Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:00

Mher Qriqoryan: Növbəti görüşdə sənədlər və xəritələr müəyyənləşdiriləcək


Mher Qriqoryan
Mher Qriqoryan

Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyaların yanvarın sonlarında keçiriləcək görüşündə müzakirə olunacaq sənədlər və xəritələr müəyyənləşdirilməlidir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.

Lakin o görüşün keçiriləcəyi tarix və yer haqqında heç bir açıqlama verməyib və bildirib ki, bunlar barədə ayrıca razılaşma əldə olunmalıdır.

Qriqoryan deyib ki, ilkin razılaşmalara əsasən bu görüşdə komissiyaların birgə fəaliyyətinin tənzimlənməsinə dair razılaşmanın layihəsi müzakirə olunacaq.

Onun sözlərinə görə tərəflər birgə işin hansı hüquqi sənədlər və SSRİ dövrünün hansı topoqrafik xəritələri əsasında aparılmalı olduğunu, habelə bunlardan hansıların hüquqi əsasının olmasını müəyyənləşdirməlidir.

İlham Əliyev demişdi ki...

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev demişdi ki, delimitasiya komissiyalarının növbəti görüşünün gündəliyində əsas məsələ sərhədin Qazax-Tovuz sektorunun, daha dəqiq deyilərsə Azərbaycanın bu sektorda olan 8 kəndinin müzakirəsi olacaq.

Qazax rayonuna aid 8 kənd 1990-cı illərdə müharibənin başlanğıcında Ermənistan tərəfindən işğal edilib.

Azərbaycan prezidenti bunu da demişdi ki, Bakı 1970-ci illərə aid sovet xəritələrini derlimitasiya üçün əsas kimi qəbul etməyəcək. Lakin o delimitasiya üçün hansı xəritələri məqbul saydığını da deməmişdi.

Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının son görüşü noyabrın 30-da sərhədin İcevan və Qazax sektorlarında keçirilib.

Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin rəhbərlik etdiyi komissiyalar indiyədək 5 görüş keçiriblər.

Azatutyun yazır ki, onlardan biri Yerasxda, 2-si Tavuş və Qazax rayonlarında və hərəsində bir görüş olmaqla Moskvada və Brüsseldə keçirilib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG