Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:31

Moskva Vaşinqton-Bakı yaxınlaşmasından narahatdır – Rusiya mediası


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Entoni Blinken Vaşinqton görüşündən əvvəl (Arxiv fotosu)
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Entoni Blinken Vaşinqton görüşündən əvvəl (Arxiv fotosu)

Son günlərdə Rusiyanın bir çox mediaları Qarabağdan, Laçın dəhlizində və Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətdən, ən başlıcası bu proseslərə ABŞ-ın müdaxilə cəhdlərindən yazırlar.

Rusiya mediasının iddialarına görə ABŞ tərəflərə Bakı ilə Xankəndi arasında mümkün dialoqun vasitəçiliyini qəbul etdirməyə çalışır.

Rusiya Xarici İşlər Nazirliyi TASS dövlət xəbər agentliyinə bu xəbərlərdən narahat olduğunu bildirib.

Rusiyanın Komsomolskaya Pravda qəzeti “öz mənbələrinə” istinadla yazıb ki, ABŞ Qarabağ separatçılarından Azərbaycanla “üçüncü bir ölkədə” və “ABŞ kuratorlarının müşahidəçiliyi ilə” dialoqa razılıq vermələrini “ultimativ şəkildə” tələb edib.

Qəzet iddia edir ki, Qarabağ rejimini əgər bu dialoqdan imtina edərsə, Azərbaycanın antiterror əməliyyatı ilə hədələyirlər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyunun 15-də keçirdiyi brifinqdə bu media məlumatlarından agah olduğunu bildirib.

O əlavə edib ki, əgər faktlar təsdiqlənərsə, ABŞ tərəfi buna görə izahat verməli olacaq.

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi hələ də boşdur

“Vaşinqton Azərbaycana doğru yeni dönüşə başlayıb. Prezident Co Baydenin fikrincə Rusiyanı Cənubi Qafqazdan qovmaq və Bakını regionda əsas müttəfiq etməyin vaxtı çatıb. Buna görə də Azərbaycana erməni lobbisi ilə heç şəkildə bağlılığı olmayan Libbini səfir göndərmək qərarı verilib”.

Bunu Rusiyanın “Novıye İzvestiya” qəzetinin müxbiri Sergey Kron yazıb.

Məqalədə deyilir ki, bundan əvvəl Amerika Ermənilərinin Milli Komitəsi (ANCA) və ABŞ Konqresindəki nüfuzlu erməni lobbisi vəd etmişdilər ki, Libbi “əlini İncilə basaraq" ABŞ-ın Azərbaycana silah satmayacağını vəd etməyənədək onun Bakıya səfir təyin edilməsinə imkan verməyəcəklər.

Amma Kron bunu da qeyd edir ki, “hərçənd səfirlər silah təchizatı ilə məşğul olmurlar”.

Kron vurğulayır ki, ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi artıq bir ildir boş qalır.

Məqalədə vurğulanır ki, Ağ Evin Azərbaycanda səfir vəzifəsinə namizədi Mark Libbi iyunun 12-də ABŞ senatorları qarşısında çıxış edib.

Rusiya qəzeti yazır ki, əvvəllər ABŞ-ın Brüsseldə, Varşavada, Nassau, Nikosiya və Bağdaddakı missiyalarında çalışmış Libbi bu görüş zamanı “ehtiyatla” danışmağa çalışırdı.

O bildirirdi ki, Azərbaycandakı fəaliyyəti “ərazi bütövlüyü, suverenlik və regionun bütün sakinlərinin hüquq və təhlükəsizliyi” kimi məsələlərlə bağlı olacaq.

Diplomatın dediyinə görə Bakı və Yerevan arasında sülh müqaviləsinin əldə olunması “ABŞ və Azərbaycan arasında daha dərin əlaqələrə yol açacaq”, bu isə regionda sabitlik yaradacaq və “münaqişədən fayda götürməyə çalışan rəqiblərin qarşısını alacaq”.

Kronun yazdığına görə Libbi Konqresdə erməniyönlü mövqeyi ilə tanınan senator Bob Menendesin Laçın dəhlizi barədə sualına belə cavab verib:

“Mən bu məsələyə qərəzli yanaşmaq istəmirəm və nəzərə alıram ki, bu çox mürəkkəb məsələni münaqişə tərəflərinin özləri həll etməlidirlər”.

