Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:02

Nardaran işi: Məşədi də Taleh Bağırovun əleyhinə ifadə verib


Taleh Bağırov
Taleh Bağırov

Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Nardaran işi üzrə təqsirləndirilən daha 16 nəfərin işi üzrə məhkəmə istintaqı tamamlandı.

Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə qərar qəbul olunub. Hərçənd, təqsirləndirilən şəxslər də, onların vəkilləri də bu qərarın əleyhinə olub.

Əvvəlki üç iclasda olduğu kimi, dekabrın 23-də də məhkəmə təqsirləndirilən şəxslərin iştirakı olmadan davam etdirilib.

Buna da bax:​ Nardaran işi: 'Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə gətirilmir'

"Bandotdel"də verilən işgəncələri məhkəmədə davam etdirirsiz"

Vəkil Yalçın İmanov təqsirləndirilən şəxslərin öz məhkəmələrində iştirakına imkan verilməsi haqda yenə vəsatət qaldırıb. Bildirib ki, kifayət qədər ağır maddələrlə suçlanan adamlara öz məhkəmələrində iştiraka icazə verilməməsi, amma hər iclas günündə gətirilib soyuq, rütubətli zirzəmidə saxlanılması, imtina etdikləri vəkillərin zorla məhkəmədə iştiraka məcbur edilməsi İnsan haqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 3-cü (işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququ) maddələrinin pozulmasıdı.

Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etmədi.

Buna da bax: Ağır yaralı Nardaran dustağı azadlığa buraxılıb [yenilənib]

Təqsirləndirilən şəxslər özləri də məhkəməyə sədrlik edən hakimə məktublarında bu şəraitdə saxlanılmalarını işgəncə kimi dəyərləndiriblər.

"Bizim məhkəmədən kənarlaşdırılaraq, soyuq, yarıqaranlıq zirzəmidə saxlanılmağımız sizin tərəfinizdən həyata keçirilən işgəncədi. Bununla da siz BMCMİ-də bizə verilmiş işgəncələri davam etdirirsiz. Dəfələrlə bizim soyuq zirzəmidə saatlarla saxlanılmağımız nəticəsində on nəfər ağır şəkildə xəstələnib. Bu vəziyyətin davam etdirilməsi o deməkdir ki, siz mənəvi baxımdan BMCMİ-də işgəncə verənlərdən fərqlənmirsiz. Bu əməlinizlə Azərbaycan tarixinə təkcə sifarişli, siyasi hökm verən hakim kimi deyil, həm də işgəncə verən sadist kimi düşəcəksiz. Bununla siz elə bir günaha batırsınız ki, ən azı, Allah tərəfindən haqq etdiyiniz cəzanı alacaqsız. Unutmayın, bizi heç bir əzabla sındırmaq mümkün deyil. Ona görə də haqq uğrunda mübarizə aparan günahsız dindarlara qarşı Yezid kimi davranan hər kəs Allahın qəzəbinə səbəb olan əməl sahibi kimi cəhənnəm oduna özünü daha da yaxınlaşdırmış olur", - məktubda belə yazıblar.

Məşədi Natiq Kərimov Taleh Bağırovun əleyhinə ifadə verib

Buna da bax:​ İkinci 'Nardaran işi' başladı: Dövlət vəkilləri təqsirləndirilənləri tanımır...

Daha sonra vəkillər bir xeyli vəsatətlər qaldırıblar. Bu zaman məlum olub ki, Nardaran hadisələrindən bir müddət sonra həbs edilən, amma sonradan azadlığa buraxılan Məşədi Natiq Kərimovdan da Taleh Bağırov və digər təqsirləndirilənlərin əleyhinə ifadə alınıb. Bu səbəbdən vəkillər onun da məhkəmədə dindirilməsini istəyiblər.

Müdafiəçilər həmçinin Nardaran əməliyyatında dünyasını dəyişmiş polislərin hüququ varisləri kimi zərərçəkmiş qismində tanınmış yaxınlarının, təqsirləndirilən şəxslərin üzərindəki xəsarətlərlə bağlı rəy vermiş ekspertlərin də məhkəmədə dindirilməsi haqda vəsatətlər qaldırıblar.

Həlak olan polislərin yaxınları məhkəməyə niyə gəlmir?

"Zərərçəkmişlər məhkəməyə teleqram göndəriblər ki, gəlmək istəmirlər, Taleh Bağırov və digərlərinə də ağır cəza verilməsini istəyirlər. Gəlsinlər, görək, bunlar hardan bilir ki, o polisləri təqsirləndirilən şəxslər vurub? Belə olmaz axı... Heç olmasa, bu məsələləri araşdıraq", - vəkil Yalçın İmanov bildirib.

Buna da bax:​ 'Nardaran işi' ilə 'heykəl işi' arasında əlaqə varmış...

Müdafiəçi Gülşən Salmanova iş üzrə bütün maddi sübutların, o cümlədən təqsirləndirilən şəxslərdən tapıldığı iddia olunan silah-sursatın məhkəməyə gətirilib baxış keçirilməsi haqda vəsatət qaldırıb: "Baxaq, ən azı, bilək ki, o silahlar dar cins şalvarın cibinə yerləşə bilərdi, yoxsa yox".

Gülşən Salmanovanın daha bir vəsatəti Nardaran əməliyyatında dünyasını dəyişmiş iki polisin meyitinin ekshümasiyası (qəbirdən çıxarılıb yenidən ekspertizadan keçirilməsi) haqda olub. Müdafiə tərəfi deyir ki, iş materiallarında Nardaranda qətlə yetirilmiş altı nəfərdən dörd nəfər sakinin meyitinin yarıldığını göstərən şəkillər olsa da, polislərin fotosu yoxdu. Üstəlik, ekspert rəyində hər iki polisin bütün daxili orqanlarının ölçüləri eyni göstərilib.

