindən AzadlıqRadiosu-na bildiriblər ki, sənaye məhəlləsində fəaliyyət göstərməkdən ötrü 30-a yaxın sahibkar müraciət edib. Bu istiqamətdə işlər davam edir.

Buna da bax: Daha 6 rayonda sənaye məhəlləsi yaradılır

Çay plantasiyası, Azərbaycanın cənub regionu, iyul, 2016
Çay plantasiyası, Azərbaycanın cənub regionu, iyul, 2016

Sərəncamda qeyd edilir ki, sənaye məhəlləsini yaratmaqda məqsəd kiçik və orta sahibkarlığa dəstək vermək, qeyri neft sektorunu inkişaf etdirməkdir.

Masallı rayonun Həsənli kənd sakini, kiçik sahibkar Toğrul Məhrəmli rayonda sənaye məhəlləsinin yaradılmasına müsbət yanaşır. Amma O, bu işin effekt verməsinin bir neçə amildən asılı olduğunu söyləyir:

«Satmağa bazar yoxdur»

Buna da bax: Ən azı 4 milyarda başa gələn Avropa Oyunları

«Həmin sənaye məhəlləsində nə edəcəklər? Sovet vaxtında rayonda onlarla kənd təsərrüfatı məhsullarını emal edən müəssisələr var idi. Onlar məhv edilib. Tutaq ki, fabrik tikdilər. Bəs məhsulu haradan gətirəcəklər? Rayonda vaxtı ilə çay sahələri olub. Məhv edilib. Tutaq ki, konserv zavodu inşa etdilər. Hazırda rayonda bir neçə konserv zavodu var. Məhsul emal edirlər. Satmağa bazarları yoxdur. Mən özüm məhsul yetişdirirəm, satmağa bazar tapa bilmirəm».

Bazar, Azərbaycanın cənub regionu, iyul, 2016
Bazar, Azərbaycanın cənub regionu, iyul, 2016

Toğrul Məhrəmlinin fikrincə bu yolla kiçik və orta sahibkarlığın inkişafına nail olmaq mümkün deyil. O, hesab edir ki, əsas məsələ məhsula bazar tapmaqdır.

«Tomat zavodları pomidorun bir kilosunu 8-9 qəpiyə alırlar»

«Mən özüm 7 hektarda pomidor yetişdirmişəm. Hər hektara min manata yaxın xərc çəkilib. Hanı bəs? Tomat zavodları pomidorun bir kilosunu 8-9 qəpiyə, yerli bazarlarda isə 10 qəpiyə alırlar. Tədarük edən yoxdur. Halbuki, yayın ilk aylarında pomidorun 1 kilosu 1 manatdan aşağı düşmürdü. Deyirlər əkin, əkirik. Nəticədə ziyana düşürük. Hər dəfə bir oyun çıxardırlar. Gah fermer təsərrüfatı, gah sənaye məhəlləsi. Kömək hiss etmirik. Hamısı gözdən pərdə asmaq üçündür. Mənə məhsulumu satmağa bazar lazımdır, bazar verin. Qalanları ilə işiniz olmasın».

İqtisadçı Vidadi Mirzəyev deyir ki, sənaye məhəllələri ilə bağlı görülən işlərin nəticəsini gözləmək lazımdır. Ancaq onun fikrincə də bundan vacib məsələlər var:

Buna da bax: Atalar, deyəsən, devalvasiyada da üçdən deyib...

«Ölkədə monopoliya var...»

Vidadi Mirzəyev
Vidadi Mirzəyev

«Azərbaycanda quru çayın bazarı var. Biz quru çayın idxalından asılıyıq. Bəs nə üçün inkişaf yoxdur? Azərbaycanda vaxtı ilə 30 min tona yaxın yaşıl çay yarpağı istehsal olunardı. İndi səhv etmirəmsə 600 tona yaxın məhsul istehsal olunur. Sitrus və subtropik meyvələrə ehtiyac var. Lakin mövsüm vaxtı naringi və feyxoa məhsulları satılmadığı üçün bağlarda çürüyür. Ölkəmizin düyüyə ehtiyacı var. Düyü əsasən xaricdən gətirilir. Bizdə çəltikçiliyi inkişaf etdirmək olar. Çəltikçilik isə yerində saymaqdadır. Səbəb nədir? Ölkədə monopoliya var. Sağlam rəqabət yoxdur. İdxal olunan məhsullara yüksək ranqlı məmurlar nəzarət edir. Bundan milyonlarla qazanırlar. Ölkədə bu məhsulların yetişdirilməsində maraqlı deyillər. Kənd təsərrüfatına münasibət köklü sürətdə dəyişməlidir. Bu gömrük siyasəti ilə uyğunlaşdırılmalıdır».

Buna da bax: Kəndli: «Torpaqlarımız kefimizdən boşuna qalmayıb ki?»

«Yaşayarıq görərik»...

Azərbaycanda ilk sənaye məhəlləsi 2015-ci ildə Neftçala rayonunda yaradılıb. Sənaye məhəllələrin təşkili «Azərbaycan İnvestisiya Şirkəti» ASC-nə tapşırılıb. Cəmiyyətin icraçı direktoru Rövşən Nəcəf jurnalistlərə Neftçala Sənaye Məhəlləsində görülən işlərdən danışıb:

«Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün sahibkarlarla danışıqlar aparılıb. Tikinti işləri başa çatdıqdan sonra ilk mərhələdə balıq yemi, konserv, qayıq, balıqçılıq ləvazimatları, nasos, suvarma sistemləri avadanlıqları və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur».

Neftin qiymətinin düşməsi və ölkəyə gələn sərmayənin azalması bölgələrdə sənaye məhəllələrinin yaradılmasını gündəmə gətirdi. Hökumət rəsmilərinin deməsinə görə, bu yeni iş yerlərinin də açılmasına təkan verəcək. Masallıdakı sahibkarlar da deyillər: «Yaşayarıq görərik»!

Buna da bax:

Bir cənub şəhərində zoopark
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

XS
SM
MD
LG