Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:50

Ohanyan ordunu Azərbaycan kəndlərindən çıxmaq əmrinə itaət etməməyə çağırır


Ermənistanın keçmiş müdafiə naziri və “Hayastan” müxalifət fraksiyasının lideri Seyran Ohanyan
Ermənistanın keçmiş müdafiə naziri və “Hayastan” müxalifət fraksiyasının lideri Seyran Ohanyan

Ermənistanın keçmiş müdafiə naziri və “Hayastan” müxalifət fraksiyasının lideri Seyran Ohanyan Ermənistan hərbçilərini baş nazir Nikol Paşinyanın qoşunların Azərbaycanın tələb etdiyi ərazilərdən çıxarılmasına dair əmrlərinə itaət etməməyə çağırıb.

Ohanyanın sözlərinə görə Paşinyanın kəndləri birtərəfli qaydada Bakıya qaytarmaq planı qanunsuzdur, çünki Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üçün qarşılıqlı qəbul olunmuş mexanizm hələ yoxdur.

Paşinyan nə demişdi?

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Paşinyan bu kəndlərin Azərbaycana qaytarılması zərurətini bu həftə həmsərhəd Tavuş mərzinə səfər edərkən yerli sakinlərə izah edib.

O bildirib ki, Aşağı Əskipara, Xeyrimli, Bağanis Ayrım və Qızılhacılı kəndləri rəsmən Azərbaycana aiddir, amma 1991-1992-ci illərdə Ermənistan ordusu tərəfindən tutulub.

Paşinyan yerli sakinlərlərlə görüşündə deyib ki, bu kəndlər daha bir müharibənin olmaması üçün Azərbaycana verilməlidir.

O bunu da etiraf edib ki, Bakı qaytarılacaq kəndlərin müqabilində Ermənistanın Tavuş bölgəsində 1990-cı illərdən bəri onun nəzarətində olan hər hansı ərazisini qaytaracağına dair öhdəlik götürməyib.

Azərbaycan-Ermənistan sərhədinin Tavuş-Qazax sektoru
Azərbaycan-Ermənistan sərhədinin Tavuş-Qazax sektoru

Ohanyan nə deyir?

Ohanyan bu münasibətlə keçirdiyi mətbuat konfransında deyib:

“Bu Ermənistan xalqına qarşı xəyanətkar davranış deyilmi? Əgər o bu prosesi başladarsa, yəqin ki, buna qarşı hüquqi addımlar atılmalı olacaq. Məncə bu prosesdə iştirak edən şəxslər məsuliyyət daşımalıdırlar. İkincisi mən düşünürəm ki, Ermənistanın həmsərhəd bölgələrində və elə ordunun özündə bu qanunsuz prosesi rədd edəcək savadlı adamlar var. Bu qanunsuz prosesi rədd etmək hər bir adamın hüquqdur. Bura hərbi heyət də daxildir. Ordu bizim ölkəmizi müdafiə edən nizamı strukturdur. Mən demirəm ki, ordu müdafiə funksiyasını yerinə yetirməsin. Deyirəm ki, qanunsuz əmrlərə tabe olmasın”.

General Seyran Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub. O vəzifəsindən 2016-cı ildə, 4 günlük aprel döyüşlərindən sonra azad edilib.

Son 30 ildə qurulmuş fortifikasiyalar

Ermənsitanın keçmiş prezidenti Robert Koçaryana bağlı “Hayastan” fraksiyası və Ermənistan parlamentində təmsil olunmuş başqa müxalifətçilər xəbərdarlıq edirlər ki, ərazi güzəştləri təkcə Tavuş mərzinin sakinləri üçün deyil, həm də bütün ölkə üçün ağır nəticələrə səbəb ola bilər.

Ohanyan bunu da əlavə edib ki, sərhədyanı ərazilərin Azərbaycana verilməsi Ermənistan ordusunun Tavuş bölgəsində son 30 ildə qurulmuş müdafiə fortifikasiyalarının tamlığını poza bilər.

Azatutyun yazır ki, Azərbaycanın tələb etdiyi və hazırda xarabalığa çevrilmiş dörd kənd Ermənistanla Gürcüstan arasındakı iki əsas yoldan birinin üzərində yerləşir. Bundan başqa Rusiya qazını Ermənistana nəql edən kəmər də buradan keçir.

Paşinyan demişdi ki, bu kommunikasiyalar yenidən qurulmalı və Ermənistanın öz ərazisinə köçürülməlidir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

Onlar qanunsuz silahlı birləşmələr yaratmaq və başqa ağır əməllərdə ittiham edilirlər.

Amma tutulduqdan sonra onlardan, hələlik, bu ittihamlara ayrılıqda münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG