Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:33

Nardaran işi-2: 'Radara düşdüyümü dedilər. Mən maşın sürə bilmirəm...'


Nardaran. İllüstrasiya. Gündüz Ağayev
Nardaran. İllüstrasiya. Gündüz Ağayev

"Məndən "bandotdel"də müstəntiq müəyyən sənədləri imzalamağı tələb edəndə qol çəkmək istəmədim. Dedim ki, mənə vəkil verin. Dedilər ki, ‘nə vəkil, qol çək, yoxsa yoldaşının adına silah yazacağıq’. Çünki axtarışla bağlı sənədlərə yoldaşıma imza atdırmışdılar. Məcbur olub o ifadəyə qol çəkdim...", – Nardaran hadisələrindən sonra həbs olunan Seyfəddin Şirvanov öz məhkəməsində belə deyib.

O, on aydır ki, Müsəlman Birliyi Hərəkatının sədr müavini, ilahiyyatçı Elçin Qasımov və daha 11 nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onlara terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama da daxil, 10-dan çox ağır maddə ilə ittiham verilib.


Buna da bax:​ Ana: 'Deyirlər, Bayramı döyüblər. Döymək nədir? Vandalizmdir bu...'

Oktyabrın 13-də məhkəmədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elman Quliyev deyib ki, Seyfəddin Şirvanovu o saxlayıb: "Ona zəng elədim, gəldi, evinə baxışa getdik. Evdən qumbara və "Taleh Bağırzadənin müraciəti" adlı kitabça tapıldı".

MAŞIN SÜRƏ BİLMİR, RADARA DÜŞÜB

Şirvanov isə evində belə əşyalar olmadığını, onları polislərin özlərinin qoyub, özlərinin də götürdüklərini deyib. Onun sözlərinə görə, zəng eləyəndə radara düşdüyünə görə polis bölməsinə çağırıldığını deyiblər. O da öz növbəsində ümumiyyətlə, avtomobil idarə edə bilmədiyini desə də, bölməyə gedib: "13-cü bölmənin rəisi məndən soruşdu ki, Taleh Bağırzadəni hardan tanıyıram. Dedim ki, dostumdur. Bundan sonra təhqirlər başladı. Axşam saat 6-da məni "bandotdel"ə apardılar. Orada evimdən guya, qumbara, kitabça çıxması haqda sənədlərə qol çəkməyi tələb elədilər. Qol çəkmək istəməyəndə hədələdilər".

Buna da bax: E.Sabiroğlu: 'Oğlumu sındırmaq istəsələr də...'

Məhkəməyə şahid kimi ifadə verməyə gələnlər arasında Bəhruz Almədətov da olub. O zala çağırılanda məlum olub ki, bu adamı polislər məhkəməyə yanlışlıqla göndərib. Məhkəmə Bəhruz Səmədov adlı şahidi çağırıb, amma polislər onun əvəzinə bunu göndərib.

İstintaq zamanı ifadə vermiş, amma məhkəmədə dindirilməmiş bir neçə şahidin də ifadələri elan olunub. Həmin ifadələrdə Taleh Bağırovun əleyhinə fikirlər yer alıb.

Vəkillər həmin şahidlərin məhkəmədə dindirilməsini istəyiblər.

Məhkəmə oktyabrın 27-də davam edəcək.

Buna da bax: Avropa Məhkəməsi hökuməti 90 min avro cərimələdi

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

XS
SM
MD
LG