Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:36

Beynəlxalq Məhkəmənin həbs qərarı İsrail və HƏMAS üçün nə deməkdir?


HƏMAS-ın lideri Yəhya Sinvar və İsrailin baş naziri Benyamin Netanyahu
HƏMAS-ın lideri Yəhya Sinvar və İsrailin baş naziri Benyamin Netanyahu

BBC yazır ki, Benyamin Netanyahu özünün savaş və insanlığa qarşı cinayətlərinə görə həbs edilə biləcəyinə dair xəbərləri qəzəblə qarşılayıb və deyib: "İsrail Holokostdan bəri yəhudi xalqına ən ağır hücumu gerçəkləşdirən terrorçu soyqırımı təşkilatı olan HƏMAS-a qarşı ədalətli müharibə aparıb".

Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xanı indiki zamanların "böyük" antisemitlərindən biri adlandırıb.

O, Xanı faşist Almaniyasında yəhudiləri təməl haqlarından məhrum edərək Holokosta şərait yaradan hakimlərə bənzədib, onun İsrail baş nazirinə və müdafiə nazirinə həbs qərarı çıxarmağa çalışmasını "dünyada tüğyan edən antisemitizm alovuna amansızlıqla benzin tökmək" sayıb.

Ofisinin yaydığı videoda Netanyahu ingiliscə danışıb

O, mesajlarını özündən ötrü ən böyük önəm daşıyan xarici auditoriyaya – ABŞ-a çatdırmaq istəyəndə belə davranır.

Xəbərə reaksiya verən İsrailin müdafiə naziri Yoav Qallant məhkəmənin bu qərarını müharibəyə müdaxilə etmək üçün "rüsvayçı" cəhd adlandırıb.

"Prokurorun HƏMAS terror təşkilatı ilə İsrail dövləti arasında paralel aparması isə alçaq və iyrəncdir", - o öz X postunda belə yazıb və əlavə edib: "İsrail dövləti Məhkəmənin iştirakçısı deyil və onun səlahiyyətini tanımır".

Britaniyalı hüquqçu, BCM-in baş prokuroru Kərim Xanın yaydığı bəyanat çox diqqətlə tərtib edilmiş, HƏMAS-ın üç əsas lideri, İsrailin baş və müdafiə nazirləri ilə bağlı çoxsaylı ittihamların toplandığı qanuni sənəddir.

Beynəlxalq hüquq ilə silahlı münaqişələr hüququnun kimliyinə baxmadan bütün tərəflərə tətbiq edilməsi prinsipinə söykənən həmin sənəddə həbs qərarı tələbinə əsaslar sadalanır: "Heç bir piyada əsgər, heç bir komandir, heç bir mülki lider – heç kəs cəzasız hərəkət edə bilməz". Qanun selektiv tətbiq edilə bilməz. Bu baş verərsə, "biz onun (qanunun) çöküşünə şərait yaratmış olacağıq".

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan

ABŞ prezidenti Co Bayden həbs orderi üçün müraciətin "təhqiramiz" olduğunu və İsraillə HƏMAS arasında heç bir ekvivalentliyin olmadığını söyləyib.

HƏMAS öz liderinə qarşı ittihamların geri çəkilməsini istəyib və BCM prokurorunun qurbanı cəlladla eyniləşdirdiyini iddia edib. Ardınca bildirib ki, İsrail rəhbərliyinin həbs orderinin istənməsi yeddi ay gecikib və "İsrail işğalının minlərlə cinayət törətməsindən" sonra baş verib.

Hakimlər həbs orderlərini verib-verməmək məsələsini gözdən keçirəcəklər

Xan öz bəyanatında iki tərəfi birbaşa müqayisə etmir. O, hər iki tərəfin bir sıra müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətdiyini bildirir.

Xan bu son müharibənin "İsraillə Fələstin arasında beynəlxalq silahlı münaqişə və İsraillə HƏMAS arasında xalqlararası sayılmayan silahlı münaqişə" kontekstində baş verdiyini vurğulayır.

