Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:45

Notarius rəhbərinin evindən 374 minlik oğurluq


Pul
Pul

Xətai rayonunda yerləşən 40 saylı Notariat Kontorunun rəhbəri Şəhla Hüseynovanın evindən xeyli pul və qızıl-zinət əşyaları oğurlanıb. Buna görə həbs olunan beş nəfərdən biri də qadındır - Familə Vəliyeva. Oktyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsi onlara hökm çıxarıb.

Notarius rəhbərinin iddiasına görə, onun evindən 374 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb. O, özəlliklə F.Vəliyevanı günahkar bilir. Deyir ki, vaxtilə evində işləyib, onun etibarını qazanıb, sonra da belə bir iş görüb.

Cinayət işinin materiallarında da iddia olunur ki, Familə digər dörd nəfərə Ş.Hüseynovanın evinin harada yerləşməsi, mənzildəki pul və qızıllar barədə məlumat verib, onları yönləndirib.

Təqsirləndirilən beş nəfərdən dördü ittihamı qəbul etmir, günahsız olduqlarını deyirlər. Bildirirlər ki, Xətai rayon Polis İdarəsində onlara işgəncə verilib, dözməyib, etiraf ifadələrini imzalayıblar.

«Əvvəl 100 min manat ziyan dəydiyini göstərir...»

«Şəhla Hüseynovanın bacısı oğlu da orada işləyir. Bizim işimizi aparan müstəntiq birbaşa onun göstərişiylə hərəkət edirdi. İstintaq düzgün aparılmadı. Bu necə olur, Şəhla xanım əvvəlki ərizəsində ona 100 min manat ziyan dəydiyini göstərir, sonra məbləğ 374 minə qalxır. Şəhla xanım özü də yaxşı bilir ki, mənim günahım yoxdur. Sadəcə, bizim onunla şərikli obyektimiz var, nəyin bahasına olur olsun, məni həbsə göndərmək istəyir. Ona obyekt lazımdırsa, verməyə hazıram», – F.Vəliyeva məhkəmədə belə deyib.

Təqsirləndirilən şəxslərdən İmamverdi Həsənov ilkin ifadəsində onlara notarius rəhbərinin evini Familənin nişan verdiyini deyib. Familə bu məsələyə belə izah verib: «Onu ilk dəfə polis idarəsində saxlanma yerində gördüm. Dedi, «özümdən başqa oğlumu da o qədər döydülər, az qalmışdı intihar eləsin. Ona görə məcbur olub dediklərini elədim»».

F.Vəliyeva əlavə edib ki, əgər haqqında ədalətsiz hökm çıxarılsa, özünü öldürəcək.

Ancaq məhkəmə təqsirləndirilən şəxslərin günahsızlığı, işgəncə altında ifadələri imzalaması barədə deyilənləri özünümüdafiə cəhdi kimi qiymətləndirib.

Təqsirləndirilən şəxslərdən Aslan Qasımov, Elnur Aslanov və İmamverdi Həsənova 7 il, Familə Vəliyevaya 5 il, Sahib Həsənbəyliyə 2 il həbs cəzası verilib.

Notariat kontorunun rəhbəri ona dəymiş ziyanın tam ödənilməsini tələb edir.

XS
SM
MD
LG