Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:26

Nyu Yorkda koronavirusa yoluxanların sayı bir gündə 38 faiz artıb


Nyu Yorkda çevik hərəkət qruplarından biri
Nyu Yorkda çevik hərəkət qruplarından biri

Nyu York qubernatoru Andrew Cuomo martın 23-də ştatdakı bütün xəstəxanalara öz tutumlarını 50 faiz artırmaq göstərişi verib.

CNBC yazır ki, buna səbəb ştatda bir gün ərzində koronavirusa yoluxmaların 38 faiz artaraq 20 min 875 nəfərə çatması olub.

Cuomo bildirib ki, Nyu York Nyu Cersidən sonra ən çox yoluxmaların qeydə alındığı ştatdır. Təkcə Nyu York şəhərinin özündə 12 min 305 yoluxma qeydə alınıb:

“Bu vəziyyət bir neçə ay davam edə bilər. İndiyədək yoluxanların təxminən 13 faizi xəstəxanalara yerləşdirlib. 621 pasient reanimasiyadadır. 157 xəstə vəfat edib. Heç kəs deyə bilməz ki, bu, dörd ay, altı ay, səkkiz ay və ya doqquz ay davam edəcək. “Bir neçə ay” deyə bilərik. Biz artıq bu yeni səviyyəni qəbul etməliyik. Bu reallıq dəyişməyəcək. Belə olmayacaq ki, siz sabah səhər xəbərlərə baxanda problemin iki həftənin ərzində həll olunduğunu eşidib sevinəsiniz”.

Andrew Cuomo
Andrew Cuomo

Cuomo-nun təxminlərinə görə, ştatın 19, 4 milyonluq əhalisinin 80 faizi koronavirusa yoluxacaq.

Keçən həftə Cuomo demişdi ki, bəlkə də ştat sakinləri arasında COVID-19 virusuna yoluxduğundan xəbərsiz olan “on minlərlə” adam var:

“Çox adam virusa yoluxacaq, amma az sayda adam həqiqətən də təhlükəyə məruz qalacaq”.

Martın 22-də Cuomo demişdi ki, ştatda 15 min 168 yoluxma qeydə alınıb. Qubernator bu məlumatı verəndə sözü gedən rəqəm Fransa və ya Cənubi Koreyada olduğundan çox idi.

Nyu York ştatında yoluxma statistikasının yüksələcəyi gözlənilir, çünki burada əhalinin analizlərinə başlanıb.

Cuomo deyib ki, Nyu York üzrə 78 min 289 nəfərdən COVID-19 üçün analiz götürülüb.

Hazırda burada günə 16 min nəfər test edilir.

Cuomo narahat olduğunu bildirib ki, ABŞ xəstəxanaları tutumlarının maksimum həddinə çata və ölkədə xəstəxana çarpayılarının çatışmazlığı yarana bilər.

Ölkə boyunca xəstəxanalarda qoruyucu ləvazimatın çatışmadığı bildirilir.

Cuomo bildirib ki, xoşbəxtlikdən həkimlər və şəfqət bacıları üçün əlavə qoruyucu geyimlər əldə olunub. Xəstəxanalara minlərlə cərrah maskaları, N95 maskaları, əlcəklər və xalatlar göndərilib.

Qubernator deyib ki, o xəstəxanaların öz tutumunu 100 faiz artırmasını istərdi, amma bu ağlabatan deyil:

“İndi xəstəxanalara “tutumunuzu ikiqat artırın” demək qeyri-realdır, onlar tutumu azı 50 faiz artırmalıdırlar”.

Martın 20-də Cuomo qeyri-zəruri biznesləri öz işçilərinin 100 faizinin evlərində qalmasını təmin etməyə çağırmışdı.

Cuomo federal hökumətdən tibbi avadanlığın satın alınmasının dövlətin nəzarətinə verilməsini xahiş edib.

Nyu York ştatında müvəqqəti xəstəxanaların salınması üçün yerlər ayrılıb.

Ümumilikdə ABŞ üzrə indiyədək 35 min 200 yoluxma, 471 ölüm qeydə alınıb.

XS
SM
MD
LG