Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:19

Baş prokuror: Təhqiqat Trump-ı nə təmizə çıxarır, nə də cinayətini sübut edir


ABŞ-ın baş prokuroru William Barr
ABŞ-ın baş prokuroru William Barr

Baş prokuror William Barr ABŞ millət vəkillərinə yazdığı məktubda bildirir ki, xüsusi prokuror Robert Mueller-in 2016-cı il ABŞ prezident seçkisinə dair apardığı təhqiqat prezident Donald Trump-ı nə təmizə çıxarır, nə də onun cinayət törətdiyini sübut edir.

Ədliyyə Nazirliyinin 24 mart tarixli məktubunda habelə deyilir ki, Mueller-in topladığı dəlillər Trump-ın ədalətin qarşısını almasının sübutu üçün “kifayət” deyil.

Donald Trump
Donald Trump

Trump, baş prokurorun təqdim etdiyi xülasəni Amerika xalqının diqqətinə hakim kəsilən və Ağ Evə gəldiyi gündən onun prezidentliyinə kölgə salan bu məsələdə özünün qəti qələbəsi elan etib.

O bu hadisəni “günahsızlığının tam və qəti sübutu” adlandırıb və xüsusi prokurorun araşdırmasını “iflasa uğramış qanunsuz hücum” kimi qiymətləndirib.

Trump qələbəsini elan edir, demokratlar razılaşmır

Bu barədə qeydlərini jurnalistlərə bidlirməzdən əvvəl Trump Twitter-də yazıb: “Bu Nə Sövdələşmə, Nə Ədalətə Əngəldir. Bu günahsızlığın tam və qəti SÜBUTUDUR. AMERİKANIN BÖYÜKLÜYÜNÜ SAXLAYAQ!”

Lakin Barr Mueller-in hesabatına şərh verərkən deyib: “Bu hesabat prezidentin cinayət törətdiyi nəticəsinə gəlməsə də, onu təmizə də çıxarmır”. Demokrat millət vəkilləri belə qənaəti kəskin tənqid ediblər.

Nümayəndələr Palatası Ədliyyə Komitəsinin sədri Jerrold Nadler, Barrı Konqres qarşısında ifadə verməsi üçün dəvət edəcəyini və onun gəlidiyi nəticədən narahat olduğunu bildirib:

“Uyğunsuzluqları və xüsusi prokurorun hesabatının ardınca Ədliyyə Nazirliyinin gəldiyi yekun qərarın çox narahatedici olduğunu nəzərə alaraq…biz baş prokuror Barrı yaxın gələcəkdə Konqres komitəsi qarşısında ifadə verməyə çağıracağıq”.

Nadler vurğulayıb ki, Mueller-in hesabatı prezidenti təmizə çıxarmır.

Elizabeth Warren
Elizabeth Warren

Massaçussets ştatından 2020-ci ilin prezident seçkisinə namizədliyini elan etmiş demokrat senator Elizabeth Warren xatırladıb ki, millət vəkilləri bu yaxınlarda Mueller-in hesabatının tam açıqlanmasını tələb edən qətnamə qəbul ediblər.

O bildirib ki, “bizə Trump-ın vəzifəyə qoyduğu baş prokurorun xülasəsi yox, tam hesabat lazımdır”.

22 aylıq təhqiqatın sonu

Mueller Rusiyanın 2016-cı il ABŞ seçki kampaniyasına müdaxiləsini, habelə Barr-ın məktubunda yazıldığı kimi deyilərsə, “Trump-ın prezident kampaniyasının və bununla bağlı başqalarının Rusiyanın seçki müdaxiləsi cəhdində Moskva ilə sövdələşməyə girdiyinə dair iddiaları” araşdırırdı.

Mueller habelə Trump və ya ona bağlı şəxslərin təhqiqata mane olmağa çalışmaqla ədalətin qarşısını qanunsuz almağa səy göstərib-göstərmədiyini təhqiq edirdi.

Robert Mueller
Robert Mueller

Mueller özünün çoxdan gözlənən təhqiqat hesabatını baş prokurora martın 22-də təqdim edib.

Barr martın 24-də ABŞ millət vəkillərinə 22 aylıq təhqiqatın “əsas nəticələrinə” dair öz qeydlərini göndərib.

Özünün bu təhqiqatının gedişində Robert Mueller 30-dan çox adama və hüquqi şəxsə qarşı müxtəlif ittihamlar irəli sürüb.

Lakin bugünədək bu ittihamlardan heç biri Trump-ın adamları və Rusiya rəsmiləri arasında koordinasiyanın olub-olmadığına dair suala cavab vermir.

ABŞ mediası Ədliyyə Nazirliyinə istinadən yazır ki, Mueller təhqiqatının nəticəsi olaraq bundan sonra heç kimə qarşı ittiham irəli sürülməyəcək.

Başqa təhqiqatlar ola bilər

Bununla belə başqa məhkəmə orqanları Mueller-in təhqiqatından qaynaqlanan məsələlərlə bağlı ittihamlar irəli sürə bilər.

Məsələn təhqiqat Manhetten baş prokurorunun Trump-ın uzun müddət şəxsi vəkili olmuş Michael Cohen-ə qarşı müxtəlif maliyyə cinayətləri ilə bağlı ittihamları ilə nəticələnib.

Cohen son nəticədə bu ittihamlar üzrə özünü tam təqsirli bilib və başqa təhqiqatlarla da əməkdaşlığa hazır olduğunu deyib.

Michael Cohen
Michael Cohen

Mueller hesabatının nə qədərinin ictimaiyyətə açıqlanması barədə qərarın verilməsində Barr, Ədliyyə Nazirliyi, Konqres və Ağ Ev rol oynaya bilərlər.

Hər iki partiyadan olan bir çox millət vəkilləri hesabatın tamlıqla açıqlanmasına tərəfdardırlar.

Nümayəndələr Palatasındakı demokratlar israr edirlər ki, Ağ Evin bu hesabatın tapıntılarını redaktə etməsinə və ya açqılanmadan bloklamasına yol verilməməlidir.

Nadler hələ Barrın məktubu verilməzdən əvvəl CNN-ə demişdi ki, Trump “bu hesabatın hansısa hissələrinin ictimaiyyətə açıqlanmasının qarşısını almaq üçün icra imtiyazından istifadə etməyə çalışmamalıdır”.

XS
SM
MD
LG