Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:56

Məmməd İbrahimə 3 il həbs kəsildi


Məmməd İbrahim
Məmməd İbrahim

-

AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin məhkəməsi bitib. Martın 15-də Nərimanov Rayon Məhkəməsində elan olunan hökmlə Məmməd İbrahimə 3 il həbs cəzası kəsilib.

Hakim Turqay Hüseynov CM-in 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə Məmməd İbrahimə verilən ittihamın məhkəmədə də sübuta yetirildiyi qənaətinə gəlib. İttihamçı tərəfin bütün şahidlərinin Məmməd İbrahimin günahsızlığına dair məhkəmədə söylədiklərinə gəlincə, hökmdə qeyd edilib ki, zərərçəkmişlərin ifadələri və ekspert rəyləri ilə ziddiyyət yaratdığından, şahid ifadələrinə əsaslanmaq olmaz.

«VAXT GƏLƏR...»

Dəmir barmaqlıqlar arxasında olan Məmməd İbrahim azadlıqdan 3 il məhrum edilməsinə belə reaksiya verib: «Heç sizin qulluq elədiyiniz hakimiyyətin üç il ömrü qalmayıb. Vaxt gələr, siz də bu sifarişli hökmə imza atdığınıza görə cavab verərsiniz...».

Onun vəkili Yalçın İmanov hökmün əsassız və ədalətsiz olduğunu bildirib: «Bu hökm Azərbaycanda məhkəmələrin hansı dəyər və prinsiplərlə işləmələrinə dair parlaq əyani vəsaitdir. Bu məhkəmələrdən ədalətsiz qərarlar gözləmək tam təbiidir. Məhkəmələr sanki sonda ittihamın gəldiyi nəticəni təsdiqləməyə xidmət edir. Hökm açıqlanarkən məlum oldu ki, məhkəmədə baş verənlər, o cümlədən zərərçəkmiş və şahid ifadələri, araşdırılmış digər sübutlar təhrif olunub. Bu, illərdir belədir. Xüsusən siyasi mənsubiyyətinə görə həbs olunan şəxslərlə bağlı bizim gözləntimiz olmayıb. Bununla belə, adam yenə hər dəfə təəccüblənir».

«ƏDALƏTLİ QƏRAR GÖZLƏMİRİK»

O, hökmdən apellyasiya şikayəti veriləcəyini də söyləyib. Apellyasiya instansiyasından da ədalətli qərar gözləmədiklərinə diqqət çəkən vəkil bu addımı belə əsaslandırıb:

«Sadəcə, işi daha yuxarı instansiyaya çatdırmaq üçün bu prosedurları keçmək məcburiyyətindəyik».

Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istərkən Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub.

Məmməd İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

XS
SM
MD
LG