Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:33

Moldova Rusiya səfirliyinin 45 əməkdaşını ölkədən çıxaracaq


Kişinyovdakı Rusiya səfirliyi
Kişinyovdakı Rusiya səfirliyi

Moldovanın Xarici İşlər və Avrointeqrasiya Nazirliyi ölkədə akkreditə olunmuş Rusiya diplomatlarının sayını kəskin ixtisar etməyi planlaşdırır.

Buna Kişinyovdakı Rusiya səfirliyinin ərazisində dinləmə qurğuları və agentlər barədə The Insider saytının apardığı təhqiqat nəticələrinin dərc edilməsi səbəb olub.

Moldova XİN-in sözçüsü İqor Zaxarov deyib ki, Moldova Rusiyanın Kişinyovdakı səfirliyinin 18 diplomatını və 27 texniki əməkdaşını ölkədən çıxaracaq.

Beləliklə Rusiyanın Moldovadakı səfirliyində yalnız 10 diplomat və 15 texniki işçi qalacaq.

Moldovanın xarici işlər naziri Niku Popeskunun bu barədə bəyanatında deyilir:

"Bir neçə onillik ərazində biz Rusiya tərəfindən bir neçə növ fəaliyyətlərin, o cümlədən düşmən siyasətin şahidi və obyekti olmuşuq. Başqa bir ölkənin diplomatik korpusunun əhəmiyyətli hissəsinin ölkəmizdəki vəziyyətin sabitsizləşdirilməsinə yönəldiyi bir şəraitdə biz siyasi qərarlar qəbul edən idarələr və şəxslərlə birlikdə Moldovadakı RF səfirliyi diplomatlarının sayının məhdudlaşdırılmasının zəruriliyinə dair ümumi razılığa gəlmişik”.

Casusluq ittihamı

Nazir bildirib ki, bu niyyət barədə Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsova məlumat verilib.

Popesku deyib ki, Rusiya səfiri XİN-ə səfirliyin damındakı antenalar barədə izahat vermək üçün çağırılmışdı.

Moldova XİN habelə bildirib ki, hazırda Rusiya diplomatlarının casusluq fəaliyyətinin xarakter və miqyası təhqiq edilir:

"Biz istənilən casusluğu və Moldovanın daxili işlərinə suverenliyimizə və milli dövlət təhlükəsizliyimizə birbaşa hədə yaradan xarici müdaxiləni tamamilə qeyri-məqbul hesab edirik”.

Səfirin və Zaxarovanın xəbərdarlığı

Öz növbəsində Rusiya səfiri Vasnetsov nazirlə görüşdən sonra deyib ki, “belə qərarları qəbul edən məsul şəxslər bunun gələcəkdə ikitərəfli müstəviyə keçəcəyini anlamalıdırlar”.

Səfir diplomatik missiyanın damındakı çoxsaylı antenaları Moldovada telefon və internetin qüsurlu işi ilə izah edib.

O əlavə edib ki, bu antenalar yerli ticarət şəbəkələrindən alınıb.

Bu arada Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova deyib ki, Rusiya hakimiyyəti Moldovanın diplomatları ölkədən çıxarmaq qərarını “əsassız və dost olmayan hərəkət hesab edir və bunun cavabı veriləcək”.

Zaxarova habelə The Insider saytının təhqiqatının nəticələrini təkzib edib və deyib ki, bundan məqsəd Moldovanın rəhbərliyini “ölkəmizə qarşı dost olmayan hərəkətə təşviq etmək olub”.

The Insider nə yazıb?

The Insider Jurnal TV jurnalistləri ilə birlikdə müşahidə etmişdi ki, Rusiyanın Kişinyovdakı damında 28 antena və peyk boşqabı qoyulub və səfirlikdə işləyən Rusiya agentləri dama tez-tez çıxırlar.

Təhqiqatçılar bildirirlər ki, bu, daha çox parlament və prezident seçkiləri zamanı, habelə Avropa İttifaqı Siyasi İcmasının sammitinin keçirildiyi günlərdə baş verib:

"Bu antenalar peyk rabitəsi, mikrodalğalı retranslyasiya xətti qurmağa və ya naqilsiz internet marşrutizatorunun siqnallarının gücləndirilməsinə və beləliklə də gəmilərin, təyyarə və idarə olunan raketlərin yerini dəqiqləşdirilməsinə imkan yaradır. Antenalar peyk rabitəsi telefonlarının siqnallarını tuta bilir. Bu isə yerli polisin rasiya ilə danışıqlarını dinləmək imkanı yaradır”.

Bu ilin aprel ayında Moldova hakimiyyət orqanları Tatarıstanın başçısı Rustam Minnixanovla əlaqədar insidentə görə Rusiya diplomatını ölkədən çıxarmışdı.

Minnixanov Moldovaya Qaqauz muxtariyyətinin başçısı vəzifəsinə namizəd Viktor Petrovun dəvəti ilə “Xalqlar dostluğu” xalq diplomatiyası forumunda iştirak üçün gəlmişdi.

Bunun ardınca Rusiya XİN də cavab olaraq bir Moldova diplomatının ölkədən çıxarılmasına dair qərar qəbul etmişdi.

XS
SM
MD
LG