Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 09:40

'Məndə koronavirus vardısa, polis mənimlə necə lahmacun yeyirdi?'


N.İbrahim
N.İbrahim

Prezident Administrasiyasının qarşısında İlham Əliyevə istefa tələbi ilə aksiya keçirməyə gedərkən həbs olunan ictimai fəal Nicad İbrahim hakim qarşısına çıxarılıb. Koronavirus yaymaqda suçlanan N.İbrahimin işinə Nəsimi rayon Məhkəməsində baxılır.

N.İbrahimi küçədə gedərkən saxlayan iki polis – Nəsimi rayonu, 19-cu polis bölməsinin əməkdaşları Ağasadıq Səmədov Seymur İsmayılov noyabrın 19-da məhkəmədə ifadə verib. Deyiblər ki, Nicad barədə üç gün əvvəl əməliyyat məlumatı daxil olmuşdu, bu müddətdə onu izləyiblər. Ayrı-ayrılıqda dindirilən polislərin ifadələri arasında ziddiyyətlər var idi. Məsələn, A.Səmədov bildirib ki, əməliyyat məlumatı bölmənin rəhbərliyinə daxil olmuşdu, onlara Nicadı da kənardan rəisləri göstərib. S.İsmayılov isə deyir ki, əməliyyat məlumatı ona daxil olmuşdu, N.İbrahimin özünü tanımasa da, üç gün ərzində şəklini görmüşdü.

"Həkimə telefon nömrəmi verdim ki..."

Hər iki polis bildirib ki, polis bölməsinə aparılandan sonra həkimlər ora gəlib N.İbrahimdən COVID-19 testi götürüblər.

"Mən həkimə öz telefon nömrəmi verdim ki, cavabı telefonuma göndərsin. Həkim dedi ki, 72 saat ərzində cavab məlum olacaq. Amma bir gün sonra, günorta saat 3-4 radələrində cavabı göndərdilər. Məlum oldu ki, müsbətdir", – polis əməkdaşı S.İsmayılov məhkəmədə deyib.

Amma cinayət işinin materiallarında iddia olunur ki, N.İbrahimin koronavirus daşıyıcısı olduğunu təsdiqləyən test cavabı onun saxlandığı gün gəlib və bunun əsasında da barəsində cinayət işi başlanıb.

N.İbrahim bildirib ki, polislər bir çox məsələləri yalan deyir. Nə saxlanılarkən, nə də ondan sonra koronavirus daşıyıcısı olmadığını, bu ittihamın da saxta olduğunu vurğulayan ictimai fəalın sözlərinə görə, polislər özləri də bunu bilir.

"Mən yeməmişəm"

"Mən koronavirus idimsə, bu polis mənimlə bir otaqda, özü də maskasız necə oturmuşdu? Lahmacun almışdı, birlikdə yedik, mənə də verdi...", – N.İbrahim polis əməkdaşı A.Səmədov dindirilərkən belə deyib.

İctimai fəalın sözlərinə görə, o, Prezident Administrasiyasının qarşısında üç gün əvvəldən sosial şəbəkələrdə elan etdiyi aksiyanı keçirməyə gedərkən SMS-icazə alıb. Maska və əlcək taxmaq kimi qoruyucu tədbirləri də görüb.

A.Səmədov həm N.İbrahim üçün yemək alması, həm də onun saxlanılarkən maska və əlcəkli olması haqda deyilənləri təsdiqləyib: "Yemək almaqla pis iş görməmişəm ki. İnsanlıq eləmişəm də. Mən yeməmişəm...".

N.İbrahim ona belə cavab verib: "Mən demirəm ki, pis işdir. Deyirəm ki, əməliyyat məlumatı gəlmişdisə, məndə koronavirus var idisə, polis mənimlə birlikdə necə lahmacun yeyirdi?".

O vurğulayıb ki, həbsinin səbəbi prezidentə istefa tələbi ilə aksiya keçirmək istəməsi olub. Onun fikrincə, polislər "üç gün əvvəl əməliyyat məlumatı daxil olmuşdu" deyərkən aksiya barədə öncədən Facebook hesabında elan verməsini nəzərdə tuturlar.

Xatırlatma

N.İbrahim sosial şəbəkələrdə iyulun 20-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirib, prezident İlham Əliyevin istefasını tələb edəcəyi barədə elan yayıb. İyulun 20-də evdən çıxıb aksiya keçirməyə gedərkən saxlanılıb. O, CM-in 139-1.1 (karantin rejiminin pozulması - xəstəliklərin yayılması təhlükəsi yaratdıqda) maddəsi ilə ittiham olunur. İyulun 22-də Nəsimi rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinin 139-1.1 maddəsində 2500 manatdan 5000 manata qədər cərimə, 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

N.İbrahim bir neçə il öncə ağzını tikməklə polislərə qarşı etiraz aksiyası keçirmişdi.

XS
SM
MD
LG