Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:31

Norveç külək və günəş enerjisinə 14 milyard dollar yatıracaq


Dünyanın ən böyük milli rifah fondu olan 1 trilyon dollarlıq Norveç Neft Fondu milyardlarla dollar vəsaiti külək və günəş enerjisi layihələrinə xərcləməyi qərara alıb.

Bundan əvvəl Səudiyyə Ərəbistanının Neft Fondu özünün son neft və qaz aktivlərini satmaq barədə qərar qəbul etmişdi.

The Guardian yazır ki, dünyanın bir çox başqa ölkələrinin neft fondları da bərpa olunan enerji növlərinə investisiyalarını artırmağa başlayıblar.

Bu onu göstərir ki, vaxtilə neft və qazla zənginləşmiş ölkələr gələcək gəlirlərini təmiz enerjidə görürlər.

Təhlilçilərin fikrincə bu meyl bütün dünyada “yaşıl enerji” növlərinin daha sürətlə inkişaf etməsinə səbəb olacaq.

Norveç hökuməti aprelin 5-də neft fondunun vəsaitlərini səhmləri birjalarda satışa çıxarılmayan bərpa olunan enerji layihələrinə yönəltmək barədə qərar qəbul edib.

Səhmləri birja satışına çıxarılmayan layihələr hazırda bərpa olunan enerji bazarının üçdə ikisini təşkil edir və dəyəri trilyonlarla dollarla qiymətləndirilir.

Gələcəyin rəngi yaşıldır

Norveç hökuməti əvvəllər ehtiyat edirdi ki, belə investisiyalar siyasi müdaxilələr nəticəsində riskli ola bilər.

Amma indi Norveç yaşıl layihələrə xərcələnəcək vəsaiti iki dəfə artıraraq 14 milyard dollara çatdırıb.

Norveçin maliyyə xidmətləri firması Storebrand Asset Management şirkətinin rəhbəri Jan Erik Saugestad deyib ki, “hətta neft üzərində qurulmuş fond da gələcəyin yaşıl olduğunu görür”.

Keçmişin və gələcəyin enerjisi (Vamkruz, Braziliya)
Keçmişin və gələcəyin enerjisi (Vamkruz, Braziliya)

Mart ayında Norveç Neft Fondu bildirmişdi ki, özünün 8 milyard dollarlıq investisiyalarını neft və qaz kəşfiyyatı ilə məşğul olan 134 şirkət arasında bölüşdürəcək.

Buna baxmayaraq fond özlərinin bərpa olunan enerji bölmələri olan Shell və BP şirkətlərindəki paylarını saxlamaqda davam edəcək.

Norveç aprelin 5-də bunu da bəyan edib ki, fond özünün kömür mədənlərindəki paylarını satacaq və belə şirkətlər üçün 20 ton limiti qoyacaq.

Bu o deməkdir ki, fond Glencore və RWE kimi nəhənglərə investisiyalarını dayandıracaq. Norveç Neft Fondu 2015-ci ildə özünün kömürlə bağlı 6, 5 milyard dollarlıq investisiyalarını satıb.

Hətta ərəb ölkələri də

Bütün dünya boyunca 6 trilyon dollarlıq vəsaiti idarə edən 1000-dək investor mədən yanacağına investisiyalardan xilas olacaq. Bu investorlar qərarlarını qlobal istiləşmə və kömür, qaz və neft investisiyalarının qiymətinin düşməsi ilə bağlı mümkün itkilərlə bağlayırlar.

Nüfuzlu iqlim dəyişikliyi fəalları Norveç Neft Fondunun bu addımını alqışlayırlar.

Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu özünün Saudi Basic Industries Corp şirkətində neft və qaza bağlı 69 milyard dollarlıq son investisiyasını dövlət şirkəti Aramco-ya satıb.

The Guardian yazır ki, hətta Yaxın Şərqin başqa neft fondları da bərpa olunan enerjiyə investisiyalarını artırmağa başlayıblar. Hərçənd onların Norveçə çatmasına hələ çox var.

Maliyyə bazarları məlumatı üzrə ixtisaslaşmış PitchBook firmasının informasiyasına görə 2018-ci ildə karbohidrogen yanacağına 6, 4 milyard, bərpa edilən enerji layihələrinə isə 5, 8 milyard dollar xərclənib, halbuki 2017-ci ildə karbohidrogenlərə gedən pullar 18, 8 milyard dollar, bərpa olunan enerji layihələrinə xərclənən vəsait isə cəmi 0, 4 milyard dollar idi.

XS
SM
MD
LG