Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:52

'Mehman bu addımıyla cəmiyyəti birləşdirdi'


Siyasi Məhbusları Müdafiə Mərkəzinin toplantısı.
Siyasi Məhbusları Müdafiə Mərkəzinin toplantısı.

«Bizdə olan məlumata görə, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi ölkəyə gəlib, vəziyyəti yerində araşdırmaq üçün dekabrda Azərbaycan hökumətinə rəsmi şəkildə müraciət edib. Məruzəçi onun ölkəyə səfər edib, vəziyyəti araşdırmasına şərait yaradılmasını istəyib. Hələ ki, onun müraciətinə cavab verilməyib», – hüquq müdafiəçisi Oqtay Gülalıyev koordinatoru olduğu Siyasi Məhbusları Müdafiə Mərkəzinin toplantısında bu barədə danışıb.

Hüquq müdafiəçisi bildirib ki, son vaxtlar siyasi məhbuslara artan təzyiqlər, bloqer Mehman Hüseynovun ətrafında baş verənlər beynəlxalq ictimaiyyət arasında da əks-səda doğurub. O.Gülalıyevin sözlərinə görə, Azərbaycanda siyasi məhbuslarla bağlı vəziyyət hazırda heç vaxt olmadığı qədər ağırdır.

«Ola bilsin, orada da neft axtarırlar»

Müsavat Partiyasının başqanı Arif Hacılı deyir ki, M.Hüseynovla bağlı baş verənlər Azərbaycandakı müxalif siyasi qüvvələri son 10-15 ildə heç vaxt olmadığı qədər sıx işləməyə, birgə əməkdaşlığa vadar etdi: «Hazırda da siyasi partiyalar arasında məsləhətləşmələr aparılır. İnanıram ki, bizim bu cür sıx əməkdaşlığımız, birgə fəaliyyətimiz uğurla nəticələnəcək. Siyasi məhbus probleminin həlli, söz və ifadə azadlığının təmin olunması və başqa fundamental hüquqların bərpasıyla bağlı istədiklərimizə nail olacağıq».

Siyasi Məhbusları Müdafiə Mərkəzinin toplantısı.
Siyasi Məhbusları Müdafiə Mərkəzinin toplantısı.

A.Hacılı M.Hüseynova qarşı baş verənlərə etiraz olaraq, Müsavat Partiyasının yanvarın 12-də «Məhsul» stadionunda keçirmək istədiyi mitinqə Bakı Şəhər İcra Hakimiyyətinin icazə verməməsinə də toxunub. Bildirib ki, onlara mitinqin «məqsədəuyğun» hesab edilməməsi barədə cavab verilib: «Absurd yanaşmadır. Sanki biz Bakı Şəhər İcra Hakimiyyətindən bu mitinqin məqsədəuyğun olub-olmadığını soruşmuşduq. Soruşmalı deyildik də. Bu cavabdan əvvəl məlumat aldıq ki, «Məhsul»un ətrafındakı yolları söküblər. Ola bilsin, orada da neft axtarırlar...».

Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvü, yazar Zümrüd Yağmur bloqerin aclıq aksiyasından danışarkən bildirib ki, Mehman bu addımıyla həm dirəniş göstərə bildiyini sübut etdi, həm də cəmiyyəti birləşdirdi: «Göründü ki, cəmiyyət istəyəndə bütün eqoları bir kənara qoyub birləşə bilir. Azərbaycanda hazırkı şəraitdə bu çox vacibdir. Çünki bu ölkədə siyasi mübarizə yox, istiqlal savaşı gedir. Düzdür, istiqlal savaşı yadellilərə qarşı olur. Məsələ bundadır ki, hazırkı hakimiyyət təfəkkür, yanaşma baxımından yadellilərdən fərqlənmir».

«Bilmirik nəyin dərdini çəkək»

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun anası Rəhimə Hüseynova Qobustan həbsxanasında oğluna, ilahiyyatçı Taleh Bağırova və başqa Nardaran məhbuslarının durumundan danışıb. Bildirib ki, T.Bağırovu son vaxtlar çox incidirlər, Nardaran hadisələrinə görə 19 il azadlıqdan məhrum edilmiş Cabbar Cabbarovu da həbsxanada döyüblər: «Abbas görüb Cabbarı döyürlər, həbsxana əməkdaşlarına deyib ki, onun ciyəri xəstədir, onu buraxın, məni döyün. Qobustan həbsxanasında bizimkiləri qandallayırlar, olmazın işgəncələrini verirlər. Bilmirik, aclığımızın, həbsxanaya aparılacaq yeməyin dərdini çəkək, yoxsa balalarımıza verilən işgəncənin...».

Siyasi Məhbusları Müdafiə Mərkəzinin toplantısı.
Siyasi Məhbusları Müdafiə Mərkəzinin toplantısı.

Toplantının sonunda həbsdə olan ictimai-siyasi fəallardan eyni gündə dünyaya gələn AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədli və jurnalist Əfqan Muxtarlının doğum günü qeyd olunub.

Penitensiar Xidmət isə həbsdə olan ictimai-siyasi fəallara təzyiq göstərilməsi, onların işgəncəyə məruz qalması haqda məlumatların əsassız olduğunu, belə halların qeydə alınmadığını bildirir.

Hakimiyyət təmsilçiləri, ümumiyyətlə, ölkədə siyasi baxışlarına görə heç kəsin həbs olunmadığını, fərdlərin konkret cinayətlərə görə cəza çəkdiyini deyir.

Bloqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atması iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. Bloqqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, M.Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Yeni ittiham təsdiqlənərsə, ona əlavə olaraq 3 ildən 7 ilə kimi həbs verilə bilər. Bloqqer ittihamı qurama sayır.

XS
SM
MD
LG