Builki Qış Olimpiadasının təşkilatçıları İran və Şimali Koreyadan olan idmançılara başqa komandaların üzvlərindən fərqli olaraq pulsuz smartfonların verilməməsinə dair qərarını dəyişib.
Reuters agentliyinin verdiyi xəbərə görə Beynəlxalq Olimpiya Komitəsi (BOK) fevralın 8-də bəyan edib ki, “pulsuz smartfonlar bütün ölkələrin bütün olimpiyaçılarına” təqdim ediləcək.
BOK-un sözçüsü deyib ki, bu smartfonlarda yarışlara dair mühüm informasiyalar yerləşdirilib.
BOK-un bu bəyanatından əvvəl İranın Xarici İşlər Nazirliyi, İran və Şimali Koreya idmançılarına Samsung şirkətinin məxsusi “Olimpiya buraxılışından” olan 4000 smartfondan verilməyəcəyinə dair qərarla əlaqədar Cənubi Koreyanın Tehrandakı səfirini izahat üçün dəvət etmişdi. Samsung şirkəti və Cənubi Koreya hökuməti bu qərarı Tehran və Pxenyanın BMT sanksiyaları altında olması ilə izah edirdi.
İranın Milli Olimpiya Komitəsi Samsung şirkətinə göndərdiyi iki məktubda bununla əlaqədar İran idmançılarından rəsmi üzr istənməsini tələb edirdi.
İrandan yayılan bəzi xəbərlərdə deyilirdi ki, ölkənin xarici işlər naziri Mohammad Javad Zarif İran idmançılarına qarşı bu qərar dəyişdirilməzsə, özünün Samsung telefonundan istifadəyə son qoyacağı ilə hədələmişdi.
Pxençan Olimpiadasının təşkilatçıları iranlılara və Şimali koreyalılara 1100 dollarlıq telefonların verilməməsi qərarını BMT sanksiyaları ilə əlqələndirirdi. Lakin bu qərarın Samsung və ya Olimpiya rəsmiləri tərəfindən dəyişdirildiyinə dair məlumat verilmir.
İrana qarşı bir çox BMT sanksiyaları 2015-ci ilin nüvə sazişi ilə qaldırılsa da, Şimali Koreyanın üzərindəki sanksiyalar qalmaqda davam edir.