Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:57

Keçmiş deputata 8 il həbs kəsildi. 'Dövlətdən heç bir kompensasiya istəmirəm'


Nazim Bəydəmirli məhkəmədə, arxiv fotosu
Nazim Bəydəmirli məhkəmədə, arxiv fotosu

Sabiq deputatın üzərinə məhkəməsində iki zərərçəkmişdən biri – Mürsəl İbrahimova 49 min 470 manat təzminat ödəmək öhdəliyi qoyulub

Keçmiş deputat, işadamı Nazim Bəydəmirliyə 8 il həbs cəzası kəsilib. Sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Sabiq deputatın üzərinə məhkəməsində iki zərərçəkmişdən biri – Mürsəl İbrahimova 49 min 470 manat təzminat ödəmək öhdəliyi qoyulub.

N.Bəydəmirliyə Azərbaycan SSR Cinayət Məcəlləsinin 146-cı (köhnə redaksiyada) və yeni Məcəllənin 182.2.4 (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələrilə ittiham verilib. Cinayət işinin materiallarında iddia edilir ki, o, 1996-cı ildə Lipetsk şəhərində bizneslə məşğul olduğu dövrdə Mürsəl İbrahimovu ailəsiylə hədələyib. Ondan spirtli içki biznesinə yatırdığı 40 min dollardan imtina etməsini tələb edib. Həm buna nail olub, həm də əlavə 28 min dollar pul alıb.

Sabiq deputata qarşı ikinci ittiham isə onun özünün də 30 faiz paya sahib olduğu “Avto Qarant” ASC-nin Müşahidə Şurasının sədri Ədalət Bağırovla bağlıdır. İddia olunur ki, N.Bəydəmirli onu intim görüntülərlə hədələyib, ondan 50 min manat pul tələb eləyib, son nəticədə 10 min manat pul alıb.

Məhkəmə M.İbrahimovla bağlı iddia edilən hadisə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyini bəyan edib. Bu əsasla da həmin ittiham üzrə N.Bəydəmirliyə cəza təyin olunmayıb.

“Ola bilər, hansısa yazdığım hansısa polis generalının xoşuna gəlməyib”

N.Bəydəmirli isə hər iki ittihamı rədd edir. Sentyabrın 30-da hökmdən öncə son sözündə də deyib ki, sifarişlə həbs olunub. Həbsinin səbəbi isə 2023-cü il iyunun 20-də Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin keçirdiyi etirazlardır. O, yada salıb ki, həbsindən bir müddət öncə yerli saytlarda onu Söyüdlü hadisələrinin təşkilatçısı kimi qələmə vermişdilər, amma bu, yalan idi.

“Şər çox pis şeydi. Hamı şərə qarşı mübarizə aparmalıdır. İlk növbədə də məhkəmələr. Dövlətdən heç bir kompensasiya istəmirəm. Həbsimə sifariş verənlərin də, məni tutanların da cəzalandırılmasını istəmirəm. Ola bilər, hansısa yazdığım hansısa polis generalının xoşuna gəlməyib. Amma o demək deyil ki, mən etiraz, nümayiş təşkil eləmişəm. Bunları onların öz vicdanına buraxıram”, - N.Bəydəmirli belə deyib.

Keçmiş deputat vurğulayıb ki, onun özü uzun illərdir Ə.Bağırovdan şikayətçidir. Bununla əlaqədar Baş prokuror Kamran Əliyevin, Daxili İşlər naziri Vilayət Eyvazovun, üç dəfə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevin qəbulunda olub. Onun sözlərinə görə, Ə.Bağırovdan pul tələb etdiyi iddia edilən görüşə də onu müstəntiq Ayaz Bayramov göndərmişdi: “Müstəntiq özü məni göndərdi ki, gedin görüşün, razılaşın ki, əmlakı satın, bölün, problemi həll edin. Sən demə, əvvəldən plan qurublarmış ki, sonradan belə təqdim eləsinlər. Guya mən gedib onu şantaj eləmişəm”.

Məhkəmədən sonra N.Bəydəmirlinin vəkili Aqil Layıc AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Xatırlatma

61 yaşlı Nazim Bəydəmirli 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.

O, 2023-cü il iyulun 4-dən həbsdədir.

Sabiq deputatın sözlərinə görə, ötən ilin yayında Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin etirazlarıyla əlaqədar kimisə qurban vermək lazım idi, onu seçiblər. Bu üzdən özünü “ekologiya məhbusu” adlandırır.

2023-cü ilin iyununda Söyüdlü sakinləri kənddəki qızıl zavodundan axan su vasitəsilə gölün zəhərlənməsi və bunun da əhaliyə mənfi təsirinə etiraz edirdi.

XS
SM
MD
LG