Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 22:57

Rusiyaya gələn miqrantlara ‘xüsusi mobil əlavəsi’ qoyula bilər


Rusiya Daxili İşlər Nazirliyi ölkəyə xaricdən gələn əməkçi miqrantlar üçün xüsusi mobil telefon əlavəsinin yaradılmasını təklif edib.

RIA Novosti agentlyinin hüquq-mühafizə orqanlarındakı mənbələrinin dediyinə görə bu əlavələr sərhədi keçən miqrantların smartfonlarına icbari qaydada qoyulmalıdır.

Təklifə görə “Miqrant” adlandırılan bu əlavədə şəxs barədə rəqəmsal məlumatlar yerləşdiriləcək.

Bunlara şəxsin biometrik məlumatları, məhkumluğunun olub-olmaması və başqa informasiyalar daxildir.

Sosial etibarlılıq

Daxili işlər orqanlarındakı mənbə deyib:

"Belə bir təklif var ki, hələlik eksperiment qaydasında miqrantın rəqəmsal profili işlənib hazırlansın. Bütün bu məlumatlar miqrantın “sosial etibarlılıq reytinqini” formalaşdıracaq. Bu reytinqdə miqrantın sosial-hüquqi statusu barədə bütün məlumat əks olunmalıdır. Bura biometrik məlumatlar, sağlamlıq barədə informasiya, kriminal keçmişin olub-olmaması daxildir”.

Bu da bildirilir ki, əlavənin yerləşdirilməsindən imtina edənlərin sosial etibarlılıq reytinqi avtomatik düşəcək.

RIA Novosti xəbər verir ki, nazirlikdə habelə ölkədə olan qanunsuz miqrantlara hüquqi amnistiyanın verilməsi təklif olunub. Bu zaman əsas şərt miqrantın hər hansı cinayət törədib-törətməməsi olacaq.

Bundan başqa qanunsuz miqrantların kütləvi şəkildə dövlət qeydiyyatına götürülməsi təklif olunub.

Bundan əvvəl Rusiya Rabitə Nazirliyi Moksvada 2020-ci ilin 1 iyulundan 2021-ci ilin 31 dekabrınadək eksperimental qaydada pasport əvəzinə mobil telefon əlavəsinin tətbiq edilməsini təklif etmişdi.

Nazirliyin təklifinə görə smartfon əlavəsi ilə bir sıra dövlət, bələdiyyə və başqa xidmətlərdən istifadə etmək olardı.

İnsanların izlənməsinə xidmət edəcək

Lakin rəqəmsal texnologiya ekspertləri şəxsi informasiyaların belə əlavələrin vasitəsi ilə verilməsinin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Onların fikrincə smartfondakı “rəqəmsal şəxsiyyətin” konkret adama bağlanması insanların “rəqəmsal izlənməsinə” yol aça bilər.

Ekspertlər xatırladırlar ki, belə texnologiyalardan son illərdə Çin fəal istifadə edir.

Çində fəaliyyətdə olan sosial kredit sistemində hər bir şəxsin öz “reytinqi” var. Bu reytinq şəxsin davranışından asılı olaraq yüksələ və ya enə bilər.

Reytinq tam olaraq Çin hakimiyyət orqanlarının nəzarətindədir. Reytinqin enməsi, məsələn, səfərə çıxmağı, yaxşı mənzil kirayələməyi, bank hesabı açmağı çətinləşdirə bilər.

Bundan başqa aşağı reytinqli şəxslərin fotoları xüsusi “rüsvayçılıq lövhələrində” yerləşdirilir.

XS
SM
MD
LG