Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:32

Neft-qaz çıxarma idarələri bağlana bilərmi?


Neft buruğu
Neft buruğu

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu ilin mayından başlayaraq ilin sonunadək "Azneft" İstehsalat Birliyinin nəzdində quruda neft hasilatı ilə məşğul olan 4 idarənin bağlanması üçün müzakirələr apardığı bildirilir. Söhbət neft-qaz çıxarma idarələrindən (NQÇİ) gedir.

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib. M.Qəhrəmanlının sözlərinə görə, bununla yanaşı, gündəlik hasilatı 3 tondan az olan quyuların ləğvinin də nəzərdə tutulduğu söylənir: "Bu, çox riskli qərar olar. Çünki əgər verilən məlumat doğrudursa, 5000-dək insanın işsiz qalacağı gözlənilir. Bu qərar verilərsə, qərarı verənlər bu qədər ailənin ac qalacağının fərqinə varacaqlarmı? Yoxsa yenə işçiləri yalan vədlərlə aldadacaqlar?".

SOCAR: "İxtisarla bağlı müzakirə aparılmır"

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov isə bu deyilənləri "Turan" agentliyinə təsdiq etməyib. O bildirib ki, istehsalatın səmərəliliyinin mümkün dərəcədə artırılması mütəmadi olaraq şirkət daxilində müzakirə olunur: "Lakin şirkətdə hazırda heç bir ixtisarla bağlı müzakirə aparılmır. Yəni, işçilərin kütləvi surətdə ixtisara salınması gündəmdə deyil".

"Azneft" İstehsalat Birliyi Azərbaycanda 34 neft-qaz yatağının işlənməsini həyata keçirir. Bu yataqlardan 20-si quru ərazilərində, 14-ü isə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşir. Birliyinin tərkibində 11 neft-qaz çıxarma idarəsi fəaliyyət göstərir.

Bu ilin əvvəlindən dünyada neft iki dəfədən çox ucuzlaşıb.

XS
SM
MD
LG