Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:39

Narkoloji Mərkəzi yandırmaqda ittiham olunan şəxs: ‘Döyə-döyə boynuma qoydular’


Mərkəz martda baş vermiş yanğından sonra
Mərkəz martda baş vermiş yanğından sonra

"Göydəki bir Allaha and olsun ki, mənim bu işdən xəbərim yoxdur. Bunların hamısı mənə qarşı şər-böhtandır. İstintaqda döyə-döyə boynuma qoydular", – martın 2-də Narkoloji Mərkəzdə 25 nəfərin öldüyü yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov belə deyir. O, avqustun 24-də öz işi üzrə məhkəmənin hazırlıq iclasında qısaca bu barədə danışıb.

“İSTİNTAQ QƏRƏZLİ APARILIB”

Narkoloji Mərkəzdəki yanğın hadisəsi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Məhkəmə qarşısında 64 yaşlı Məhəmməd Məmmədov tək deyil. Mərkəzin direktoru Telman Məmmədhəsənov, əməyin təhlükəsizliyi üzrə mühəndisi Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədova da onunla birlikdə mühakimə olunurlar.

Digər üç təqsirləndirilən şəxsdən fərqli olaraq, Afət Məmmədova həbsdə deyil. İstintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Avqustun 24-də məhkəmənin hazırlıq iclasında Telman Məmmədhəsənovun vəkili Vasif İsrafilov və Mahir Abdullayevin müdafiəçisi Ceyhun Yusifov müdafiə etdiyi şəxslər barəsində cinayət işinə xitam verilməsini istəyib.

Yanğın nəticəsində 25 nəfər həlak olub
Yanğın nəticəsində 25 nəfər həlak olub

Onların hər ikisi CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydasını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələriylə ittiham olunur.

Vəkillər isə deyirlər ki, istintaq Mərkəzin orada müalicə alan xəstə tərəfindən qəsdən yandırıldığı nəticəsinə gəlib. Belə olan halda, digər təqsirləndirilən şəxslərə yanğın təhlükəsizliyi qaydalarını pozmaya dair ittiham vermək doğru deyil. Müdafiəçilər iddia ediblər ki, müvəkkillərinin hadisəyə heç bir aidiyyəti yoxdur.

"Müvəkkilim də qurban seçilib. İstintaq qərəzli, sifarişli aparılıb. O, 160 manat maaş alan sıravı işçi olub, qərar verən şəxs olmayıb", – vəkil Ceyhun Yusifov bildirib.

“ÖZ EVLƏRİNİ TƏMİRSİZ SAXLAMAZLAR”

Zərərçəkmişlər, özəlliklə yanğında dünyasını dəyişmiş şəxslərin yaxınları vəkillərin vəsatətlərinə kəskin etiraz ediblər: "Görürdülər ki, yararsızdı, bu qədər adamı niyə yığırdılar ora? Yandırıb külə döndərmək üçün? Öz evlərini təmirsiz saxlamazlar, ancaq camaatın balasını ora yığırdılar. Hər dəfə 800 manat pul verirdik..."

Yanğın zamanı xəsarət almış şəxslər də zərərçəkmiş qismində tanınıb. Onların bir neçəsi təqsirləndirilən şəxslərdən Mahir Abdullayevin haqqında cinayət işinə xitam verilməsinə razı olublar: "Oxran"ın nə günahı var ki, tutub basıblar içəri?"

Dövlət ittihamçısı vəsatətlərə münasibət bildirərkən deyib ki, hələ sübutlar araşdırılmayıb, ona görə kimin günahkar olub-olmadığı haqda indidən qəti fikir söyləmək olmaz.

Hakimlər kollegiyası da eyni əsasla vəsatətləri təmin etməyib.

Məhkəmə baxışı avqustun 28-nə təyin olunub.

Bu iş üzrə təqsirləndirilən daha bir nəfər var - Mərkəzin 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov. Səhhətindəki problemlərlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlandığına görə onun barəsindəki cinayət işi ayrılıb.

Təqsirləndirilən şəxslərdən A.Ələkbərov, T.Məmmədhəsənov və M.Abdullayev CM-nin 225 və 308, A.Məmmədova 311 (rüşvət alma), M.Məmmədov isə 120-ci (qəsdən adam öldürmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham olunurlar.

Yanğın nəticəsində 25 pasiyent ölüb, 29 nəfər xəsarət alıb. Onların hamısı zərərçəkmiş qismində tanınıb. Hadisə nəticəsində dispanserə 37 min manatdan çox ziyan dəydiyi bildirilir.

XS
SM
MD
LG