Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:31

Liseydə oxuyanların imtahan nəticəsi ölkə ortalamasından 60 faiz daha yaxşıdır


Məktəbə 8 saatlıq yol? Astarada uşaqlar dərsə getmirlər deyə, nə saymağı, nə də adlarını yaza bilirlər.
Gözlə

No media source currently available

0:00 0:04:58 0:00

Məktəbə 8 saatlıq yol? Astarada uşaqlar dərsə getmirlər deyə, nə saymağı, nə də adlarını yaza bilirlər.

Bakının nəticələri rayonlardan 32 faiz daha yaxşıdır

Təhsil Nazirliyi ötən il üzrə hesabatını açıqlayıb. Hesabatda 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarındakı göstəricilərinə də yer verilib. Məzunlar buraxılış imtahanında tədris dili, riyaziyyat və xarici dil olmaqla, üç fəndən imtahan veriblər. Hər fənn üzrə 100 ballıq qiymətləndirilmə aparılıb, yəni məzunların maksimum 300 bal toplamaq şansı olub. Nazirliyin açıqladığı göstəricilərə görə, 2021-ci ildə ölkə üzrə 11-ci sinif məzunlarının buraxılış imtahanlarında topladığı orta bal 114.34-dür. Bu, son iki illə müqayisədə daha aşağı göstəricidir. 2020-ci ildə eyni göstərici 115.48-ə, 2019-cu ildə 114.64-ə bərabər olmuşdu. Bu o deməkdir ki, orta statistik 11-ci sinif şagirdi buraxılış imtahanındakı balların cəmi 38 faizini toplaya bilir.

Diqqətçəkən daha bir məqam Bakı şəhəri və rayonlar arasındakı nəticələrdə fərqlə bağlıdır. Buraxılış imtahanlarında Bakı məktəblilərinin topladığı orta bal 133 olub. Ölkənin rayonları üzrə qeydə alınan orta göstərici cəmi 101 baldır. Deməli, Bakıda qeydə alınan orta göstərici rayonlarla müqayisədə 32 faiz yüksəkdir.

Paytaxtın da öz geridə qalanları var

Paytaxtın rayonları arasında ən yüksək göstəricisi Nəsimi rayonundakı məktəblərdə qeydə alınıb (162.74). Bu, nəticələrinə görə ikinci yerdə qərarlaşan Xətai rayonu ilə (144.88 bal) müqayisədə də 12 faiz daha yaxşı nəticədir. Bakıda orta balın ən aşağı olduğu rayonlarsa Sabunçu (122.74 bal), Pirallahı (117.49 bal) və Qaradağ (110.90 bal) olub.

Ölkədə ən yüksək orta bal Qubadlı rayonunun məzunları arasında qeydə alınıb. Qubadlı rayonu məktəblərindən məzun olanlar arasında buraxılış imtahanlarında toplanan orta bal 142.90 olub. İkinci yeri tutan Sumqayıt şəhərində bu göstərici 139.28 bal, üçüncü yerdəki Bakı şəhərində isə 133.47 baldır. Naxçıvan Muxtar Respublikası üzrə qeydə alınan orta göstərici isə 122 balı aşmayıb.

Oğuz rayonu (123.05 bal), Abşeron rayonu (122.70 bal), Mingəçevir şəhəri (121.95 bal), Şuşa rayonu (121.77 bal) və İsmayıllı rayonu da (120.18 bal) orta göstəriciyə görə ilk onda qərarlaşıb.

11-ci sinif şagirdlərinin buraxılış imtahanında ən aşağı göstərici qeydə alınan bölgə Ağsu rayonu olub. Ağsu məzunları buraxılış imtahanında cəmi 78.28 bal toplayıb. Başqa deyimlə, onlar imtahanda, orta hesabla, mümkün balların cəmi 26 faizini toplaya bilib. Ən zəif nəticələrin qeydə alındığı digər iki rayon Yardımlı və Saatlıdır. Hər iki rayonda məktəblilərin orta balı 80-i aşmayıb.

Sabirabad (81.69 bal), Zərdab (84.02 bal), Cəlilabad (84.39 bal), Kürdəmir (84.85 bal), Daşkəsən (85.23 bal), Biləsuvar (89.24 bal) və İmişli rayonları da (89.63 bal) məzunların nəticələrinin ən aşağı olduğu 10 rayon arasında yer alıb.

Hər kəsə nəsib olmayan keyfiyyətli təhsil

Nazirliyin açıqladığı hesabatda diqqətçəkən daha bir məqam Təhsil Nazirliyinin tabeliyindəki və ya özəl liseylərin nəticələrinin digər rayon və şəhərlərlə müqayisədə kəskin yüksəkliyi ilə bağlıdır. Həmin lisey məzunlarının buraxılış imtahanlarında ortalama 182 bal toplayıblar. Bu o deməkdir ki, liseylərin imtahan ortalaması ölkə üzrə toplam ortalamayla müqayisədə 60 faiz yüksəkdir. Məhz bu məqam Azərbaycan orta məktəblərində təhsilin keyfiyyətcə yarıtmaz olmasının göstəricisi sayıla bilər. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, nəticələri yüksək olan həmin liseylərin bir çoxu ödənişli əsaslarla fəaliyyət göstərir. Bu isə əhalinin azgəlirli hissəsinin, ümumiyyətlə, keyfiyyətli təhsil almaqdan məhrum olmasına gətirib çıxarır.

Liseylərdən məzun olan şagirdlər buraxılış imtahanlarında tədris dili üzrə mümkün 100 balın 64.02-ni, riyaziyyat üzrə 49.61-ni, xarici dil üzrə isə 68.76-nı toplamağı bacarıb.

XS
SM
MD
LG