Beynəlxalq Cinayət Məhkəməsi Fələstini dövlət kimi qəbul edir. Fələstin BMT-də müşahidəçi statusunda olduğundan Roma Statutunu imzalaya bilib. Roma Statutu isə Beynəlxalq Cinayət Məhkəməsini təsis edən sənəddir.

Netanyahu bəyan edib ki, onun hakimiyyətdə olduğu müddətdə heç vaxt fələstinlilərin müstəqilliyi olmayacaq.

İsrailin nüfuzlu insan haqları təşkilatı olan "B'Tselem" bu orderlərin İsrailin sürətlə əxlaqi uçuruma yuvarlanmasının göstəricisi olduğunu bildirib və əlavə edib: "Beynəlxalq ictimaiyyət İsrailə artıq öz zorakılıq, qətl və dağıdıcılıq siyasətinə cavabdehlik daşımadan davam etdirə bilməyəcəyinin siqnalını verir".

İnsan haqları qurumları ABŞ başda olmaqla güclü Qərb dövlətlərinin illər boyunca öz düşərgələrində olmayan dövlətləri qınayaraq onlara qarşı sanksiya tətbiq etdikləri zamanlarda İsrailin vəhşiliklərinə göz yummasından gileylənib. Həmin qurumların fikrincə, Xanın atdığı addımın vaxtı çoxdan çatmışdı.

Xan öz bəyanatında qeyd edir ki, İsrail Qəzzada hərbi məqsədlərinə çatmaqdan ötrü cinayət yolunu, "[mülki şəxsləri] qəsdən ölüm, aclıq, böyük əzab və ciddi xəsarət" qarşısında qoymaq yolunu seçib.

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında əsgərlərlə görüşür.
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında əsgərlərlə görüşür.

İndi BCM-də hakimlər paneli Kərim Xanın tələb etdiyi həbs orderlərini verib-verməmək məsələsini gözdən keçirəcək. Orderlər verilərsə, əllərinə imkan düşdüyü zaman həmin şəxsləri həbs etmək Roma Statutuna qoşulan dövlətlərin öhdəliyinə çevriləcək.

Roma Statutunu imzalayan 124 dövlətin arasında Rusiya, Çin, ABŞ və İsrail yoxdur.

İsrailin Demokratlar Partiyası sıralarındakı qatı müttəfiqləri isə…

Ancaq Fələstin Roma Statutunu imzaladığından BCM bu müharibədə baş verən cinayətləri törədənləri məsuliyyətə cəlb etmək yetkisinə sahib olduğuna dair qərar çıxarıb.

Həbs orderləri verilərsə, İsrailin ən uzun müddət hakimiyyət sürmüş baş naziri olan Netanyahu həbs riski olmadan müttəfiq Qərb dövlətlərini ziyarət edə bilməyəcək.

Britaniyanın baş naziri Rişi Sunak deyib ki, BCM-in hərəkətləri döyüşlərə ara verilməsinə, girovların qurtarılmasına və humanitar yardımın çatdırılmasına kömək etmir. Ancaq orderlər verilərsə, Britaniya da sözügedən şəxsləri həbs etmək öhdəliyi daşıyır. Düzdür, bu, Netanyahunun diplomatik immunitetə malik olmasını Britaniyanın sübuta yetirdiyi hallara aid deyil.

Ağ evin BCM-in münaqişədə yurisdiksiyasının olmadığı düşüncəsində olması Netanyahu və Qallant üçün vacib istisnadır. Bu mövqe Baydenin də aid olduğu Demokratlar Partiyasında müharibə ilə bağlı mövcud parçalanmanı daha da dərinləşdirə bilər.

Partiyanın mütərəqqi bölümü artıq BCM-in bu addımını alqışlayıb. İsrailin Demokratlar Partiyası sıralarındakı qatı müttəfiqləri isə respublikaçıların BCM rəsmilərinə qarşı sanksiya tətbiq edilməsinə, yaxud onların ABŞ-yə girişinin yasaqlanmasına dair təşəbbüslərini dəstəkləyə bilər.

XS
SM
MD
LG