Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:40

Navalnı da məhbus mübadiləsinə düşə bilərdi. Ağ ev danışıq aparıldığını təsdiqləyir 


Aleksey Navalnının dəfni
Aleksey Navalnının dəfni

Ağ evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan (Jake Sullivan) avqustun 1-də deyib ki, Rusiyanın müxalifət lideri Aleksey Navalnının ölümündən qabaq Birləşmiş Ştatlar onun da məhbus mübadiləsinə salınması üzərində işləyirdi.

Birinci dəfədir ABŞ hökumət rəsmisi fevralın 16-da həbsxanada vəfat etmiş Navalnının məhbus mübadiləsi çərçivəsində dəyişdirilməsi üzrə danışıqlar aparıldığını təsdiqləyir.

Navalnının ölümündən az sonra müttəfiqləri deyirdilər ki, Moskva Qərb ilə siyasətçinin məhbus mübadiləsi ilə dəyişdirilməsi barədə danışıqlar aparıb. Bir neçə həftə sonra isə Rusiya prezidenti Vladimir Putin dedi ki, Navalnını heç vaxt Rusiyaya qayıtmamaq şərtilə məhbus mübadiləsi ilə dəyişdirməyə hazırlaşırdı.

Azadlığa çıxanlar

Avqustun 1-də Rusiya və Belarus həbsxanalarda olan 16 nəfər, o cümlədən AzadlıqRadiosunun jurnalisti Alsu Kurmaşeva 8 rusiyalıya dəyişdirilib. Sallivan bu xəbər açıqlanandan sonra Ağ evdə reportyorlara deyib ki, rəsmilər Navalnının Vadim Krasikovla dəyişdirilməsini müzakirə ediblər.

Navalnı fevralın 16-da Arktikada həbsxanada şübhəli şəraitdə dünyasını dəyişib.

Krasikov avqustun 1-də azad olunan 8 rusiyalıdan biridir. O 2021-ci ildə Almaniyada ömürlük həbsə məhkum edilib, ondan iki il öncə Berlində parkda keçmiş çeçen separatçısının qətlində təqsirli bilinib.

Rusiyanın avqustun 1-də azad etdiyi məhbuslar arasında Almaniya vətəndaşları, yaxud ikili Almaniya-Rusiya vətəndaşlığı olan şəxslər var.

“Gözlərimiz yaşlıdır”

Navalnının bəzi müttəfiqləri, o cümlədən Liliya Çanişeva, Kseniya Fadeyeva, Vadim Ostanin də var. Kremlin tanınmış tənqidçisi İlya Yaşin də məhbus mübadiləsi çərçivəsində azad olunub.

Navalnının yaxın dostu Leonid Volkov tarixi mübadilənin onun dostu üçün çox gec baş verdiyini deyib.

“Bu gün siyasi məhbusların, Putinin QULAQ-ında əziyyət çəkən Putin girovlarının azadlığına sevinirik. Ancaq gözlərimiz yaşlıdır. ‘Navalnı mübadiləsi’ gerçəkləşdi... amma Navalnısız. Çox ağrılıdır”, -- Volkov X platformasında yazıb.

Navalnının xanımı Yulia Navalnaya da məhbus mübadiləsi reaksiya verib, bunu “sevincli” hadisə adlandırıb. Navalnayanın sözçüsü onun telefonla ABŞ-ın vitse-prezidenti Kamala Harrislə danışdığını deyib

Harris “dəstəyini ifadə etmək, Aleksey və Yuliyanın demokratik Rusiya üçün mübarizəyə töhfəsini qeyd etmək” üçün zəng edib, Kira Yarmış X-də yazıb.

Harris, həmçinin prezident Co Bayden (Joe Biden) də Vaşinqtona yerli vaxtla gecə 11:30-da çatan Kurmaşeva, Evan GerşkoviçPol Uilanı qarşılamağa gedib.

XS
SM
MD
LG