Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:28

'Z' filminin adı dəyişdi


Mişel Azanaviçus
Mişel Azanaviçus

"Z" hərfi son zamanlar Putinin Ukraynaya hücumuna dəstəyin rəmzi kimi görülür. Fransalı kinorejissor Mişel Azanaviçus Ukrayna Kino İnstitutunun çağırışı ilə ilk adı "Z" olan filminin adını dəyişib. Kann festivalının açılış gecəsində göstəriləcək film Fransada "Coupé" adı ilə tanınacaq. Dünya tamaşaçıları isə bu zombi komediyasına "Final Cut" adı ilə baxa biləcəklər.

"[İlk qoyduğum] başlıq, bəlkə də, bir neçə ay öncə, film yeni tamamlananda gülməli idi. Ancaq bu gün o, heç də gülməli deyil və mən onu görmək istəmirəm. Filmim sevinc gətirmək üçündür və mən onun bu müharibə ilə hər hansı şəkildə assosiasiya olunmasını istəməzdim. Buna görə də başlığı sevə-sevə dəyişirəm və bu kiçik jestlə Ukrayna xalqına tam dəstəyimi göstərirəm", – Azanaviçus "Variety" portalına açıqlamasında deyib.

Rusiyalı rejissorlarla əməkdaşlıq

Putinin fevralda Ukraynaya hücuma başlamasından bəri dünyanın əsas film festivalları Ukraynaya dəstək nümayiş etdirmək üçün çətin suallar qarşısında qalıblar. İlk vaxtlar Rusiya filmlərinin festivallara buraxılmaması ətrafında debatlar aparılırdı. Ancaq əksər hallarda bu təkliflərdən imtina edildi, çünki müharibəni dəstəkləməyən sənət adamlarının cəzalandırılması düzgün addım sayılmadı. Festivalların çoxu rusiyalı rejissorlarla əməkdaşlığı davam etdirir. Amma Azanaviçusun "Z" filminin Kann festivalında müsabiqədənkənar iştirakı məsələsi ortaya çıxanda təşkilatçılar çətin vəziyyətdə qaldılar.

2017-ci ildə çəkilən "One Cut of the Dead" adlı yapon zombi komediyasının rimeyki olan bu filmdə Romen Düris və Berenis Bejo kimi aktyorlar rol alıblar. Tamaşaçılar "The Artist" filminin müəllifinin çəkdiyi filmi böyük maraqla gözləyirlər. Əvvəlcə filmin premyerasının "Sundance" kinofestivalında olacağı gözlənilirdi. Ancaq bu onlayn festivaldan sonra premyeranın Kann festivalına keçirilməsi qərara alındı. Bundan sonra da Putinin Ukraynaya hərbi hücuma başladığı üçün filmin adı problem yaratmağa başladı; filmin adı Rusiyanın nifrət simvolu ilə assosiasiya oluna bilərdi.

Etnik millətçilik rəmzi

Rusiya ordusu öz hərbi maşınlarını Ukrayna texnikasından ayıra bilməkdən ötrü onların üzərinə "Z" hərfini yazır. Müharibə başlanandan bu rəmz Rusiya və Avropa mədəniyyətlərində daha geniş məna daşımağa başlayıb. Mediada bu işarəni nasist svastikasına oxşadanlar da var. Çünki "Z" də nasizmə çox bənzəyən etnik millətçiliyi təbliğ edən rəmzdir.

Ukrayna parlamenti - Ali Rada həm bu, həm də oxşar məqsədə xidmət edən "V" rəmzini ölkə ərazisində yasaqlayıb.

Azanaviçusun filminin başlığı zombilərə çox yaraşsa da, ukraynalılar artıq nifrət simvoluna çevrilmiş bu işarənin belə bir nüfuzlu kinofestivalda önə çəkilməsindən narahat olublar. Ukrayna Kino İnstitutu Kann festivalına məktubunda belə yazıb: "Biz düşünürük ki, Kann film festivalının açılış filminin adının dəyişdirilməsi Rusiya ordusunun barbarlığı, zorakılığı və terroruna qarşı jest olardı".

Gücsüzlük və kədər hissi

Filmin adının dəyişdirilməsi həm Azanaviçus, həm də Kann festivalı üçün asan addım idi. Artıq bir müddət əvvəldən filmin dünya ekranlarına "Final Cut" başlığı ilə çıxması qərara alınmışdı.

"Bu başlığın (Z) Ukrayna xalqına müəyyən narahatlıq gətirdiyini bilmək mənə gücsüzlük və kədər hiss etdirir. Çünki bunu heç etmək istəməzdim", – Azanaviçus "Variety"yə açıqlamasında deyib.

Filmin Fransadakı adını dəyişdirmək üçün artıq çox gec olduğunu deyən rejissor beynəlxalq bazarda işlənən "Final Cut" adını Kannda da işlətmək istədiyini demişdi.

"Mən artıq yetərincə əzab çəkən Ukrayna xalqı haqda düşünürəm və onlara daha çox ağrı və narahatlıq vermək etmək istədiyim ən son şeydir", – Azanaviçus demişdi.

XS
SM
MD
LG