Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:02

Mehman Hüseynovun şikayəti təmin olunmadı


M.Hüseynov
M.Hüseynov

Bloqqer Mehman Hüseynovun iki il həbsə məhkum edilməsi haqda Suraxanı rayon Məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayəti təmin olunmayıb. Aprelin 12-də Bakı Apellyasiya Məhkəməsində bloqqer barədə hökmün qüvvədə saxlanılmasına qərar verilib. Qərarı Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər kollegiyası çıxarıb.

M.Hüseynovun vəkili Elçin Sadıqov qərarın qanunsuz olduğunu və Ali Məhkəməyə kassasiya şikayəti verəcəklərini bildirib: «Tamamilə əsassız, qanunsuz, heç bir hüquq normasına sığmayan qərardır».

147-Cİ MADDƏ

Müdafiəçi deyir ki, əgər Ali Məhkəmə də şikayəti təmin edib, ədalətli qərar çıxarmasa, Avropa Məhkəməsinə müraciət edəcəklər.

***Buna da bax-Mehman Hüseynov: 'Məni uzatmışdılar, biri də üstümdə oturmuşdu'

E.Sadıqov xatırladır ki, Avropa Konvensiyasının 10-cu maddəsi də ifadə azadlığına görə şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını qadağan edir.

«Azərbaycan hökuməti son zamanlar Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsindən jurnalistləri susdurmaq üçün istifadə edir», – E.Sadıqov belə deyir.

AXCP sədri Əli Kərimli də məhkəmədən sonra qərara münasibət bildirərkən deyib ki, M.Hüseynov kiməsə böhtan atdığına görə yox, məhz məmurların korrupsiya əməllərini ifşa etdiyinə görə cəzalandırılıb. Onun sözlərinə görə, bu qərar Azərbaycanda məhkəmələrin repressiya aparatının tərkib hissəsinə çevrilməsini bir daha sübut etdi: «Bu hakimiyyət korrupsionerləri himayə edir. Ona görə də, korrupsionerləri ifşa edənlər cəzalandırılır».

XATIRLATMA

Mehman Hüseynov Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında martın 3-də həbs olunub.

***Buna da bax: Mehman Hüseynovun vəkili: 'Müstəntiq yazıb ki, qan ləkələri...'

Polis rəisi iddia edir ki, M.Hüseynovun yanvarın 9-da başına torba keçirilib oğurlanması, daha sonra idarədə işgəncələrə məruz qalması haqda söylədikləri böhtandır. Ona görə Suraxanı rayon Məhkəməsinə müraciət edib, bloqqerin CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını istəyib. Məhkəmə də onun iddiası əsasında M.Hüseynovun iki il azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.

M.Hüseynov ittihamın əsassız olduğunu bildirir. Deyir ki, o, işgəncələr haqda olanları dilə gətirib. Konkret Musa Musayevə gəlincə, nəinki onun adını çəkməyib, ümumiyyətlə, bu adamı tanımır.

Bloqqer M.Hüseynov son aylar bəzi deputatlar, nazirlər haqqında videomateriallar hazırlayır, dəyəri milyonlarca manatla ölçülən villaların, bahalı əşyaların onlara məxsus olduğunu iddia edirdi.

XS
SM
MD
LG