Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:38

Milli Şura: "Xalqın hakimiyyəti zorla əlindən alındı"


Milli Şuranın sədri Cəmil Həsənli
Milli Şuranın sədri Cəmil Həsənli



Milli Şura 1 noyabr parlament seçkisi ilə bağlı bəyanat verib. Bəyanatda bu seçki "ölkə tarixinin ən rüsvayçı seçkisi" adlandırılır:

"Hələ seçkidən əvvəl onun azad və ədalətli keçməyəcəyi bəlli idi və Milli Şura bu barədə dəfələrlə xəbərdar etmişdi. Ölkədəki repressiv mühit seçki dövründə də olduğu kimi saxlanıldı. Avtoritar idarəçiliyin bütün gücü ilə davam etdiyi bir şəraitdə azad seçkilərdən söhbət gedə bilməzdi. Bundan başqa, seçki komissiyaları bütövlükdə hakimiyyətin nəzarətində saxlanıldı və bu, Seçki Məcəlləsindəki bəzi müddəalarla birlikdə ədalətli rəqabət mühitini istisna edirdi.”

Sənəddə daha sonar deyilir ki, bu, Azərbaycan tarixində beynəlxalq səviyyədə boykot olunan ilk seçkidir:

“Seçki prosesinin özü də kütləvi qanun pozuntusu şəraitində keçdi və müxalifət adı ilə seçkilərə qatılan ictimai-siyasi qurumların mütləq əksəriyyəti proses ərzində namizədliyini geri götürdü. Yüzlərlə müstəqil namizədin də eyni addm atması ilə qeydə alınmış namizədlərin 40%-dən artığı (500 nəfərdən çox) seçkidə iştirakdan imtina etdi.”

AzadlıqRadiosunun seçkilər haqda programını burdan izləyə bilərsiz

Milli Şuranın müşahidələrinə görə, bu seçkilərdə seçici fəallığı təqribən 10%-in ətrafında oldu:

“Hökumət əvvəlcədən yaratdığı “karusel” qrupları hesabına seçkidə iştirak faizini süni şəkildə yüksəltməyə çalışdı.

İndi heç kimdə şübhə yoxdur ki, aylar öncədən hazırlanmış siyahı üzrə deputatlar formal olaraq seçilmiş elan ediləcəklər. Bu, xalqın da, beynəlxalq birliyin də nəzərində artıq deputatların seçilməsi yox, təyin edilməsidir.”

Milli Şura bəyan edir ki, 1 noyabr seçkisi xalqın iradəsini ifadə etmir və tamamilə saxtadır:

“Siyasi hakimiyyət inzibati zorakılıq yolu ilə qanunverici orqanı ələ keçirib, onu xalqın etimad göstərmədiyi adamlardan ibarət olmaqla formalaşdırıb. Milli Şura bəyan edir ki, bu, hakimiyyətin açıq-aşkar qəsb edilməsidir. 20 ildən artıqdır ölkədə hökmranlıq edən Əliyevlər rejimi növbəti dəfə xalqın hakimiyyətini zorakı yollarla onun əlindən alıb”

Milli Şura bu seçki ilə formalaşacaq parlamentin xalqın iradəsini ifadə etmədiyini və legitim olmadığını bəyan edir.

Milli Şurada bir neçə müxalifət təşkilatı və ictimai fəal birləşib.

Hakim Yeni Azərbaycan Partiyası isə bu seçkinin tam azad, demokratik keçdiyini, özünün 125 yerlik parlamentdə 70-a yaxın mandata ümid etdiyini bildirib.

XS
SM
MD
LG