Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:14

Hakim ictimai fəalların vəkilini 'akvarium' sözünə görə cəzalandırmaq istəyir


Nazim Musayev
Nazim Musayev

Həbsdə olan gənc ictimai fəallardan "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun vəkili Nazim Musayevin cəzalandırılmasından ötrü Vəkillər Kollegiyasına məktub göndərilib. Şikayətçi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi, M.Orucovun işinə baxan Rasim Sadıxovdur.

Vəkil bir neçə iclasdır məhkəmə zalındakı şüşə kabinədə müvəkkilinin əliqandallı saxlanmasına etiraz edirdi.

Oktyabrın 15-də məhkəmədə M.Orucov öncə onun işinə baxan hakimlər kollegiyasına yazılı etirazını verib. Etirazını hüquqlarının sistemli olaraq pozulması ilə əsaslandıran M.Orucov məhkəməyə əlləri arxadan qandallanaraq gətirildiyini, zalda belə vəziyyətdə saxlandığını, bunu işgəncə saydığını vurğulayıb: "Avropa Məhkəməsi də öz qərarında belə davranışı işgəncə kimi qiymətləndirib. Vəkilim məhkəmədə açıq-aşkar hədələnir. Keçən məhkəmə iclasında prokuror vəkilim haqqında deyib ki, "belə vəkillər haqqında cinayət işi başlanmalıdır". Bu, aşkar təhdiddir. Hakimsə susur, təhdidin qarşısını almır. Əksinə, özü də təhdid edir".

M.Orucovun bu etirazı baxılmamış saxlanılıb.

Cavab gələnədək məhkəmə ertələnib

Ardından vəkil N.Musayevin hakimlər kollegiyasından Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilova müraciəti səsləndirilib. Onun müraciətində müvəkkilinin şüşə kabinədə qandallı vəziyyətdə saxlanması vurğulanıb.

Hakim R.Sadıxov bildirib ki, məktubda şüşə kabinəni "akvarium" adlandırdığına görə vəkildən Vəkillər Kollegiyasına şikayət olunub, çünki bunu məhkəməyə hörmətsizlik sayır.

Vəkillər Kollegiyasından cavab gələnədək M.Orucovun məhkəməsi təxirə salınıb.

Vəkil N.Musayev M.Orucovla yanaşı, həbsdə olan bir sıra başqa ictimai-siyasi fəal və jurnalistlərin də hüquqlarını müdafiə edir.

Möhyəddin Orucov
Möhyəddin Orucov

Xatırlatma

M.Orucov ötən il dekabrın 13-də həbs olunub. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham verilib.

İddia edilir ki, saxlanılarkən ictimai fəalın cibindən narkotik tapılıb. O bu ittihamı qəbul etmir, narkotiki cibinə polislərin atdığını, ictimai fəaliyyətinə və tənqidlərinə görə cəzalandırıldığını deyir.

Bu həbsindən az öncə - 2023-cü ilin oktyabrında da M.Orucova polisin qanuni tələbinə tabe olmama ittihamı ilə 30 gün inzibati cəzası verilmişdi. Gənc fəal həmin vaxt da bildirmişdi ki, həbsinin əsl səbəbi sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi olub.

Ötən il avqustun 1-də "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı etiraz aksiyası keçirib. Onlar kuryerliklə məşğul şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etirazlarını dilə gətiriblər. Elə həmin gün konfederasiyanın sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib. O, inzibati həbsdən buraxılandan az sonra yenidən həbs olunub. Bu dəfə ictimai fəala CM-in 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham verilib. Hazırda onun məhkəməsi davam edir.

Avqustun 4-də "İşçi Masası"nın daha bir üzvü Elvin Mustafayev narkotik ittihamı ilə həbs olunub. Ona bir müddət öncə Bakı Ağır Cinayətlər Məhkəməsində 3 il həbs cəzası verilib.

E.Mustafayevdən bir neçə gün sonra Konfederasiyanın digər üzvü Ayxan İsrafilov da narkotik ittihamı ilə həbs edilib. Ona da eyni cəza kəsilib.

Adı çəkilən ictimai fəalların hamısı ittihamların saxta olduğunu, işçilərin hüquqlarını qoruduqlarına, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini deyirlər. Hökumət rəsmiləri isə ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını iddia edirlər.

XS
SM
MD
LG