Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:42

'Nəzarətçinin yanında maskanı taxırlar, vaqona daxil olan kimi çıxarırlar'


Bakıda avtobuslarda maska taxmayanlar kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Bakıda avtobuslarda maska taxmayanlar kimlərdir?

Azərbaycanda koronavirusun aşkarlandığı vaxtdan (2020-ci il fevral ayının 28-dən) bu yana, dünən, mayın 28-də ən çox bu virusa yoluxma halı qeydə alınıb - 191 nəfər. Halbuki, bir müddət əvvəl ölkə daxilində yoluxmada düşüş müşahidə edilirdi. Təzədən bu artış nəyin göstəricisidir?

Artıq Azərbaycanın qonşusu Gürcüstanda isə bu virus təhlükəsinin geridə qaldığı, yoluxmanın minimuma düşdüyü bildirilir. Amma başqa bir qonşu - Ermənistanda vəziyyətin daha da ağırlaşmaqda olduğu açıqlanıb. Bəs regionda bu ziddiyyətli vəziyyət nəyin göstəricisidir? Hər iki ölkənin (Azərbaycan və Ermənistan) İranla sərhəd olmasının bu məsələdə xüsusi təsiri varmı? (Virus hər üç ölkədən əvvəl İranda aşkarlanıb. Rəsmi açıqlamaya görə, bu ölkədə indiyə kimi bu virusa yoluxanlardan 7 min 600-dən çox şəxs vəfat edib).

Doktor Vasif İsmayıl AzadlıqRadiosuna deyib ki, ölkədə bir gün ərzində 191 nəfərin koronavirus infeksiyasına yoluxması "yeni təsbit edilmiş insanlar" deməkdir və təlaşa səbəb olmamalıdır.

"Amma hökumət açıqlamır ki,..."

Onun fikrincə, riskli qruplar daha çox test edildikcə, o qədər də belə hallar üzə çox çıxacaq: "Amma hökumət açıqlamır ki, yoluxmuş insanlar haradadır? Gəncədə birdən 15 nəfərin yoluxması üzə çıxdı. Bu, bir yas məclisində baş vermişdi. Yoluxma ocağı təsbit olundu, karantinə alındı. Belə hallar Gəncədə, Lənkəranda, Kürdəmirdə də aşkarlandı".

V.İsmayıl
V.İsmayıl

V.İsmayıl hesab edir ki, yoluxma sayından qorxmaq lazım deyil və bunu Rusiyadan, Ukraynadan gətirilən Azərbaycan vətəndaşlarının xəstə olması ilə əlaqələndirmək də doğru deyil:

"Daha çox bu, daxili yoluxmadır"

"Rusiyadan 131 nəfər iki gündür ki, gətiriliblər, hələ testlərinin cavabları bugün (mayın 29-u-red) məlum olacaq. Fikrimcə, bu, müəyyən ocaqlarda baş verən lokal partlayışlardır. Daha çox bu, daxili yoluxmadır, qorxulu səviyyədə də deyil".

V.İsmayılın fikrincə, mövcud vəziyyət 3 ay öncəkindən fərqlənir: "Əgər üç ay öncə bu insanların qəbulunda, müalicəsində çətinlik var idisə, indi yoxdur. Həm də bu virusu sonuna kimi söndürə bilməyəcəyik. Bu virus öz bildiyi kimi sönəcək. Hər kəsdə bu virusa qarşı immunitet formalaşmalıdır".

V.İsmayıla görə, Gürcüstanda vəziyyətin yüngülləşməsi müvəqqəti də ola bilər.

"Həlledici təsir vətəndaş məsuliyyətsizliyidir"

Azərbaycan Tibb Universitetinin professoru, ölkənin baş infeksionisti Cəlal İsayev isə yoluxmanı daha çox vətəndaş məsuliyyətsizliyi ilə əlaqələndirir. O, "Turan" agentliyinə açıqlamasında deyib ki, xarici ölkələrdən gətirilən vətəndaşlarda bu virusa yoluxma aşkarlanır, amma bu, həlledici təsir deyil:

C.İsayev
C.İsayev


"Həlledici təsir vətəndaş məsuliyyətsizliyidir. Bir müddət öncə Ukraynadan Azərbaycan vətəndaşları ölkəyə gətirildi, 29 nəfərdə virus aşkar edildi".

Onun fikrincə, yoluxmanın yayılmasının əsas səbəbi vətəndaşların aidiyyəti qurumların verdikləri tövsiyələrə tam əməl etməmələri, onlara barmaqarası baxmalarıdır: "İnsanların toplaşdıqları qapalı və açıq məkanlarda, ictimai nəqliyyatda sosial məsafə gözlənilmədikdə, şəxsi gigiyena qaydalarına əməl etmədikdə yoluxma ehtimalı daha çox artır. Bu məsələlərə çox biganəyik. Metroya daxil olurlar, nəzarətçinin yanında maskanı taxırlar, vaqona daxil olan kimi çıxarırlar".

C.İsayev hesab edir ki, belə laqeyd münasibət, səhlənkarlıq yoluxmaları artırır: "Təkcə Bakıda yox, rayonlarda da yoluxma artır, bu isə Operativ qərargahın verdiyi tövsiyələrə əməl etməməyin göstəricisidir".

Baş infeksionistə görə, aprelin 27-də xüsusi karantin rejiminin ilk yumşalmasından sonra yoluxmalar artır, insanlar sanki pandemiyanın başa çatdığı təsəvvürü ilə davranırlar.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan artıq 362 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Hazırkı dövrədək Azərbaycanda isə 4 min 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 56 nəfərin vəfat etdiyi açıqlanıb.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb). Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi elan edilib. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər. Karantin mayın 4-nə, sonra da həmin ayın 31-nə kimi uzadılıb. Amma əvvəlcə aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən də yumşalma və fəaliyyətinə icazə verilən sahələr genişlənib. Həmin tarixdən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin başqa yerlərində yaşayış yerini SMS icazəsi ilə tərk etmək qaydası götürülüb.

Mayın 18-dən isə həmin qayda Bakı və başqa qalan yerlərdən də götürülüb, yumşalmalar genişlənib.

XS
SM
MD
LG