Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:48

Müəllimlər günündə ‘kölgə təhsili’ söhbəti


Dərs zamanı, arxiv foto
Dərs zamanı, arxiv foto

“Təhsilin keyfiyyətli olması üçün ilk növbədə məktəblər və müəllimlər normal vəziyyətdə olmalıdır”.

Bunu bu gün, oktyabrın 5-i Beynəlxalq Müəllimlər günü ilə bağlı təhsil sahəsi üzrə ekspert Kamran Əsədov deyib. Amma ekspert hesab edir ki, hələlik, istənilən səviyyə əldə olunmayıb. Bununla belə, onun fikrincə, son vaxtlar Azərbaycanda təhsil sahəsində ciddi işlər görülüb:

“...Son 5 ildə şagirdlərin məktəblərə qəbulu, müəllimlərin işə düzəlməsi, məktəbəhazırlıq kurslarının yaradılması, ödənişsiz əsaslarla oxuyanların sayının artırılması kimi proseslər ölkədə təhsil sahəsinin dünya standartlarına uyğun qurula bilməsinə imkanlar yaradır”.

“Ölü ixtisaslar...”

Kamran Əsədov
Kamran Əsədov

K.Əsədov deyib ki, ilk növbədə ali məktəblər əmək bazarnın tələblərinə cavab verən kadrlar hazırlamalıdır:

“Təhsilin əlçatımlığı, savadlı insan sayına, dövlətin təhsilə dəstəyinə görə, ön yerlərdəyik. Amma məzunların əmək bazarında keyfiyyət məsələsi baxımından problemlərimiz var. Müəyyən ixtisaslar var ki, onlar ölü ixtisaslardır, əmək bazarında onlara ehtiyac yoxdur”.

Ekspert vurğulayıb ki, təhsilin keyfiyyəti həm də bu sahədə çalışanların sosial təminatından asılıdır. O qeyd edib ki, bu il müəllimlərin maaşları artırılıb (20 faiz), amma bu yetərli deyil:

“...Firkicmə o müəllimlərə yüksək əməkhaqqı verilməlidir ki, onların təhsil göstəriciləri, xidmətləri daha yüksəkdir”.

“0-100 bal toplayanların sayı azalmır”

K.Əsədova görə, hazırda Azərbaycan şagirdlərinin buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələri çox aşağıdır:

“Ötən 5-10 il ilə müqayisədə müəllimlərin əməkhaqqı artıb, amma burxılış və qəbul imtahanlarının nəticələri isə o qədər də dəyişməyib. 600- 700 bal toplayanların sayı çoxalıb, amma aşağı, xüsusilə 0-100 bal toplayanların sayı azalmır. Bunun da əsas səbəbi “kölgə təhsili” olan repetitorluqla bağlıdır”.

“Müəllimlər komminal, nəqliyyat xərclərindən azad edilməlidir”

Ekspert hesab edir ki, stimulaşdırıcı tədbirlər kimi, müəllimlər komminal, nəqliyyat xərclərindən azad edilməlidir, gənc müəllimlərin rayonlara gedib işləmələrini maddi baxımdan təmin etmək lazımdır.

Təhsil üzrə başqa bir eksperti Etibar Əliyev isə AzadlıqRadiosuna deyib ki, sənaye cəmiyyətinin təhsili ilə post-sənaye cəmiyyətinin təhsili eyni olmur.

Etibar Əliyev, 18 iyun 2010
Etibar Əliyev, 18 iyun 2010

E.Əliyev vurğulayıb ki, bu da yeni texnologiyalar, yeni dərsliklər, yeni kurikulumlar, daha çox bilik yox, bacarıq qazanmaq paradiqmasını (Paradiqma müəyyən tarixi dövr ərzində elmdə mövcud konseptual sxem, problemin qoyuluşu, həlli və öyrənilməsi modeli-red ) önə çıxarır:

“Bu baxımdan Azərbaycan təhsili müəyyən məsafəni qət edib, amma bunu yetərli saymaq olmaz. Bu birmənalı şəkildə müəllim hazırlığı, yeni təhsil texnologiyalarının tətbiqindəki çatışmazlıqlar, məktəb mühiti, qloballşan dünyanın təhsil çağırşlarına nisbətən ləng cavab verməyimizlə bağlıdır”.

O, da hesab edir ki, əməkhaqqı müəllimlərin təhsilə verdiyi xitmətə münasib olmalıdır.

“Məktəb təhsili repetitor təhlsinin kölgəsində qalırsa...”

“Biz hələ müəyyən edə bilmirik, bizim məktəblərin yetirmələri əsasən biliklərini məktəbdən alırlar, yoxsa repetitordan? Məktəb təhsilinin keyfiyyəti nə qədər yüksəlirsə, o zaman buna adekvat olaraq müəllimlərin əməkhaqqı da artmalıdır. Hesab edirəm ki, indiki situasiyada müəllimlər verdiyi dərsin keyfiyyətinə mütənasib əməkhaqqı almalıdır və təhslin keyfiyyəti məsələsi çox ciddi izlənməlidir ”.

E.Əliyev deyib ki, sagirdlərin hazırlıq səviyyəsi özü də məktəb və müəllimin səviyyəsindən aslıdır:

“Əgər bu gün məktəb öz üzərinə düşən vəzifəni tam yerinə yetirmirsə, yuxarı siniflərdə dərslərdən yayınma halları varsa, məktəb təhsili repetitor təhlsinin kölgəsində qalırsa, bu halda normal təhsildən heç bir söhbət gedə bilməz. Bütün biliklər məktəbdə verilməlidir...” .

Xatırlatma

Oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü qeyd edilir. 53 il öncə oktyabrın 5-də YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda "Müəllimlərin statusu haqqında" adlı beynəlxalq sənəd imzalanıb. YUNESKO 1994-cü ildən isə həmin tarixi Ümumdünya Müəllimlər Günü kimi təsis edib.

Ceyhun Bayramov
Ceyhun Bayramov

Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov da bu gün, oktyabrın 5-də bu münasibətlə müəllimləri təbrik edib.

Nazir təbrikində vurğulayıb ki, müəllim əməyi bilikli, müasir dünyagörüşlü, nümunəvi əxlaqa sahib cəmiyyətin yetişməsinə xidmət edir. O, habelə qeyd edib ki, son illərdə Azərbaycanda təhsil sahəsində həyata keçirilən davamlı tədbirlər bu peşəyə marağın əhəmiyyətli şəkildə artmasına, müəllim nüfuzunun yüksəlməsinə səbəb olub.

Hazırda, Azərbaycanda 4400-dən çox orta məktəbin fəaliyyət göstərdiyi və bu məktəblərdə 150 minə yaxın müəllimin çalışdığı qeyd edilir.

Son artımdan sonra Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqının 600 manat olduğu bildirilir. Bu 350 dollardan bir qədər çoxdur.

XS
SM
MD
LG