Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:55

‘NATO bu qarantiyanı Vilnüsdə vermək istəmədi’


Ukraynanın şərqi
Ukraynanın şərqi

Nikolas Qvosdev (Nikolas Gvosdev) ABŞ Dəniz Hərbi Kollecinin milli təhlükəsizlik professorudur. AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində Qvosdev NATO-nun Vilnüs sammitinin nəticələri haqda fikrilərini bölüşüb.

“Vilnüsdə öyrəndik ki, NATO 31 üzvün yöndəmsiz alyansıdır. Konsensus əldə etmək çətindir və bizim …bir çox məsələlərdə, o cümlədən …Ukraynanın NATO-ya üzvlüyü məsələsində əldə etdiyimiz yalnız ən aşağı ortaq məxrəc oldu.

Özü də məsələ təkcə Polşa, Baltik respublikaları kimi Mərkəzi və Şərqi Avropa ölkələrinin Ukraynanın dəvət edilməsində israrlı olması, Almaniya və Fransa kimi ənənəvi əleyhdarların buna qarşı çıxması deyildi. Bundan başqa bir də ABŞ-ın, məncə, bir çox müşahidəçini təəccübləndirən qərarsız yanaşması da var idi”, – Qvosdev vurğulayır.

“Şərtlər nə zaman təmin olunacaq?”

“Biz 2008-ci ilin Buxarest sammitində ABŞ-ın çox sərt şəkildə həm Ukrayna, həm də Gürcüstan üçün Üzvlük Planının qəbuluna çalışdığını xatırlayırıq. 2023-cü ildə Vilnüsdə isə ABŞ Ukraynanın dərhal dəvət alması yönündə tam dəstəyini göstərmədi.

Üzvlük Planı tələblərinin aradan qaldırılması isə vəziyyəti daha da pisləşdirir. Çünki ən azı, Ukrayna nəyi yerinə yetirməli olduğunu anlaya bilərdi. İndi qarşımızda çox səthi bir formul var. Deyilir ki, Ukrayna şərtlər təmin olunanda və müttəfiqlər razı olanda qoşulacaq. Bu isə şərtlərin nə olması məsələsinə çox da aydınlıq gətirmir. Şərtlər nə zaman təmin olunacaq? Şərtlərin təmin olunduğunu kim dəyərləndirəcək? Müttəfiqlərin razılaşması nə deməkdir?

Buna görə də sammit müəyyən mənada Ukraynanın mövqeyini pisləşdirir. Ukraynaya açıq-aydın dəvət yoxdur, ona vaxt verilməyib, onun heç olmasa, konkret təhlükəsizlik qarantiyaları belə yoxdur. Vilnüsdən sonra baş verəcək mühüm məsələ ABŞ başda olmaqla ayrı-ayrı ölkələrin Ukraynanı dəstəkləmək üçün daha aydın və daha möhkəm qarantiyalar verib-verməməsi olacaq. [NATO] alyans olaraq bu qarantiyanı Vilnüsdə vermək istəmədi”, – o deyir.

Qvosdev sammitdə müzakirə olunan digər məsələlərdən də danışıb: “NATO-nun geniş Hind-Sakit okean regionunda rolu. NATO … Çinlə üz-üzə gəlməlidirmi? Əlbəttə ki, bir də NATO və Avropa Birliyi məsələsi var – Avropa dövlətləri müdafiə baxımından nə etməlidirlər? Çünki …onlar anlayırlar ki, gec-tez ABŞ-ın diqqəti Sakit okean regionuna yönələcək. Amerikanın öhdəliyinin olmadığı halda Avropa təhlükəsizliyini qoruyub saxlaya biləcəkmi?

ABŞ-ın prezident seçkiləri ərəfəsində olması...

Qvosdevin sözlərinə görə, ABŞ-ın prezident seçkiləri ərəfəsində olması onun bu məsələdə qətiyyətinə təsir göstərən amillərdən biridir. “Bayden administrasiyasının zamanla bağlı fərziyyələrinin də rolu var. Dönüb 8-9 ay əvvələ baxsanız, ABŞ ümid edirdi ki, Vilnüs samitinədək Ukrayna əks-hücumda ciddi qələbələr qazanacaq. Onlar Krımla Donbası geri almasalar da, Rusiyanın mövqelərini ciddi zədələmiş olmalı idilər. Bu daha sonra Vilnüsdə Ukrayna üçün təhlükəsizlik qarantiyaları haqda müzakirələrə imkan verməli idi…

Hazırda isə xoşagəlməz haçalanma ilə üz-üzə qalan ABŞ administrasiyasını görürük: Əgər Ukraynaya təhlükəsizlik qarantiyaları, o cümlədən NATO üzvlüyü istiqamətində yol təklif etsəniz, bunu Ukraynanın itirilmiş ərazilərinin çoxunu geri qaytara bilmədiyi zamanda etmiş olursunuz. Beləliklə də, ya siz Ukraynadan mövcud sərhədləri, nəzarət xətlərini olduğu kimi dondurmasını istəyirsiniz, ya da Ukrayna əkshücum əməliyyatlarını davam etdirmək üçün daha çox zamana ehtiyacı olduğunu deyir.

Digər tərəfdənsə, əlbəttə, ABŞ-da bunun Amerikanı daha çox birbaşa münaqişəyə sürükləyə biləcəyi ilə bağlı narahatlıq var. Bayden administrasiyası isə seçki ərəfəsində bunu istəmir. ABŞ-da ekzit-pol məlumatları çox aydındır: Ukraynaya güclü dəstək var, ABŞ-ın münaqişədə birbaşa iştirakı isə çox da dəstəklənmir”, – Qvosdev bildirir.

XS
SM
MD
LG