Vəkillərin vəsatətlərinin heç biri təmin olunmayıb.

Buna da bax: Taleh Bağırov aclıq aksiyasına başladı

"Azərbaycan tarixində ən biabırçı məhkəmə..."

Müdafiəçilər növbəti vəsatətləri hazırlamaq üçün məhkəmədən vaxt istəyib. Dövlət ittihamçısı Nəsir Bayramov isə əksinə, onlara bundan ötrü vaxt verilməməsini, məhkəmə istintaqının tamamlanması haqda qərar çıxarılmasını təklif edib.

Prokurorun təklifi müzakirəyə çıxarılarkən vəkillər buna etiraz edib. Müdafiəçi Yalçın İmanov deyib ki, məhkəmə nəyi araşdırdı ki, məhkəmə istintaqı da bitsin?

Müdafiəçi Nemət Kərimli isə bu tələskənliyi anlamadığını, sənədlərin faktiki tədqiq olunmadığını bildirib.

Vəkillər eyni zamanda, hakimlərin nəzərinə çatdırıb ki, təqsirləndirilən şəxslərin də fikirləri öyrənilməlidi.

Buna da bax:​ Nardaran işi: 'Məni heç İlham Əliyev oturda bilməyib, sən oturdacaqsan?' [yenilənib]

Hakim qısa fasilə elan edərək, vəkillərə təqsirləndirilən şəxslərlə görüşüb, məhkəmə istintaqının tamamlanması ilə əlaqədar onların fikrini öyrənmək üçün vaxt verib. Bu məsləhətləşmədən sonra hakimlər fikrini dəyişib və təqsirləndirilən şəxslərin məhkəmədə iştirakının təmin olunması qərara alınıb. Amma təqsirləndirilən şəxslərdən Abbas HüseynovZakir Mustafayev bu şəkildə məhkəmənin keçirilməsinə etiraz olaraq, yenə də iştirakdan imtina ediblər.

Taleh Bağırov və digər təqsirləndirilən şəxslər məhkəmə istintaqının tamamlanmasına etiraz ediblər.

"İş materiallarında "Taleh Bağırzadənin müraciəti" adlı kitabça var, guya adamların cibindən çıxıb. Mən birmənalı şəkildə deyirəm, o kitabça Nardaran hadisəsindən sonra hazırlanıb. O kitabçanı araşdırmamaq Ramil Usubova xidmət, İlham Əliyevi isə təhqir eləməkdi. Çünki o kitabçada İlham Əliyev haqqında ağır sözlər var. Mən birbaşa sözümü deyən adamam. O kitabçanın da, orada adımdan yazılanların da mənə heç bir aidiyyəti yoxdur. Nardaran əməliyyatını keçirən "bandotdel" Ramil Usubovun tabeliyindədi. O kitabçanı da onun rəhbərlik elədiyi qrup hazırlayıb, İlham Əliyev haqda o sözləri də onlar yazıb. Bu kitabça ilə bağlı mənim onsuz da İlham Əliyevə müraciətim olacaq. Amma bir daha deyirəm, məhkəməni bu kitabçanı araşdırmadan bitirmək Ramil Usubova xidmət, İlham Əliyevi isə təhqir etmək kimi qiymətləndiriləcək", - Taleh Bağırov bildirib.

Buna da bax: Nardaran işində hakimdən narazıdırlar

Fuad Qəhrəmanlı isə deyir ki, ona "Facebook" sosial şəbəkəsində paylaşdığı statuslara görə dini, milli ayrı-seçkilik salma, dövlət çevrilişinə çağırış ittihamları verilib. Amma məhkəmədə nə o statusların biri elan olunub, nə rəy vermiş ekspertlər dindirilib: "Yazılarıma baxmadan siz mənim haqqımda necə hökm çıxaracaqsınız? Heç olmasa, formal prosedurlara əməl edin. Bu, Azərbaycanın məhkəmə tarixində ən biabırçı məhkəmədir".

Təqsirləndirilən Şamil Abduləliyev deyir ki, onsuz da "yuxarıdan" hansı göstəriş gəlsə, hakim də o hökmü oxuyacaq. Bu baxımdan, hakimlərdən ədalətli hökm gözləntiləri yoxdur. Sadəcə, günahsızlıqlarını sübuta yetirməyə, cəmiyyətə həqiqəti çatdırmağa imkan verilsin, yetər.

Buna da bax:​ 'Kitabçada mənim adımdan 'oğru İlham Əliyev' yazıblar'

Vəkil Yalçın İmanov bildirib ki, təqsirləndirilən şəxslərin iştirak etmədiyi məhkəmə iclaslarında onlarla vəsatətlər qaldırıblar. Müdafiəçi onlar haqda bir-bir təqsirləndirilən şəxslərə məlumat verilməsi və onların fikrinin öyrənilməsilə bağlı vəsatət qaldırıb. Amma məhkəmə bu vəsatəti də təmin etməyib.

Ardından Əlövsət Abbasovun sədrlik etdiyi, Mahmud Ağalarov və Eldar Mikayılovdan ibarət hakimlər kollegiyası məhkəmə istintaqının tamamlandığını elan edib. Dövlət ittihamçısı Nəsir Bayramov çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Dekabrın 26-da prokuror Nardaran dustaqlarına cəza istəyəcək.

Buna da bax:

'Sən prezidentsən, Qurana əl basmısan, bu ədalətsizliyə necə dözürsən?'
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

XS
SM
MD
LG