“Azərbaycan Rusiyanın regiondakı yeganə müttəfiqi olacaq”

“Novıye İzvestiya” yazır ki, erməni lobbiçiləri Rusiya sülhməramlılarının Laçın dəhlizindən çıxmasını tələb edirlər.

Məqalədə deyilir ki, beləliklə də, Azərbaycanın “Qarabağ iqtisadi rayonuna” silah və erməni döyüşçülərin gətirilməsi mümkün olardı.

Rusiyanın “Vestnik Kafkaza” portalının baş təhliçisi Andrey Petrov iddia edir ki, ABŞ-ın Laçın dəhlizi məsələsində Bakıya təzyiq göstərməsi Qarabağ iqtisadi rayonuna hər hansı beynəlxalq missiyanın göndərilməsi məqsədi ilə bağlıdır.

Petrovun fikrincə, Yerevan da Rusiya sülhməramlılarının amerikalı hərbçilərlə əvəz olunmasını istəyir.

Təhliçi hesab edir ki, Azərbaycan öz ərazisində heç bir “beynəlxalq missiyaya” razılıq verməyəcək:

“ABŞ Azərbaycanı Cənubi Qafqazda əsas müttəfiqi edə bilməyəcək. Əksinə Yerevan KTMT-dən (Kollektiv Təklüləsizlik Müqaviləsi Təşkilatı-red) çıxaraq ABŞ-ın əsas müttəfiqi olacaq. Onda Azərbaycan Rusiyanın regiondakı yeganə müttəfiqi olacaq. Azərbaycanda, Ağ Evin fikrincə, diktator rejimi hakimiyyətdədir və onun Azərbaycanla “məhəbbəti” alınmayacaq. Məsələ burasındadır ki, amerikalıların Bakıya təklif etmək üçün onun milli maraqlarından, qonşu Rusiya ilə iqtisadi və mədəniyyət əlaqələrindən üstün olacaq heç nələri yoxdur. Gələcəkdə necə olacaq? Nə qədər ki, İlham Əliyev prezidentdir heç nə dəyişməyəcək”.

Azərbaycan hərbçiləri gəldikdən sonra arıçılıq inkişaf edir: Sərhəddəki erməni kəndi savaşdan sonra
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Vaşinqton görüşü niyə təxirə salınıb?

Bəzi müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, Rusiya hakimiyyət dairələrində və Rusiya mediasında belə bir narahatlıq Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün ərəfəsinə təsadüf edib.

İyunun 12-də keçirilməli olan danışıqlar media xəbərlərinə görə Azərbaycan tərəfinin ricası ilə təxirə salınıb. Azərbaycan Xarici İşlər Nazirliyinin bu barədə məlumatında görüşün başqa vaxtda keçiriləcəyinə ümid ifadə olunur, amma təxirə salınmanın səbəbinə aydınlıq gətirilmir:

"Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri rəhbərlərin növbəti görüşünün tarixinin dəqiqləşdirilməsi üzərində iş davam edir və ümid edirik ki, bu görüş yaxın vaxtlarda baş tutacaq. Bir qayda olaraq, müəyyən olunmuş praktikaya əsasən, görüşün tarixini danışıqları təşkil edən tərəf elan edir".

Azərbaycanın Turan agentliyinin müxbiri iyunun 8-də ABŞ Dövlət Departamentindəki mənbəyə istinadla sözü gedən görüşün təxirə salınacağını bildirmişdi.

Mənbə bildirmişdi ki, təxirə salınma “sırf” texniki səbəblərə görə baş verib və söhbət “sırf logistika və qrafik” məsələlərindən gedir.

Bundan əvvəl mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilmişdi.

Tərəflərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair müzakirələr apardığı deyilirdi.

Həmin görüşün yekunlarına dair ABŞ tərəfinin məlumatında deyilirdi ki, nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər:

“Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.”

'Xankəndi ilə danışıqlara hələ də Vardanyan mane olur'. Bakı və Yerevan arasında DEBAT #Izahla
Gözlə

No media source currently available

0:00 0:20:29 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG